Kərimov Q.
Mənəvi-intellektual
yüksəlişə xidmət edən missiya
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə həyata keçirilən
layihələr Azərbaycanda insan hüquq və
azadlıqlarının təminatına xidmət edən
islahatların mühüm tərkib hissəsidir
Cəmiyyətdə
mühüm siyasi prosesləri istiqamətləndirən,
hadisələrin fövqündə dayanmaqla tarixi
inkişafın gedişini əvvəlcədən
müəyyənləşdirən fenomen siyasi liderlər
ictimai inkişafın ən böhranlı, dönüş anında
məsuliyyəti çiyinlərinə
götürərək bütöv bir xalqın, millətin
xilaskarına çevrilirlər. Müəyyən
zaman kəsiyində tarixi inkişafın diktə etdiyi
ictimai-siyasi şərait belə şəxsiyyətlərin
nəyə qadir olduğunu qabarıq şəkildə üzə
çıxarır. Belə taleyüklü məqamlarda bir
daha təsdiqlənir ki, əsl siyasi lider daim öz
cəsarəti, çevik və prinsipial qərarları,
ən çətin situasiyalarda optimal çıxış
yolu tapmaq məharəti ilə seçilən parlaq
şəxsiyyətdir.
Ali və nəcib missiya
Ümummilli
liderlik ucalığına qovuşmuş Heydər Əliyev
öz dövrünün dahi və yaradıcı
şəxsiyyətlərindən olaraq bizlərə
Azərbaycan adlı qüdrətli bir əsər bəxş
etmişdir. Bu əvəzolunmaz
liderin fəaliyyətinin mahiyyəti üzrə dərki son 40
ildə Azərbaycan ətrafında cərəyan etmiş
hadisələrin təbiətinə, son dərəcə
mürəkkəb problemlərin həlli yollarına
işıq salır. Ulu öndərin mənalı və
şərəfli ömür yolunun hər bir parlaq
səhifəsi xalqımızın yaxın tarixi
keçmişi ilə ayrılmaz vəhdət təşkil
edir. Bu səhifələri
vərəqlədikcə bir daha məlum olur ki, Heydər
Əliyev milli ideallara bağlı lider kimi siyasi
fəaliyyətinin bütün mərhələlərində
vətənə, xalqa, torpağa sonsuz məhəbbət
və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə
yaşamış, hər zaman milli ideallara
bağlı olmuşdur. Ümummilli lider bütün zəngin
və mənalı həyatı boyu xalqını,
vətənini düşünmüş, Azərbaycanın
ən çətin məqamlarında onu üzləşdiyi
faciələrdən, çətinliklərdən xilas etmək
üçün misilsiz fədakarlıqlar
göstərmiş, təbiətin bəxş etdiyi bir
çox fitri keyfiyyətlər sayəsində tarixi
hadisələrin inkişaf məcrasını qabaqcadan
müəyyən edə bilmişdir. Ulu
öndər milli tarix üçün böyük
əhəmiyyət daşıyan strateji qərarlar qəbul
edilən zaman əsl vətənpərvər mövqeyi
tutmuş, özünün siyasi bacarığı
sayəsində Azərbaycanda müstəqil
dövlətçilik təfəkkürünün
inkişafını və praktik dövlət modelində məntiqi sonluğa yetişməsini
təmin etmişdir.
Ümummilli liderin zəngin dövlətçilik irsinin
öyrənilməsi, onun ölməz ideyalarının
geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və
gələcək nəsillərə
çatdırılması müasir qloballaşma
dövründə xüsusilə aktuallıq kəsb
edir. Yarandığı gündən bu ali
missiyanı qarşıya məqsəd qoyan, dahi öndərin
mərhəmət, nəciblik və yüksək humanizmə
əsaslanan saf ideallarının ictimai şüurda
möhkəmlənməsinə çalışan,
millətin gələcəyi naminə bir sıra strateji
əhəmiyyətli layihələri inamla həyata
keçirən Heydər Əliyev Fondu son 4 illik
fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir
çox insanların ümid yerinə çevrilmişdir. Fond
ictimai təşkilat kimi fəaliyyət göstərsə
də, əslində, qarşıya qoyduğu
məqsədlərin miqyasına və sanbalına görə
respublikamızda bənzəri olmayan nüfuzlu qurumdur.
