Məhərrəmova T.

 

Bu sənətdə emosiyalarıma yer var

 

Fərid Əliyev, vokalist: "Müasir tamaşalar aktyorun zövqünü korlaya bilər"

 

Ötən teatr mövsümünün sonunda Musiqili Komediya Teatrı dahi bəstəkar Üzeyir bəyin "O olmasın, bu olsun" operettası əsasında hazırlanan eyniadlı komediyanın premyerasını keçirdi. 10 ildən sonra yenidən və yeni quruluşda səhnəyə qayıdan komediyada Sərvər rolunun ifaçısı Fərid Əliyev obrazı duyma və ifası baxımından tamaşaçıların yaddaşında daha çox qaldı.

Aktyor uğurunun səbəbini obraza yaxından bələd olması ilə əlaqələndirir:

 

- Dahi Üzeyir Hacıbyovun əsəri əsasında hazırlanan eyniadlı tamaşada artıq üçüncü dəfədir ki, oynayıram. Musiqili Komediya Teatrında rəhmətlik Hacıbaba Bağırovun sağlığında səhnələşdirilən komediyada oynamışdım. Opera Teatrında da səhnələşdirilən "O olmasın, bu olsun"da oynamışam. 10 ildən sonra yenidən əsəri Musiqili Komediya Teatrında Cənnət Səlimova səhnələşdirdi. Ona görə də bu obraz mənə yad deyildi. Ancaq birinci quruluşda ilk addım olduğu üçün mənə film təəssüratları bağışlayırdı. Daha çox filmdən istifadə edirdim. Ancaq o stereotipdən çıxmağa çalışırdım. Reyissor Hafiz Quliyev əsəri Opera Teatrında səhnələşdirəndə orada yenilikdən qorxurdular. Mən isə istəyirdim ki, filmdəki ilə oxşarlıq olmasın. Deyərdim ki, "Muskomediya"da gənc reyissor Elvin Mirzəyevin "Arşın mal alan"ı səhnələşdirməsi məni o stereotipdən qurtardı.

- Sonuncu quruluşda müasir zamanla səsləşən yeniliklər vardı. Bu, heç şübhəsiz reyissorun yozumundan irəli gəlirdi. Siz bunu təzəliklə köhnəliyin vəhdəti adlandırırsınız?

- Orada təzəlik olsa da, teatr üçün yeni bir şey yox idi. Köhnə tryuklardan istifadə olunmuşdu. Sadəcə, bu tryuklar camaatın yaddaşından çıxıb.

- Gələn mövsümdə premyerası keçiriləcək "Arşın mal alan"da da sizə rol verilib?

- Bu tamaşada Əsgərin partiyasını ifa edəcəyəm. Qeyd edim ki, bu cür tamaşalarda oynamaq aktyoru təkmilləşdirir. Hesab edirəm ki, aktyor gərək klassik əsərlərdən başlasın. Müasir tamaşalar onun zövqünü korlaya bilər. Mən vokalist kimi də belə düşünürəm. Gərək aktyor klassik kodlarla tərbiyələnsin. Bəxtim ona gətirdi ki, mən teatra gələndə klassik operettada oynadım. Ona görə də müasir tamaşalar tapşırılanda mənə çətin olmadı.

- Vokalist kimi karyeranız haqqında nə fikirləşirsiniz?

- Teatrda işim çox olduğundan solo fəaliyyətim bir qədər kənarda qalıb. Vaxt tapanda bir mahnı yazdırıram. Keçən il Almaniyada keçirilən musiqi festivalında iştirak etdim. Orada mahnı və duet oxudum. Ancaq təəssüf ki, bu il yol pulu olmadığından həmin festivalda iştirak edə bilmədim.

- Opera Teatrında hansı tamaşada oynayacaqsınız?

- Gələn mövsümdə "Sevilya bərbəri" operasında baş qəhrəmanı oynayacağam. Bu obrazı səbirsizliklə gözləyirəm.

- Hal-hazırda iş yeriniz haradır?

- İş yerim çoxdur. Musiqili Komediya və Opera və Balet teatrlarının solistiyəm. Opera Studiyasında da solist kimi çalışıram. Musiqili Komediya Teatrında artıq 8 ildir işləyirəm. İlk addımlarımı da o teatrın səhnəsində atmışam. İlk dəfə orada Rauf Hacıyevin yubileyi üçün hazırlanan "Romeo mənim qonşumdur" operettasında oynamışam. Eyni zamanda, səs imkanlarımdan istifadə edərək Opera Teatrında da çalışıram.

