Məhərrəmova
T.
Mən indi keçmişə baxmıram
Elnarə Heydərova, aktrisa: "Sevəndə çox
əsəbi, həyəcanlı oluram"
İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində oynanılan əksər tamaşalarda onu görmək mümkündür. Həmişə də baş rolda. Elnarə Heydərova bunu təsadüfi hesab eləmir. Səhnəyə bağlılığı, zəhmtkeşliyi, sənətə sevgisi və ən əsası, istedadı ilə bağlayır. Aktrisa yeni teatr mövsümünə də optimist baxır. Yeni
premyeralar,
çoxlu tamaşaçı, illərdən bəri
çözülməyən bina problemlərinin həll olunması
ümidi ilə...
- Siz hələ tələbə ikən "Muskomediya"nın səhnəsində
çalışmısınız. Maraqlıdır, auditoriyadan ayrılmayan tələbə qız peşəkar
səhnəyə necə yol
tapmışdı?
- Üçüncü
kursda oxuyanda Musiqili Komediya Teatrına dəvət aldım. O teatr mənə
çox şey öyrətdi. Əlbəttə, tələbə qız üçün peşəkar səhnəyə çıxmaq
çətin idi.
Hacıbaba müəllim mənim teatra aktrisa kimi işə götürülməyim
üçün təklif irəli sürdü. Ancaq fikirləşdim ki, birdən-birə bu cür sənətkarlarla səhnəyə
çıxmaq mənim
üçün çətin olar. Ona görə
də xor artisti kimi çıxış etmək istədim. Bir neçə dəfə də böyük rollar oynamağa təklif aldım. Ancaq şəxsi həyatımda problemlər olduğundan səhnəyə aktrisa kimi çıxmaq istəmədim. Sonra bir müddət sənətdən uzaqlaşdım. Yenidən peşəkar səhnəyə qayıdışım isə İrəvan Teatrının səhnəsində gerçəkləşdi. Bu teatrda mənə sınaq
üçün baş
rollar təklif olundu və sınaqdan uğurlu çıxdım. Sonradan mənə baş rollar həvalə olundu. Düzdür, bu teatrda oynadığım kiçik obrazlar da olub. Mənim
üçün rolun böyük və kiçikliyinin fərqi yoxdur. Əsas odur ki, aktrisa oynadığı obrazla nəsə
göstərə bilsin.
"Muskomediya"da işləyə-işləyə Kukla Teatrına dəvət aldım. O teatrda bir çox tamaşada baş rollar oynadım. Mənim də oynadığım "Cik-cik
xanım" tamaşasına görə Ələkbər
əmi "Qızıl dərviş" mükafatına
layiq görüldü. Paralel olaraq 6 il
də Kukla Teatrında çalışdım. Bilirsinizmi,
uşaqlar qarşısına çıxmaq ikiqat
məsuliyyət və şərəfdir. Ən
azı böyük tamaşaçı hər şeyi
anlayır, başa düşür. Uşaq
isə bir də görürsən ki, zaldan sual verir. Onlara nəyisə başa salmaq peşəkarlıq
tələb edir. Ancaq Kukla teatrında
işləməyin öz çətinlikləri də var. O
teatrda bronxlarımla bağlı problemlər yarandı. Ondan sonra uzun müddət müalicə almalı
oldum. Nəticədə həmin teatrdan
çıxdım. Sonra işləmək
üçün İrəvan Teatrına gəldim.
İki il bundan əvvəl isə Musiqili
Komediya Teatrından uzaqlaşdım.
-
Bəs nə üçün bu gün də heç bir
şəraiti və binası olmayan İrəvan Teatrına
üstünlük verdiniz?
- Bu kollektivdə daha
çox mehribançılıq gördüm. Düzdür,
mehribançılıq o kollektivlərdə də vardı.
Bildiyiniz kimi, bu teatrda baş reyissor yoxdur.
Burada ən maraqlı iş strukturu budur. Biz
yalnız dəvətli reyissorlarla işləyirik.
Mərahim Fərzəlibəyov, Firudin Məhərrəmov,
Vaqif Həsrətov, Ələkbər Kazımovski, Loğman
Kərimov, Gümrah Ömər kimi reyissorlarla
işləmişik. Başqa teatrlardan fərq
ondadır ki, bir neçə reyissorla işləyib
hərədən bir şey götürürsən. Bəzən dörd tamaşanın məşqini
birdən edirik. Bu, aktyorların
içindən gələn istəkdir. Biz
tez-tez qastrol səfərlərinə gedirik. Bu teatrda
işlərim çox və iş strukturu fərqli olduğu
üçün burada işləməyə
üstünlük verdim.