Heydər Əliyev Fondunun çoxşaxəli
fəaliyyəti vətəndaşların hüquq və
azadlıqlarının yüksək səviyyədə
təminatına, milli genefondun qorunmasına, fərqli
sivilizasiyaların dialoquna, keçmişlə
gələcək arasında mənəvi körpünün
salınmasına, sülh və tərəqqiyə
xidmət edən mütərəqqi, sağlam ideyaların
təbliğinə yönəlmişdir. Qarşıya
qoyduğu bu kimi xeyirxah məqsədlərlə
mərhəmət, nəciblik və yüksək humanizmə
əsaslanan saf idealların ictimai şüurda
möhkəmlənməsinə çalışan fond
məhz bunun sayəsində son 4 ildə nəinki
respublikamızın hüdudlarında, eləcə də
beynəlxalq aləmdə böyük nüfuz və
etimad qazanmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın qarşıya
qoyduğu xeyirxah missiya yıxılanı ayağa
qaldırmaq, köməksizə əl tutmaq,
çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara
səmimi diqqət və qayğı istəyindən
qaynaqlanır. Azərbaycan cəmiyyəti
Heydər Əliyev Fondunun prezidentinin vətəndaşlara diqqət
və qayğı nümunələri ilə zəngin olan
çoxşaxəli fəaliyyətinə nəzərən
xeyirxah əməllərin nə qədər
müstəcəb olduğunu dərindən dərk edir.
2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə
İSESKO-nun xoşməramlı səfiri adına layiq
görülən, 2007-ci ildə isə "Qızıl
ürək" beynəlxalq mükafatı, Dünya
Səhiyyə Təşkilatının İhsan
Doğramacı Ailə Sağlamlığı Fondunun
mükafatı, "Əsrlərin xeyriyyəçiləri"
Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan,
2008-ci ildə isə İSESKO-nun humanitar
məsələlər üzrə xüsusi elçisi
seçilən Heydər Əliyev Fondunun prezidenti
üzərinə götürdüyü şərəfli
missiyanı belə dəyərləndirir: "Ömür
boyu mənim həyat amalım belə olmuşdur ki, etmək
istədiyin yaxşılığı heç vəchlə
gözə çarrdırmaq olmaz. İndi mən bundan,
demək olar ki, məhrumam. Birinci xanım statusunda mən
elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki,
o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu
kütləvilik amili məni sıxsa da,
yaşayışıma bəzi yeniliklər gətirir və
mən bunu olduğu kimi qəbul edirəm. Bu isə
özünü göstərməkdən tamamilə uzaq adam kimi
mənə kifayət qədər çətin olur".
Mədəniyyətimizin
etibarlı hamisi
Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ilk
növbədə milli-mənəvi və intellektual
yüksəlişə xidmət edən idealların
cəmiyyətdə daha möhkəm əsaslarla
təşəkkül tapmasına yönəlmişdir. Azərbaycanın birinci xanımı əsl
türk xatununa xas nəcib, humanist və insanpərvər
xarakterlə insanlar arasında mənəvi uçurum yaradan,
saf və ali dəyərləri ucuzlaşdıran neqativ
meyillərə qarşı barışmaz mövqe tutur. Bunun
nəticəsidir ki, ən müxtəlif hakimiyyət
strukturlarının laqeydliyi, biganəliyi ilə
üzləşən, dərdinə əlac tapmayan
köməksiz insanlar ümid qapısı kimi məhz
Heydər Əliyev Fonduna üz tuturlar. Bu mənada, fond həm
də insanların hüquq və azadlıqlarının
etibarlı hamisi, müdafiəçisi statusunda
çıxış edən, analoqu olmayan ictimai qurumdur. Fond
imkan daxilində vətəndaşların problemlərinin
həllinə səy göstərir və imkanlarını bu
yöndə səfərbər edir.
YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfirinin milli
mədəniyyət incilərinin qorunması
istiqamətindəki fəaliyyəti heç də son 4 illik
fəaliyyətlə məhdudlaşmır: Azərbaycanın
birinci xanımı hələ 1995-ci ildən - Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi
ağır böhranla üzləşmiş milli
mədəniyyətimizə böyük qayğı və
diqqət göstərmişdir. Həmin dövrdən musiqi təhsili və
gələcək nəslin maarifləndirilməsi prosesi fondun
diqqət mərkəzində olmuş, ardıcıl
şəkildə təşkil edilən xeyriyyə
konsertləri mədəniyyətimizin zəngin
ənənələrinin qorunması işinə töhfə
vermişdir.
Azərbaycan
Mədəniyyəti Dostları Fondunun təşəbbüsü
ilə 1996-cı ildən Azərbaycan, ingilis və rus
dillərində nəşr olunan "Azərbaycan-İrs"
jurnalının səhifələrində milli musiqimizin,
mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi vacibliyi ilə bağlı
çoxsaylı məqalələr işıq üzü
görmüşdür. Azərbaycanın mədəniyyəti və
incəsənəti ilə bağlı ən aktual
problemlərin, böyük məzmun yükünə malik
materialların dərc edildiyi "Azərbaycan-İrs"
jurnalı ölkə həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması və
təbliği işinə də böyük dəstək olmuşdur. Heydər Əliyev
Fondunun fəaliyyətə başlaması bu işlərin
daha qlobal miqyasda, həm də sistemli və ardıcıl
surətdə həyata keçirilməsinə imkan
yaratmışdır.
Azərbaycanın
birinci xanımının YUNESKO ilə qurduğu
əməkdaşlıq əlaqələri milli irsin
mühafizəsi, elm və mədəniyyətin
inkişafı sahəsindəki qarşılıqlı
fəaliyyəti bir qədər də
genişləndirmişdir. Azərbaycanın bir sıra görkəmli
alimlərinin, yazıçı və bəstəkarların
yubileylərinin keçirilməsi, "Kitabi-Dədə
Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd
olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray
Kompleksi ilə birgə daxil edilməsi, bu siyahıya Qobustan
Qoruq Muzeyinin və
Atəşgahın da əlavə edilməsi üçün
ilkin sənədlərin hazırlanması bu fəaliyyətin
təqdirəlayiq məqamları kimi vurğulana bilər.
Fondun prezidentinin şəxsi səyləri
nəticəsində Azərbaycan xalqının milli
sərvəti sayılan muğam həmin mötəbər
təşkilatın vasitəsilə bəşəriyyətin
şifahi və qeyri-maddi irsinin şah əsərləri
sırasına daxil edilmişdir. Azərbaycan
muğamlarının öyrənilməsi və
təbliği ilə bağlı fəaliyyəti də
Azərbaycanın birinci xanımının milli-mənəvi
dəyərlərə bağlılığının
və yüksək vətənpərvərliyinin bariz
təcəssümüdür.
İntellektual
gələcək naminə
Müasir
dövrdə elmi-intellektual potensial hər bir xalqın
mütərəqqi inkişafının vacib amilinə
çevrilmişdir. Qloballaşan
dünyada hər bir dövlətin öncüllüyü,
milli inkişaf səviyyəsi və gələcək taleyi bu
strateji sahənin mövcud durumu ilə şərtlənir. Özünün
yüksək inkişaf mərhələsinə
çatmış dövlətlərin bu nailiyyətləri
məhz elmə, təhsilə
yüksək diqqət və qayğı nəticəsində
əldə etdiyi də danılmaz gerçəklikdir.
Azərbaycanda
elm və təhsilin davamlı inkişaf konsepsiyasının
uğurla gerçəkləşdirilməsində ictimai
təsisat kimi fəaliyyət göstərən Heydər
Əliyev Fondunun da xidmətləri xüsusi
vurğulanmalıdır. Fondun təhsilin inkişafı, bu
sahədə həllini gözləyən bir sıra
problemlərin tez bir zamanda aradan qaldırılması
istiqamətindəki fəaliyyəti Azərbaycanda elmə
ictimai təsisat səviyyəsində yüksək
qayğı nümunəsi olmaqla yanaşı,
cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına
yönəlmişdir.