- Vokal səs çoxlarında ola bilər, ancaq aktyorluqla bu səsin vəhdəti hər adamda olmur.

- Çox şadam ki, Opera və Balet Teatrında səhnəyə çıxıram. Burada səs oyunu tamamlamalıdır. Birisi alınmayanda, falş əmələ gəlir. Teatrın rus bölməsində çalışan aktyorlar mənə çox kömək etdilər. Əslində, mən İncəsənət İnstitutunu rəssam kimi qurtarmışam, özüm də rəssamlar ailəsində doğulmuşam. Babam Baba Əliyev Xalq rəssamı olub. Valideynlərim də rəssamdır. Rəssamlığı qurtarmaqla bərabər, Şən və Hazırcavablar Klubunda iştirak edirdim. Orda səsimin olduğunu başa düşdüm və meyilimi Konservatoriyaya saldım. Bəxtim onda gətirdi ki, III kursda Gülcahan Əhmədova-Martınovanın kursuna düşdüm. Gülcahan xanımın mənə öyrətdikləri ömrümün axırına qədər bəsimdir. Çünki onun dərslərindən çıxandan sonra özünü bir pillə də yuxarıda hiss edirsən. O mənim səhnə mədəniyyəti müəllimim olub. Əsas pedaqoqum isə Opera və Balet Teatrının reyissoru Hüseyn Əliyevdir. Hüseyn müəllim mənə vokalda çox şey öyrədib. O, hər şeydən əvvəl mənə vokalla aktyorluğun bir-birini tamamlama dərsini başa saldı.

- Bütün həvəsinizi musiqi ilə bağlayandan sonra rəssamlığı yadırğamamısınız ki?

- Təəssüflənirəm ki, rəssamlığa heç vaxtım qalmır. Bu sənəti çox sevmişəm, müəyyən vaxtlarda məşğul da olmuşam. Ancaq xırda bir işlə oturub məşğul olmaq xarakterimə yaddır. Emosiyalarım çox olduğu üçün daim hərəkətdə olmalıyam. Bu sənətdə isə emosiyalarıma yer var.

- Bu gün bizdə vokal səs imkanlarını genişləndirmək və beynəlxalq səhnədə göstərmək üçün şərait varmı?

- Təəssüflə bildirirəm ki, bu sənət o qədər də təbliğ olunmur. Lazımi qədər qiymət də verilmir. Bizim böyük sənətkarlarımız olub. Onların ifalarına baxmaq üçün çoxlu tamaşaçı gəlib. Hazırda isə publika azalıb. İndi bəzən tamaşaya gələn cavanlar özlərini necə aparmağı bacarmırlar. Onlar bu mədəniyyəti itiriblər. Düzdür, hər tamaşamıza gəlib maraq göstərən publikamız da var. Bu sənət sözün həqiqi mənasında incə sənətdir. Məşhur vokalçı Benyamin Culi yurnalistlərin "Nə vaxt oxumağı öyrənmisiniz?" sualına "Hələ başlamamışam" - deyə cavab verib. O, bu sözü söyləyəndə sənətinin zirvəsində idi. Bu elə sənətdir ki, gərək bütövlüklə özünü buna həsr edəsən. Mən özümü rəssamlığa həsr etsəm, burda itirəcəyəm. Səs çox zərif şeydir, hər an onu qorumalı, qayğısına qalmalısan. Bu sənətdə biz maddi cəhətdən də çətinlik çəkirik. Məcbur olub "xaltura"ya qaçırsan. "Xaltura" da sonradan sənətimizə təsir edir.

- Son illər dünyada vokalçıların bir sıra nüfuzlu müsabiqələri keçirilir. Məsələn, Kabalyenin adını daşıyan müsabiqədə vokalçılarımız iştirak etsələr də, elə bir nəticə əldə olunmadı. Nə üçün səsiniz beynəlxalq səhnədən yaxşı eşidilmir?