-
Gəlin, reallıqdan danışaq. Yəqin ki,
hər bir gənc aktrisa səhnəyə üz tutanda
özünün xəyallar dünyası olur. Bu teatra
gələndə içinizdə oynamaq istəyi olsa da,
gözəl bina, komfort iş şəraiti ilə rastlaşmadınız.
Onda özünüzü necə hiss etdiniz?
- Mən həmişə
fikirləşirəm ki, hər hansı böyük
teatrın 7-8-ci dərəcəli aktrisası olmaqdansa,
İrəvan Teatrının birinci dərəcəli aktrisası
olmaq mənim üçün daha önəmlidir. Başqa teatrlarda rol almaq üçün aktrisalar illərlə
gözləyir. Bizdə bu problem
yaşanmır. Bizim üçün
səhnə səhnədir. Aktrisa
üçün hansısa teatrın səhnəsinə
çıxmaq fərq eləməz. Əsas
içindəki oynamaq hissidir. Bu teatrda
çalışdığım altı il
müddətində 20-dən artıq premyera oynamışam. Elçinin "Poçt şöbəsində
xəyal" tamaşasına şəxsən müəllif
özü gəlmişdi. Tamaşaya baxandan sonra:
"Mən bu aktrisanı tanımıram, görünür
ki, tanımalıymışam. Fəxr edirəm
ki, Azərbaycan səhnəsində belə istedadlı
gənclər var. Bir neçə teatrın
səhnəsində bu tamaşaya baxmışam. Ancaq bu tamaşa tamam fərqlidir. Mən tamaşaya baxa-baxa Ədiləni necə
yazmışdımsa, onu da səhnədə gördüm.
Mənə elə gəldi ki, obrazı yazanda bu
aktrisa məhz mənim dövrümdə yaşayıb və
demişəm ki, Ədiləni bu cür
görürəm". Çox nadir
hallarda olur ki, müəllif yazdığı qəhrəmanını
eynilə obrazda görür. Elçin
müəllim bunu görübsə, bu bir aktrisa kimi mənim
xoşbəxtliyimdir.
- Bayaq
dediniz ki, arada bir müddət teatrdan
uzaqlaşmısınız. Bu fasilə nə
ilə bağlı idi?
- O müddət bir az uzun idi. Ancaq mən
səhnədən tam uzaqlaşmamışdım, "
-
Səhnədə olduğunuz müddətdə
özünüz üçün nə kəşf
elədiniz: aktrisalıq yaxşı peşədir?
- Aktrisalıq yaxşı,
şərəfli və məsuliyyətli peşədir. Ancaq bir o qədər də çətindir. Qastrollarda uzun müddət olduğumdan
valideynlərimi görmürəm. Bunun
səbəbi teatrımızın yaxşı şəraitinin
olmaması ilə bağlıdır. Yubiley
ərəfəsində Azərbaycanın
bölgələrində hesabat qastrolu keçiririk. Bu səfərlərdə olduğumuzdan
ailədən uzaq oluruq. Bu, qadın
üçün çox çətindir və ailədə
böyük problemlər yaradr. Çünki
qadın ailəyə sıx bağlanmalıdır. Ailə quranda da gərək elə bir insanla
evlənəsən ki, o sənin sənətini başa
düşsün.
- Kinoya
çəkilməyin necə,
marağındasınızmı? Dəvətlər
olurmu?
-
İncəsənət Gimnaziyasında təhsil alanda
"Hökm" adlı filmdə kütləvi
səhnəyə çəkildim. İnstitutda
oxuyanda isə sənədli filmə
çəkilmişəm. Bir dəfə
də Vaqif Mustafayevin filminə dəvət aldım. Ancaq həmin gün premyeram olduğu
üçün çəkilişə gedə bilmədim.
Ondan sonra kinoya dəvət almamışam.
Mənə elə gəlir ki, kino hər kəs
üçün maraqlıdır.
-
Oynadığınız obrazların çoxu sevgi qəhrəmanlarıdır.
Fərqli rollar olsalar da, onları
birləşdirən bir sevgi xətti var. Bəs bu hissi
tamaşaçılara çatdırmaq üçün
aktrisadan nə tələb olunur? Ümumiyyətlə,
bu hiss sizə yaxındırmı?
- Mən nə vaxtsa
sevmişəm, ancaq insan hər yaş dövründə
sevməlidir. Mənim fikrimcə, nə
qədər ki, insan yaşayır, o qədər sevgiyə
ehtiyacı var. Sevgi olmayanda insanın həyatı maraqsız
olur. Çalışırıq ki,
kimisə sevə bilməyəndə heç olmasa
təbiətdən zövq alaq və ya valideynlərimizi
sevək. Sevgi ilə bağlı insanın
həyatında müəyyən boşluq ola
bilər. İndi həyatımda sevdiyim insan
yoxdur. Ancaq heç kəsi
sevmədiyimə görə çox sakitəm. Sevəndə çox əsəbi,
həyəcanlı oluram. Çünki
özümdən çox o insanı
düşünürəm.