Təhsil
elə bir spesifik sahədir ki, buradakı problemlərin
həllini təkcə dövlətdən gözləmək
düzgün deyil - bu sahədə özünü
göstərən bəzi neqativ halların aradan
qaldırılmasında sıravi vətəndaşların,
ayrı-ayrı ictimai qurumların da fəal iştirakı
vacibdir. Bu mənada
fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın istər xeyriyyəcilik, istərsə də
ictimai fəaliyyətinin prioritet istiqamətləri
sırasında təhsilin mühüm yer tutması,
millətin gələcəyini, nicat yolunu təhsilin
inkişafında,
vətəndaşların maariflənməsində
görən, Azərbaycanın gələcək taleyinin
təhsilli insanlardan asılı olduğunu müdrikliklə
bəyan etmiş ümummilli lider Heydər Əliyevin
zəngin dövlətçilik konsepsiyasına
əsaslanır.
Heydər Əliyev Fondunun milli maarifçilik
xəttinin həyata keçirilməsi sahəsindəki
əzmkar fəaliyyəti hansısa konkret
çərçivə ilə məhdudlaşmır -
məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret
təhsil proqramlarının həyata
keçirilməsinədək - geniş spektri əhatə
edir. Qısa müddət ərzində uğurla
gerçəkləşdirilən bu layihələr
cəmiyyətdə böyük rezonansa səbəb olmaqla,
böyük rəğbət və etimadla
qarşılanmışdır. Azərbaycanın
zəruri ehtiyaclarını nəzərə alan Heydər
Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta
ümumtəhsil müəssisələrinin əsaslı
təmir və bərpası istiqamətində həyata
keçirdiyi tədbirlər də son dərəcə
təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət
göstərən fondun ümummilli
mənafelərinə hesablanmış bu tədbirlərin
həyata keçirilməsində cəmiyyətdən ciddi
mənəvi-maddi dəstək alması görülən
işlərin miqyasını, dinamikliyini və
səmərəliliyini daha da artırmışdır.
Fondun təhsillə bağlı qarşıya qoyduğu
strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan
dünyanın tələbləri səviyyəsində
qurulması, milli təhsil modelinin
gerçəkləşdirilməsinə maddi-texniki və
intellektual zəmin formalaşdırılmasıdır. Fond,
ilk növbədə, yeni məktəblərin inşası
istiqamətində sistemli və ardıcıl iş aparır.
Azərbaycanın birinci xanımının
təşəbbüsü ilə həyata keçirilmiş,
müvafiq hakimiyyət qurumlarının, vətəndaş
cəmiyyətinin bəzi strukturlarının, iş
adamlarının da dəstəklədiyi
"Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi bu baxımdan cəmiyyətdə daha
böyük əks-səda doğurmuşdur. Layihə
çərçivəsində yalnız 2005-ci ildə
Azərbaycanın ən müxtəlif
bölgələrində rekord sayda - 132, sonrakı
illərdə isə daha 52 məktəb binasının
tikilərək istifadəyə verilməsi və lazımi
avadanlıqla təchiz olunması dövlətin bu
sahədə həyata keçirdiyi işlərə
əvəzsiz töhfədir. Heydər Əliyev Fondu belə
yüksək göstəricilərə nail olmaqla sübut etdi
ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik
milli inkişafda son dərəcə vacib amildir.
Son 4 il
ərzində qeyri-hökumət təşkilatı kimi
fəaliyyət göstərən fondun xətti ilə 184
məktəbin inşası ağır müharibə
şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf
etməyə başlayan Azərbaycan üçün olduqca
böyük nailiyyətdir. Fondun
prezidenti bu işin bundan sonra da davam etdiriləcəyini,
qarşıdakı illərdə də yeni məktəb
binalarının tikilib istifadəyə veriləcəyini
bəyan etmişdir. Təqdirəlayiq haldır ki, regionlara
və Bakı kəndlərinə səfərləri
zamanı Azərbaycanın birinci xanımı fondun
xəttilə aparılan inşaat işləri ilə
yaxından tanış olur, lazımi tövsiyələrini
verir.
