Heydər Əliyev Fondunun
rusiyalı uşaqlara
yay töhfəsi
Heydər Əliyev
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin
təşəbbüsü ilə Sankt-Peterburq şəhərindəki 46 nömrəli
internat məktəbində
təlim-tərbiyə alan uşaqların və onların müəllimlərinin bir
qrupu avqustun 17-dən Azərbaycanda səfərdədir.
Səfər Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyevanın Sankt-Peterburq vilayətinin qubernatoru Valentina Matviyenko ilə qarşılıqlı razılığı
əsasında baş
tutmuşdur.
Qubernatorla
görüş zamanı Leyla Əliyeva Heydər Əliyev
Fondunun fəaliyyət istiqamətləri, o cümlədən
“Uşaq evləri və internat məktəblərinin
inkişafı” proqramı, habelə bu sahədə həyata
keçirilən irimiqyaslı layihələrdən
söhbət açmaqla yanaşı, Sankt-Peterburqun internat
məktəblərindən birində təhsil alan
uşaqları yay tətili günlərində Azərbaycana
dəvət etmişdir.
Heydər
Əliyev Fondu ongünlük səfər müddətində
uşaqların Azərbaycanda səmərəli istirahəti
üçün hər cür şərait yaratmaqla
yanaşı, yeniyetmələrin mədəni - kütləvi
tədbirlərdə iştirakına da xüsusi diqqət
yetirmişdir.
Rusiyalı
qonaqlar Nizami rayonundakı yeni təmir olunmuş 1
nömrəli uşaq evində və Şüvəlan
qəsəbəsindəki yay düşərgəsində
istirahət edirlər. Ötən müddət ərzində Sankt-peterburqlu
uşaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət etmiş, Bakının görməli yerləri, tarixi abidələri ilə tanış olmuşlar. Milli Azərbaycan Tarixi
Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində
toxunan xalı-xalçalar, Mərdəkan
dendrarisi, Sergey Yeseninin ev-muzeyi qonaqların marağına
səbəb olmuşdur.
Onlar Heydər
Əliyev Fondunda ulu öndərin həyat və
fəaliyyətini əks etdirən ekspozisiya ilə
tanış olmuş, maraqlı səfərə görə
minnətdarlıqlarını bildirmişlər. Səfər
avqustun 27-də başa çatacaqdır.
Xalq qəzeti.- 2008.- 26 avqust.- S. 2.