-
Uğursuz sevgidən içinizdə nə qalıb?
Ümidsizlik, insanlara inamsızlıq...
- Yox, ümidsizlik
deməzdim... Bu, həyatdır. Fikirləşirəm ki, tale, alın yazısı
deyilən bir şey var. Nəyə görə o sevgiyə
uğursuz kimi baxmalıyam. Mən
həyata daha real baxıram. Sevdiyim
günlər həyatımın ən gözəl anları
idi. Ancaq indi o, mənimçün
keçmişdə qalıb. Mən indi
keçmişə baxmıram. İnsan
irəliləmək üçün gələcəyə
baxmalıdır. İnsan
keçmişə baxanda geriləyər. "Keçən
günlərimi qaytaraydılar, gələn günlərimi
qurban verərdim" sözləri ilə
razılaşmıram. Nə qədər
yaşayırıqsa, o qədər həyatımızda,
sənətimizdə yeniliklər olmalı, hər şey
dəyişməlidir. Əgər nə
isə reallaşmayıbsa, onunla barışmaq
lazımdır. Kimisə özünə
düşmən hesab eləmək də düzgün deyil.
Ola bilsin ki, o da mənim kimi əzab
çəkir. Sadəcə, qismət beləymiş...
-
Bəs aktrisaların həyatını necə, xoşbəxt
hesab edirsinizmi?
- Bəlkə də
kimsə özünü xoşbəxt sayır, kimsə yox. Ancaq deməzdim ki, mən xoşbəxt deyiləm.
Sevimli valideynlərim, gözəl
sənətim, Allah tərəfindən mənə azacıq
da olsa verilən istedadım, yaxşı
rəfiqələrim, dostlarım var. Ona görə də özümü
xoşbəxt insan hiss edirəm. Hər
zaman ailə qurmaq olar. Ancaq onun uğurlu
alınıb-alınmamaq məsələsi var. Əgər
istəsəm, günü sabah ailə qura
bilərəm. Ailənin təməli
möhkəm olmalıdır. İnsan
çalışmalıdır ki, həyatda səhv
etməsin. Çünki dünyaya
gələcək körpənin heç bir təqsiri yoxdur.
Biz hər yaş dövründə öz
hisslərimizi cilovlamağı bacarmalıyıq.
-
Hər premyeradan sonra nə fikirləşirsiniz - bayram
qurtardı?
- Tamaşalar uğurlu
alınandan, alqışları eşidəndən sonra
bəzən olub ki, təkliyə çəkilib
ağlamağa başlamışam. Bunun
səbəbini də bilməmişəm. Sonradan
rəfiqələrimdən biri hansısa əcnəbi bir
müğənninin həyatından misal gətirərək
dedi ki, o, dünya miqyaslı konsertindən
sonra bir ay özünə qapanaraq evdən
çıxmayıb. Mətbuat
nümayəndələri konsertdən sonra ondan müsahibə
almaq üçün bir ay qapısında gözləməli
olublar. Yəni bu, hər kəsin
həyatında olur. Aktrisaların da
özünəməxsus problemləri var.
- Tam
təminatlı aktrisaların həyatı sizdə heç
bir həsəd doğurmur?
- Mən özümü
heç kəslə müqayisə eləmirəm. Kimsə bu sənətə reklam üçün,
kimsə bu sənəti yaşatmaq üçün gəlir.
Təbii ki, hamı yaxşı
şəraitdə yaşamaq, maşını, yaxşı
şəraitli evi olmasını istər. Ancaq
bu da bir qismətdir. Hər kəs
həyatda öz yolunu tapır.
-
Özünüz üçün
müəyyənləşdirmisinizmi: həyat
arzularınız, yoxsa səhnə arzularınız daha
çoxdur?
- Hər ikisi... İnsan nə qədər yaşayırsa, arzular
bitib-tükənmir. Bir arzuna
çatırsansa, digəri yaranır. Rollarla
bağlı heç bir arzum yoxdur. Teatrda
əksər tamaşalarda rolum var. Sağ olsun reyissorlar ki,
məni rol həsrətində qoymayıblar. Təbii ki, şəxsi arzularım da var. Yenə
hər şeyi alın yazısına, qismətə
bağlayıram.
Kaspi.- 2008.- 14 avqust.- S. 11.