Ümummilli
lider Heydər Əliyevin "Kitabxana millət, xalq,
cəmiyyət üçün müqəddəs bir yer,
mədəniyyət, bilik mənbəyidir"
kəlamını fəaliyyətində əsas
götürən Heydər Əliyev Fondunun maarif
sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən
biri də mövcud kitabxanaların yenidən qurulması
ilə bağlıdır. Fondun bu
sahədəki ardıcıl fəaliyyəti onlarla
qəsəbə və kənd kitabxanasının yenidən
qurulmasına, müasir avadanlıqla təmin olunmasına
və zənginləşməsinə imkan
yaratmışdır. Fondun xətti ilə əsaslı
təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin
may ayında oxucuların ixtiyarına verilmişdir. Heydər
Əliyev Fondu eyni zamanda Azərbaycan oxucusu üçün
əhəmiyyətli sayıla biləcək bir sıra xarici
nəşrlərin dilimizə tərcüməsi
məsələsi üzərində də ciddi iş
aparır. Bu sahədə müəyyən
problemlərin olduğunu nəzərə alan Heydər
Əliyev Fondu klassik yazıçı və şairlərin,
o cümlədən ali məktəblər üçün
dərs vəsaitlərinin mərhələlərlə
yenidən nəşr olunması prosesində yaxından
iştirak etməyə çalışır.
Təhsil sahəsində
Azərbaycan-YUNESKO əməkdaşlığı başqa
bir əlamətdar cəhəti ilə mühüm
aktuallıq kəsb edir. Bu da Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünün, torpaqlarımızın Ermənistan
silahlı birləşmələri tərəfindən
işğalının Azərbaycan təhsilində
yaratdığı ağır problemlərin dünya
ictimaiyyətinin diqqətinə çatdırılmasından
ibarətdir. Bütün
dünyada təhsil, maarifçilik hərəkatının
geniş vüsət aldığı bir zamanda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin
mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə
obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da
təbliğati baxımdan böyük əhəmiyyətə
malikdir.
2008-ci ilin iyun
ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Bakıda YUNESKO-nun
"Dünyada savadlılığın
dəstəklənməsi" üzrə regional
konfransının keçirilməsi də ümumilikdə
Azərbaycanın təhsil sahəsində mühüm
beynəlxalq tədbirlərin mərkəzinə
çevrildiyini əminliklə söyləməyə ciddi
əsaslar verir.
Hər bir
millətin mənəvi-fiziki sağlamlığının
təmin olunması eyni zamanda idmanın, bədən
tərbiyəsinin inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın Milli Gimnastika Federasiyasının
prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin
fiziki-mənəvi sağlamlığının təmin
olunmasına xidmət edir. Qısa
müddətdə Azərbaycanın bu bədii idman
növünün inkişafı istiqamətində
atdığı addımlar, habelə 2005 və 2007-ci
illərdə Bakıda bədii gimnastika üzrə
mötəbər çempionatların keçirilməsi onun
bu sahədə də yaxşı təşkilatçı
və qayğıkeş rəhbər olmasından
xəbər verir. Heydər Əliyev Fondunun prezidentinin bu
günlərdə Pekin olimpiadasında iştirakı və
idmançılarımıza mənəvi dəstək
olması da onun yüksək vətənpərvərliyinin
bariz nümunəsidir.
Xeyriyyəçilik
hər bir iş adamının borcudur
İqtisadi
inkişaf səviyyəsindən asılı olmayaraq, hər
bir dövlətdə sosial müdafiəyə,
köməyə, xeyirxahlığa ehtiyacı olan
köməksiz təbəqə olur. Bazar
iqtisadiyyatının sərt reallıqları ilə
uzlaşmamasına rəğmən, əksər
dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına,
problemlərinə biganə yanaşmır, onları imkan
daxilində öz himayəsinə götürür.
