Xeyirxahlıq
və nəciblik təcəssümü: Mehriban xanım
Əliyeva
Mehriban xanım Əliyeva xeyriyyəçilik
fəaliyyəti ilə Azərbaycanda bu sahədə
sosial–fəlsəfi təməl yaratmaqla yanaşı,
gələcək nəsillərə nəcib bir yolun əsas
konturlarını göstərmiş olur.
Azərbaycanın milli–mədəni irsinin qorunması
və təbliğində çoxşaxəli
fəaliyyət həyata keçirən Mehriban xanım
Əliyeva cəmiyyət üçün vacib olan bütün
sahələrə öz töhvəsini verib. Bu özünü uşqalara qayğıda,
təhsil, səhiyyə, sosial sektorun inkişafında,
eləcə də ölkədə tolerantlığın
möhkəmlənməsində göstərir. Məhz
yuxarıda göstərilən amillərə sübut olaraq
Mehriban xanım Əliyevanın keçirdiyi görüşləri,
həyata keçirdiyi işlərin bir qismini
diqqətinizə çatdırırıq.
Ekologiya prioritet sahƏlərdən biri kimi... Heydər
Əliyev Fondunun yeni layihəsi – "hərəmiz bir ağac
əkək"
Ulu öndərin arzu və istəklərinin həyata
keçirilməsini fəaliyyətinin əsas
istiqamətlərindən biri hesab edən Heydər Əliyev
Fondu xalqımızın ən əziz bayramı olan 2007–ci
ilin Novruz bayramı ərəfəsində yeni bir layihəsini
reallaşdırıb. Fondun
prezidentinin şəxsi təşəbbüsü ilə
işlənib hazırlanmış "Hərəmiz bir
ağac əkək" devizli layihənin icrasına Mehriban
xanımın deputat seçildiyi Əzizbəyov rayonundan
başlanıb. Abşeronun ən qədim yaşayış
məskənlərindən olan Qala qəsəbəsi
çoxdandır belə qələbəlik
görməmişdi. Yüzlərlə sakin
hələ bir müddət əvvəl, Heydər Əliyev
Fondunun çağırışına qoşularaq,
istifadəsiz qalmış 8 hektardan çox ərazini yaşıllıq
salmaq üçün yararlı vəziyyətə
gətirib, buraya Şüvəlanda qazılmış artezian
quyusundan kəmərlə su xətti çəkilib.
Ağsaqqallardan biri isə bu işin İslam dinində də
təqdir olunduğunu xatırladaraq, Məhəmməd
Peyğəmbərin bir hədisini misal çəkib: "Bir
gün yaxın əsabələrinin əhatəsində olan
Rəsulillahdan ahıl bir qoca soruşur: Ömrümün
qürub vaxtıdır, nə edim ki, haqq olan o dünyaya
özümlə bir az da çox savab aparım?
Peyğəmbər dərhal cavab verir: ağac ək.
Əsabələrdən digəri soruşur ki, daha nə
edək ki, savab yükümüz bir az da ağır
gəlsin? Peyğəmbər Əleyhissəlam yenə eyni
cavabı verir: Ömrünüzə bir gün
qaldığını bilsəniz də, yenə ağac
əkin, ən böyük savab ondadır".
Həmin gün burada 9 minə qədər sərv, küknar,
şam ağacları əkilib.
Təhsil
sahəsində...
Bu ilin martında
Azərbaycan Prezidenti İlham Əliyevin Samux rayonuna
səfəri çərçivəsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun
Xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva Mirzə Fətəli Axundov adına
Əliuşağı kənd orta məktəbində olub. 2005–ci ildə Heydər Əliyev
Fondunun dəstəyi ilə
tikilmiş məktəbdə 200 şagird təhsil alır.
2007–ci ildə məktəbin 3 məzunu yüksək balla ali
məktəblərə qəbul olunub. Mehriban xanım
Əliyeva Azərbaycan dili və tarix kabinetləri və
kompyuter otağı ilə tanış olub. Bildirilib ki,
kompyuterlərin hamısı internet
şəbəkəsinə qoşulub. Mehriban xanım məktəbin
kollektivinə uğurlar arzulayıb.