- Bizim gənc vokalçılar təkcə bir müsabiqədə iştirak etməməlidirlər. Bir neçə müsabiqəyə sənəd göndərmək lazımdır ki, heç olmasa birində nəsə qazana biləsən. Bu, artıq təcrübədir. Təbii ki, səhnədə ustalıq göstərmək ilk dəfədən yaranmır.

- Sizcə gənc vokalçılar üçün dünyaya bu pəncərəni kim açmalıdır? Özünüz, çalışdığınız teatr, yoxsa Mədəniyyət və Turizm Nazirliyi?

- Bu pəncərəni ilk növbədə özümüz açmalıyıq. İkinci növbədə bizə sponsorluq lazımdır. Məsələn, mənim Avropaya çıxmaq imkanım yoxdur. Orda hər hansı müsabiqədə iştirak etmək üçün pul lazımdır. Bir neçə il bundan qabaq Çelyabinskdə keçirilən Qlinka adına müsabiqədə iştirak etmək üçün sənədlərimi göndərmişdim. Dəvət də gəldi. Ancaq həmin müsabiqədə iştirak edə bilmədim. Sponsor tapılmadı. Bizim publikada da günah var. Bu sənəti təbliğ etmək lazımdır ki, sponsorların diqqətini cəlb etsin. Bu sənəti dünyaya çıxarmaq üçün ona mütləq diqqət göstərmək lazımdır.

Bizim çox istedadlı gənclərimiz var. Bəzən eləsi olur ki, ağzını açan kimi hazır səs olduğunu görürsən. Ancaq bu sənətdə qazanc olmadığı üçün çıxıb gedirlər. Onlar da haqlıdır. Gecə-gündüz işləyirsən, baxıb görürsən ki, ortada heç nə yoxdur. Dözənlər də özlərində olan entuziazma görə dayanırlar. Babam həmişə özünün kitablarında yazırdı ki, incəsənətlə məşğul olmaq iynə ilə gor qazmaq kimi bir işdir. O zaman mən bu sözləri başa düşmürdüm, yalnız indi mənasını dərk edirəm.

- Çalışdığınız Opera və Balet Teatrında nəsillərin əvəzlənməsi prosesi necə gedir?

- Son illər teatra çoxlu gəncin gəldiyini görürəm. Elə bir vaxt var idi ki, yeni nəsil görünmürdü. Birinci Bülbül müsabiqəsindən sonra Əli Əsgərov kimi bas, Qərinə Kərimova kimi soprano səsə malik sənətkarlar gəldi. İkinci müsabiqədən sonra Fəridə Məmmədova, Həsən Enami gəldilər. Ona görə deyirəm ki, bu müsabiqə yeni iştirakçılar üçün də yaxşı oldu, onlara təkliflər gəldi. Məsələn, müsabiqənin mənə bir xeyri də o oldu ki, yeni partiya ifa etməyə dəvət olundum. Avropada müsabiqədə iştirak edəndə əsas deyil ki, orda yer tutasan. Orada belə müsabiqələr zamanı adi bir iştirakçıya da yol açılır.

- Əgər seçim qarşısında qalsanız, işləmək üçün hansı teatra üstünlük verərsiniz?

- Hər teatrın öz publikası var. Mən Opera Teatrında rəssam kimi çalışanda bu sənətə vuruldum. Sonra müəllimim məni "Muskomediya"da kastinqdə iştirak etməyə apardı. Qulaq asandan sonra məni solist götürdülər. Ancaq məhəbbətim daha çox Opera və Balet Teatrınadır. Son vaxtlar başa düşürəm ki, operetta çox çətin yanrdır. Əgər operada yalnız oxumaq lazımdırsa, burda oynamaq, özünü hərtərəfli göstərmək lazımdır.

- Belə demək olarmı, səni bu sənətdə saxlayan entuziazmdır?

- Mən bu sənəti sevirəm. Ümumiyyətlə, bu sənət həmişə belə olub, qiymət verən olmayıb. Mənim üçün vacib olan odur ki, öz bacarığımı göstərə bilim. Heç olmasa insanlara səhnədən bir az sevinc bəxş edim. Ancaq mənim üçün o da böyük qiymətdir ki, hər hansı bir partiyadan sonra tamaşaçı yaxınlaşıb: "Çox gözəl ifa etdin" - deyir. Bu sözlərdən sonra çox qanadlanıram və sənətimi daha çox sevirəm.

 

Kaspi.- 2008.- 21 avqust.- S. 11.