Azərbaycan
dövlətinin bu istiqamətdəki fəaliyyəti isə
xüsusilə diqqəti çəkir - respublikanın
dövlət büdcəsində sosialyönümlü
xərclər, eləcə də insan inkişafına xidmət
edən, iqtisadi səmərə məqsədi
güdməyən investisiyalar xüsusi çəkiyə
malikdir. Ölkədə
yoxsulluğun yaxın illərdə aradan
qaldırılması, insanları qayğılandıran bütün sosial
problemlərin həlli hökumət qarşısında
mühüm vəzifələrdən biri kimi
müəyyənləşdirilmişdir. Bununla
belə, mövcud problemlərin həllini bilavasitə
hökumətin üzərinə qoymaq, orta
təbəqəni, qeyri-hökumət
təşkilatlarını, vətəndaş cəmiyyəti
institutlarını məsuliyyətdən tamamilə
kənarlaşdırmaq da düzgün yanaşma olmayıb
sovet dövrünün qeyri-adekvat, yanlış
düşüncə tərzindən irəli gəlir.
Bu mənada Heydər Əliyev Fondunun dövlətin
fəaliyyətinə hərtərəfli dəstəyə
əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar
üçün də nümunə, örnək sayıla
bilər. Fondun fəaliyyəti Azərbaycan üçün
müəyyən mənada yeni olan xeyriyyəçilik
institutunun inkişafına, cəmiyyətdə humanist meyilli
təbəqənin formalaşmasına xidmət edir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın bir müddət əvvəl
AzərTAc dövlət agentliyinə dərin məzmunlu
müsahibəsi də bu baxımdan xüsusi maraq doğurur. Bu müsahibə nəcib və
mərhəmətli addımları ilə
cəmiyyətdə böyük nüfuz sahibinə
çevrilmiş Azərbaycanın birinci xanımının
ölkədə xeyriyyəçilik fəaliyyətinin
genişlənməsinə açıq
çağırışı kimi də
dəyərləndirilə bilər. Heydər Əliyev Fondunun
prezidenti həmin müsahibəsində xeyriyyəçilik
məfhumunun fəlsəfi-nəzəri mahiyyətini
açmış, bu cür fəaliyyəti şərtləndirən
sosial-psixoloji amilləri əsaslandırmış, eyni zamanda
cəmiyyətdə mənəvi harmoniyanın qorunmasına
xidmət edən xeyriyyəçiliyi yüksək mənəviyyatdan
irəli gələn könüllü fəaliyyət kimi
səciyyələndirmişdir. Azərbaycanın birinci
xanımının bu fikri xüsusi maraq doğurur ki,
müasir anlamda xeyriyyəçilik daha geniş məna
daşıyaraq cəmiyyətin rifahı naminə
təmənnasız könüllü fəaliyyəti
əhatə edir. Bu fəaliyyət həm konkret
fərdlərə və zəif müdafiə olunan qruplara,
həm də ictimai həyatın müxtəlif
sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin
inkişafının dəstəklənməsinə
yönəldilə bilər. Bu fəaliyyət həm
fiziki, həm də hüquqi şəxslər
tərəfindən həyata keçirilə bilər. "Xeyriyyəçilik - insanların hər
hansı direktivlər və göstərişlər
əsasında deyil, öz qəlbinin və vicdanının
səsi ilə öz vəsaitlərini, qüvvələrini,
vaxtını və enerjisini sərf edərək
gördüyü xeyirxah işlərdir. Mənə
belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin
əsası ilk növbədə insanların
yaxşılıq etməyə çalışması,
başqasının dərdinə şərik olmaq, onun
halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq
istəyi kimi insani keyfiyyətlərin və
qabiliyyətlərin fundamental xarakterinin qəbul
edilməsidir. Mənəviyyatın ali
qanunlarına görə, xeyriyyəçilik
fəaliyyətinin əsas motivi şəxsən özün
üçün hər hansı dividendlər və ya
səmərə gözləmək deyil, məhz insanlara sevgi
və təmənnasız olaraq xeyirxah işlər
görmək arzusundan ibarət olmalıdır", - deyə
Heydər Əliyev Fondunun prezidenti bildirir.