Heydər Əliyev Fondunun
prezidenti həmin kənddə yerləşən
Kəlbəcər rayonunun 67 nömrəli
məktəbində də olub. Mehriban
xanıma məlumat verilib ki, 2004–cü ildə tikilmiş
məktəbin on sinif otağı var. Burada Kəlbəcər
rayonundan olan 40 şagird təhsil alır. Heydər Əliyev
Fondunun prezidenti məktəbin kompyuter otağı, ibtidai sinif
otağı, kitabxanası ilə tanış olub. Bildirilib ki,
kitabxanada dərsliklərdən və bədii
ədəbiyyatdan ibarət 1800 kitab var. Mehriban xanım
Heydər Əliyev guşəsində Ümummilli liderin
həyat və fəaliyyətini əks etdirən fotostendə
də baxıb.
Mehriban xanım Əliyeva
bununla yanaşı digər təhsil ocaqlarının
açılışmərasimində də iştirak edib.
Sosial sahə daim diqqət
mərkəzində... "Tolerantlığın ünvanı
– Azərbaycan"
Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO–nun və İSESKO–nun Xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
2008–ci ilin martında Bakının Əzizbəyov rayonunda
olub. Fondun prezidenti əvvəlcə
Buzovna qəsəbəsində yenidənqurma işləri
davam edən Cümə məscidinə gəlib. Heydər
Əliyev Fondunun "Tolerantlığın ünvanı –
Azərbaycan" layihəsi çərçivəsində
yenidən qurulan bu məscidin tikintisinə hələ
1896–cı ildə başlanıb, 1900–cü ildə inşaat
işləri yarımçıq qalıb. Sovet
dövründə tikilidən anbar və dükan kimi
istifadə olunub. 2006–cı ilin dekabrında Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın şəxsi
təşəbbüsü ilə məscidin yenidən
qurulması üçün smeta dəyəri 700 min manat olan
layihə hazırlanıb, 2007–ci ilin fevralında burada iş
başlanıb.
Sahəsi 500 kvadratmetr olan
məsciddən başqa burada köməkçi və inzibati
binalar, kişilər və qadınlar üçün
dəstəmazxanalar, digər otaqlar var. Məscidin hündürlüyü 28 metr, o
cümlədən günbəzin hündürlüyü 12
metrdir. Podratçı şirkət indiyədək 550 min
manatlıq iş görüb.
Mehriban xanımın
diqqətinə çatdırılıb ki, tikinti
işləri zamanı qadınların və kişilərin
ayrı–ayrılıqda ibadət etməsi üçün
imkan yaradılması nəzərə alınıb. Belə ki, məscidin 1–ci
mərtəbəsində kişilər, 2–ci
mərtəbədə isə qadınlar ibadət
edəcəklər. Məsciddə eyni vaxtda 500 nəfər
namaz qıla biləcək. 2009–cu ilin birinci rübündə
tikinti işləri başa çatacaq, sonra məscidin
həyəti abadlaşdırılacaq, ağaclar əkiləcək.
Görülən işləri yüksək
qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti
binanın divarlarında bəzək işlərinin milli
üslubda aparılması ilə bağlı
tövsiyələrini söyləyib.
Səhiyyə
sektoru...
2008–ci ilin may ayında
Zirə qəsəbəsində Müalicə–Diaqnostika
Mərkəzi açılıb. Qəsəbə
sakinləri və səhiyyə ocağının kollektivi
mərasimdə iştirak etmək üçün buraya
gələn Prezident İlham Əliyevi və xanımı
Mehriban Əliyevanı hərarətlə
qarşılayıblar.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva Müalicə–Diaqnostika
Mərkəzinin açılışını bildirən
lenti kəsiblər.
Prezident İlham Əliyev
və xanımı səhiyyə ocağı ilə
yaxından tanış olublar.
Səhiyyə naziri Oqtay
Şirəliyev məlumat verib ki, 30 il əvvəl tikilmiş
bina Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tamamilə yenidən qurularaq, müasir avadanlıqla
təchiz edilmiş kompleksə çevrilib. İkimərtəbəli binanın
birinci mərtəbəsində uşaqlar və
böyüklər üçün nəzərdə tutulan və gündə 50 nəfərə
xidmət göstərə bilən poliklinika yerləşir.
