Qadir T.

 

Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır

 

Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır.

Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir.

"Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır"

Heydər Əliyev

 

Ümummilli lider Heydər Əliyevin ailəsindəki başlıca həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan ölkə başçısı İlham Əliyevin bu gün xalqına xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək yanılmarıq. Azərbaycan Prezidentinin rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Bu işdə dövlət başçısının ən yaxın silahdaşı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Onun ölkədə təhsilə, mədəniyyətə, səhiyyəyə verdiyi töhfələr əvəzsizdir. Müasir dövrümüzdə Azərbaycan qadınının ən fəal nümayəndəsi kimi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı örnək göstərmək olar. Etiraf olunmalıdır ki, dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın siması və xoşməramlı fəaliyyəti ilə tanıyır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri, ümumiyyətlə, birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir.

Qarşıya qoyulan məqsədlərə nail olunub

Qloballaşan dünyada Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti və ulu öndərin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fondu 2004–cü ildən bu günə kimi, qarşısına qoyduğu məqsədlərin böyük əksəriyyətinə nail olub. Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanıb həyata keçirilib. Məhz bu fondun əməli fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə də öz yardımını əsirgəməyib. Respublikada və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməklə yanaşı, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkililə bahəm sadalaya biləcəyimiz çoxsaylı layihələrin müəllifi və dəstəkçisi olub.

Gənc nəslin tərbiyəsi və genefondun qorunması...

Ölkənin birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondu gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Hər zaman kimsəsizlər və körpələr evlərində olan Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın bu addımını da müstəqil Azərbaycanda böyüməkdə olan körpələrin sağlam və etibarlı əllərdə tərbiyə olunmasına bir daha əmin olmaq istəyi kimi də dəyərləndirmək olar. Elə bu səbəbdən də Xətai rayonundakı 3 saylı Uşaq evinin sakinləri hər dəfə bu, gülərüz və qayğıkeş xanımı görəndə çöhrələrində güllər açır, onlar gələcəklərinin güvən verən əllərdə olduğuna bir daha əmin olurlar. 70 ildir ki, fəaliyyət göstərən sözügedən uşaq evində təxminən 100 uşağın sağlamlığı, təlim–tərbiyəsi ilə 8 tərbiyəçi, 2 əmək müəllimi, 1 psixoloq–həkim, 4 tibb bacısı, 2 dərnək rəhbəri və 1 musiqi müəllimi məşğul olur. Uşaq evində yaradılan şəraitlə yaxından tanış olan Mehriban xanım problemlərlə maraqlanır, onların görüşünə tez–tez gələcəyini vəd edir, adəti üzrə də hər zaman vədinə əməl edir.

Birinci xanımın gənc nəslin tərbiyəsinə böyük diqqətinin göstəricilərindən olan növbəti görüşlərindən biri də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 saylı Uşaq evində olub. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulmuş Uşaq evində hər cür şərait yaradılıb. Oradakı 140 uşaq onları diqqətdən kənarda saxlamadığı, hər zaman problem və qayğıları ilə bilavasitə maraqlandığı üçün birinci xanıma olan minnətdarlıqlarını və sevgilərini isə mahnı və şeirləri ilə bildiriblər.
Heydər Əliyev Fondu və şəxsən Mehriban xanım Bakının Nərimanov rayonundakı psixo–nevroloji uşaq evinin problemlərini də daim diqqətdə saxlayır, uşaqların bayramlarının hədiyyəsiz ötüşməməsini təmin edir.
Yeri gəlmişkən, dövlət başçısının Gəncəyə səfəri çərçivəsində YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Gəncə Uşaq evində də olub. Orada da körpələrin sevimlisi Mehriban xanım səmimiyyətlə qarşılanıb. 1997–ci ildən fəaliyyət göstərən və hazırda 83 uşağın tərbiyə aldığı Gəncə uşaq evi ötən il əsaslı təmir olunub.

Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanımın gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. Xatırladaq ki, Heydər Əliyev Fondunun "Təhsilə Dəstək" layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası istifadəyə verilib. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunan yeni bina 2005–ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaradıb. Zəlzələ nəticəsində tamamilə yararsız vəziyyətə düşmüş məktəbin şagirdləri dərsləri çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qalmışdılar. Bunu nəzərə alan Heydər Əliyev Fondu Rara ərazisində məktəbin inşası üçün Pakistanın Zəlzələdən Zərər Çəkmiş Ərazilərin Yenidən Qurulması və Bərpası İdarəsi ilə danışıqlara başlayıb. Pakistan tərəfinin təklifinə görə, məktəb yüngül konstruksiyadan ibarət olmalı idi. Çünki idarə binanın 2009–cu ildən tez tikilməsini başa çatdırmaq imkanında deyildi. Lakin Mehriban xanımın tapşırığı və Azərbaycanın Pakistandakı səfirliyinin köməyi ilə binanın ağır konstruksiyadan inşası üçün tender elan olunub. Heydər Əliyev Fondu tikinti işlərinin maliyyələşdirilməsi üçün xüsusi hesab açdırıb. Heydər Əliyev Fondunun Pakistanda məktəb tikmək təşəbbüsünü yüksək qiymətləndirən YUNESKO layihəyə dəstək verib. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə inşa edilən yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinələri, kitabxana, kompüter otağı, idman meydançası var. Çətin dağlıq relyefdə yerləşən təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunub. Məktəbdə 500–dən artıq şagird təhsil alacaq.

Sivilizasiyalararası dialoqun qurulması...

Cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq. dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO–nun və İSESKO–nun dəstəyi ilə iyunun 10–da Bakıda "Gülüstan" sarayında keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikigünlük beynəlxalq forumda Azərbaycanın birinci xanımı haqqında söylənilən müsbətyönlü fikirləri müasir Azərbaycan qadınının ictimai–siyasi fəallığı ilə yanaşı, aliliyinin göstəricisi kimi qəbul etmək olar. Xatırladaq ki, iki günlük forumda dünyanın müxtəlif ölkələrindən 300–dən çox nümayəndə, o cümlədən, bir neçə ölkənin birinci xanımları, İSESKO–nun baş direktoru, YUNESKO–nun xoşməramlı səfirləri də iştirak ediblər. Mehriban xanım Əliyeva çıxışında vurğulayıb ki, bu tip görüşlər ən azı insanların bir–birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir. Birinci xanımın sözlərinə görə, mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxmalı, qadın mövqeyi qabardılmalıdır. Qadın olan yerdə həmişə səmimiyyət, sevgi və məhəbbətin olduğunu qeyd edən Mehriban xanım düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer olmadığını dilə gətirib. Qadınların əzəldən dialoq tərəfdarı olduğunu hesab edən birinci xanım bu baxımdan da qadın potensialının dialoqun möhkəmlənməsində böyük rol oynayacağını düşünür.

Yeni Azərbaycan.- 2008.- 28 avqust.- S. 3.