Azərbaycan
dövləti qəti şəkildə bazar
iqtisadiyyatının daha da inkişaf etməsinə
yönəlmiş istiqaməti saxlamaqla yanaşı, sosial
siyasətin prioritetliyini təmin etməyə
çalışır. İndi dövlət sosialyönümlü proqramlara
və layihələrə getdikcə daha çox maliyyə
vəsaitləri sərf edir.
Minimum əməkhaqqı ilbəil, pensiyalar və
müxtəlif sosial müavinətlər müntəzəm
olaraq artırılır, sosial sahə obyektlərinin tikintisi
genişlənir. Eyni zamanda, xalqın qurucu
və mənəvi enerjisində olan, məişət
sahəsindən tutmuş korporativ xeyriyyəçiliyə
qədər ən müxtəlif formalarda təzahür edən
humanist fəaliyyətin çox böyük
potensialını da qiymətləndirməmək olmaz.
Keçmişdə olduğu kimi, indi də bu potensialın
əsas tətbiq dairəsi sosial, humanitar sahədir. "Sevindirici haldır ki, son illərdə bizdə
sosial sahədə xeyriyyəçilik durmadan genişlənir
və burada özünü müstəqil, sanballı amil kimi
getdikcə daha çox göstərir. Əlbəttə, bu
sadalananlar heç də o demək deyildir ki, sosial
problemlərin həllində dövlət və
xeyriyyəçilik institutu bir-birindən təcrid
olunmuş şəkildə fəaliyyət göstərir.
Əksinə, dövlət və xeyriyyəçiliyə
cəlb edilmiş vətəndaşlar və özəl sektor
öz aralarında əlaqəli şəkildə işləsələr,
bu, daha çox səmərə verə bilər. Bu
qarşılıqlı fəaliyyət isə yalnız
bərabərhüquqlu əməkdaşlıq formasında
həyata keçirilə bilər. Yeri gəlmişkən,
çox böyük iqtisadi potensiala, güclü
vətəndaş cəmiyyətinə və yetkin
xeyriyyəçilik institutuna malik olan inkişaf etmiş
ölkələrdə məhz belə bir mənzərə
müşahidə olunur", - deyə Mehriban xanım
Əliyeva bildirir.
Heydər Əliyev Fondu ictimaiyyətin ən
müxtəlif təbəqələri ilə
əlaqələrini genişləndirməklə,
Azərbaycanın hərtərəfli inkişafı və
vətəndaş cəmiyyəti quruculuğu prosesinin
sürətləndirilməsinə öz töhfəsini
verməyə çalışır. Fondun fəaliyyəti eyni
zamanda insan və vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə
təminatına yönəlmiş, qısa müddətdə
bu sahədə böyük işlər
görülmüşdür. İnsanlar onların
problemlərini, sözün əsl mənasında, həll
edənlərə üz tuturlar. Heydər Əliyev Fonduna daxil
olmuş müraciətlərə olduqca həssas, diqqətli
münasibət var. Bu, həm də fondun insan hüquqlarının
müdafiəsi sahəsində də fəal iş
apardığını qabarıq aşkara
çıxarır.
Xeyriyyəçilik, insansevərlik, mərhəmət
Azərbaycan xalqının mentalitetinə,
mədəniyyətinə, əsrlər boyu formalaşan
ənənələrinə xas gözəl
keyfiyyətlərdən biridir və fərəhlidir ki,
hazırda Heydər Əliyev Fondu bu ənənələri
uğurla davam etdirir. Məhz bu xoşməramlı fəaliyyətinə
görə də fond Azərbaycanda böyük
hörmətə malik olan və ölkənin ictimai
həyatında mühüm rol oynayan bir quruma
çevrilmişdir.
Azərabaycan.- 2008.- 23 avqust.- S. 4.