Məhz bu poliklinikada avqust ayının 25–də Heydər
Əliyev Fondunun dəstəyi ilə israilli professorların
iştirakı ilə qadınlarda ginekoloji və onkoloji
xəstəliklərin müayinəsi keçirilib.
Dünən isə Heydər Əliyev Fondunun
dəstəyi ilə İsrailin "Horev" tibb
mərkəzinin professorları Yevlax şəhərində
də qadınlarda ginekoloji və onkoloji xəstəliklərin
müayinəsini keçiriblər. İsraildən
gəlmiş 4 professor mərkəzi şəhər
xəstəxanasında 40–dan çox qadını
müayinə edib, onlara məsləhətlər verib.
Uşaqlara
qayğı...
2008–ci il avqustun 26–da
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Bakının Əzizbəyov rayonunun Binə və Zirə
qəsəbələrində uşaqlar üçün şənliklər
təşkil edib. Yeni dərs ilinin
başlanması ərəfəsində Binə
qəsəbəsindəki uşaq bağçasında
təşkil olunan şənliyə klounlar da dəvət
olunub. Bağçanın müdiri Validə Aydəmirova deyib
ki, 2007–ci ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva buraya
gəldikdən sonra binanın təmirinə başlanıb.
Qısa müddətdə təmir olunan bağça bu il
mayın 9–da istifadəyə verilib.
200 uşaq üçün nəzərdə tutulmuş
bağçada məktəbəqədər hazırlıq
qrupları da fəaliyyət göstərir. Azərbaycan
və rus bölmələrinin mövcud olduğu
bağçada uşaqlara ingilis dili də öyrədilir.
Heydər Əliyev Fondunun uşaqlara bəxş etdiyi bayram
şənliyi klounların şən və
heyrətləndirici çıxışları,
uşaqların şeir söyləməsi, həvəslə
rəqs etməsi ilə yadda qalıb. Zirə
park kompleksindəki Səadət sarayında təşkil
edilmiş şənlikdə Bakının müxtəlif
uşaq evlərində və internat
məktəblərində təlim–tərbiyə alan,
habelə Zirə qəsəbəsinin təhsildə
fərqlənən şagirdləri iştirak ediblər.
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə keçirilən şənliyə Fondun Rusiya
Federasiyasındakı nümayəndəliyinin
təşəbbüsü ilə Azərbaycanda
səfərdə olan Sankt–Peterburq şəhərindəki 46
nömrəli internat məktəbinin uşaqları
və onların müəllimləri də gəliblər. Uşaqların sevincini bölüşmək, ən
çətin vaxtlarda onların yanında olmaq kimi ali
missiyanı öz üzərinə götürmüş
Heydər Əliyev Fondunun "Uşaq evləri və internat
məktəblərinin inkişafı" proqramı
çərçivəsində təşkil edilən
əvvəlki şənliklərdə olduğu kimi, bu dəfə
də respublikamızın tanınmış estrada
müğənniləri, məktəblilərin
özfəaliyyət kollektivləri, gənc istedadlar öz
oynaq, şux mahnıları, rəqsləri ilə hamıda
xoş ovqat yaradıblar.
Rəqslərə
qoşulan, yallı gedən, məharətlərini
göstərən uşaqların sevinci hədsiz olub. Çünki tanınmış
sənətçilərin, klounların bir–birindən
maraqlı çıxışları məhz onlara
ünvanlanıb. Sankt–peterburqlu uşaqlar da öz həmyaşıdlarına
qoşulub. Onların müəllimi Nadejda Vasilyeva
şənlikdə iştiraklarından
məmnunluqlarını söyləyib, Mehriban xanımın
bu təşəbbüsünü yüksək
qiymətləndirərək deyib ki, belə tədbirlər
uşaqların yaddaşında silinməz iz buraxır.
Yeni Azəraycan.- 2008.- 27 avqust.- S. 4-5.