Məhərrəmov
A.
Xeyirxahlıq və
mərhəmət ünvanı
Heydər Əliyev Fondunun
çoxşaxəli fəaliyyəti xalqa və
dövlətə layiqli xidmət nümunələri ilə
zəngindir
Cəmiyyətə
fəal və ciddi təsir göstərən liderlər
həm də kütləni özünə tabe etdirmək,
insanları ardınca aparmaq, ən başlıcası,
xalqın mənəvi bütövlüyünə nail olmaq
xüsusiyyətləri ilə seçilmişlər. Tarixə
öz möhürünü vurmuş liderlər kimi, ulu
öndər Heydər Əliyevin də böyük
siyasətdə və dövlət idarəçiliyində
qazandığı nailiyyətlər ilk növbədə
xalqın səmimi dəstəyinə, ictimai inam amilinə
söykənmiş, böyük strateqin mənəvi bütövlüyə,
birliyə və həmrəyliyə xidmət edən
siyasətinin nəticəsi olmuşdur.
Tarixdən
məlumdur ki, hər bir xalq özünün taleyində müstəsna
rol oynamış fenomen şəxsiyyətlərin zəngin
ömür yolunu, mükəmməl dövlətçilik
və siyasi irsini, təcrübəsini öyrənərək
gələcək nəsillərə
çatdırılması istiqamətində ardıcıl
addımlar atır. Azərbaycan
xalqı da öz taleyində misilsiz rol oynamış ulu
öndərin xatirəsini daim əziz tutmuş, onun
adının ədəbiləşdirilməsi
istiqamətində dövlət tərəfindən
mühüm işlər görülmüşdür.
2004-cü
ildən ictimai qurum kimi fəaliyyət göstərən
Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani
dəyərlərə tapınaraq ümummilli liderin zəngin
dövlətçilik irsinin bütün dünyada
tanıdılması və təbliği istiqamətində
ardıcıl iş aparır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva
çoxşaxəli fəaliyyətində ulu öndərin
zəngin dövlətçilik və idarəçilik
fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və
intellektual yüksəlişə xidmət edən
ideyaların cəmiyyətdə
daha da möhkəmlənməsinə çalışır.
Azərbaycanın birinci xanımının
istər milli-mənəvi irsin qorunması və dünya
miqyasında təbliği, istər elm və təhsilin
səviyyəsinin yüksəldilməsi, istərsə də
səhiyyənin inkişafı, insanların
fiziki-mənəvi sağlamlığının
təminatı yönümündə həyata
keçirdiyi strateji layihələr onun fəal
vətəndaşlıq mövqeyində dayanmasının,
yüksək mənəvi məsuliyyətinin
təzahürüdür.
Cəmiyyətdə
bir sıra mütərəqqi yeniliklərin
təşəbbüskarı kimi çıxış
etməklə yanaşı, Azərbaycan
dövlətçiliyi tarixində ilk dəfə olaraq
"birinci xanım" ənənəsini də öz
fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva
formalaşdırmış, bu statusda böyük ictimai
rəğbət və etimad qazanmışdır. Məhz Azərbaycanın birinci
xanımının timsalında bu status humanist
fəaliyyətə, qayğıkeşliyə, eləcə
də hansısa problemlərlə qarşılaşan, hansısa
məqamda hüquqları pozulan sıravi
vətəndaşların ümid yerinə
çevrilmişdir.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
çoxşaxəli layihələri birləşdirən bir
ümumi ortaq xətt isə milli genefondun qorunması, saf
dəyər və duyğuların ictimai şüurda
intişar tapmasıdır. Azərbaycanın
birinci xanımı haqlı olaraq informasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi
müasir dövrdə insani və mənəvi-əxlaqi
dəyərlərin yad təsirlərdən qorunmasına daha
çox ehtiyac olduğunu daim bildirir. Bu baxımdan Fondun
həyata keçirdiyi xoşməramlı tədbirlər
sırasında elm və təhsilə qayğının
xüsusi yer tutması da təsadüfi deyil və həmin
iş milli-mənəvi irsin qorunması məqsədinə
xidmət edir.
Heydər
Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyəti eyni zamanda, Azərbaycanın beynəlxalq
aləmdə tanıdılması, nüfuzlu
təşkilatlarla əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi ilə
bağlıdır. Son illərdə məhz Mehriban xanım
Əliyevanın təşəbbüsü, YUNESKO-nun
iştirakı ilə Bakıda təşkil olunan
yüksək səviyyəli beynəlxalq tədbirlərdə
dünyada sülh və sabitliyin
möhkəmləndirilməsi,
mədəniyyətlərarası dialoqun
genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin aradan
qaldırılması kimi nəcib ideyalar üstünlük
təşkil etmişdir.
Fondun
çoxşaxəli fəaliyyəti YUNESKO
tərəfindən də diqqətlə izlənir və
yüksək rəğbətlə qarşılanır. Azərbaycanın birinci
xanımının təşkilatın xoşməramlı
səfiri təyin olunması ikitərəfli
əlaqələrə əlavə impulslar vermiş, strateji
əhəmiyyət daşıyan müxtəlif
layihələrin müştərək icrasına geniş
imkanlar açmışdır.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura fondun prezidentinin
gördüyü işlərin təkcə Azərbaycan
üçün deyil, bütövlükdə dünya
üçün müstəsna əhəmiyyətə malik
olduğunu xüsusi vurğulamışdır:
"Azərbaycanın birinci xanımı Mehriban xanım
Əliyeva on il bundan öncə Azərbaycan
Mədəniyyətinin Dostları Fondunu yaratmış və
həmin fondun çərçivəsində böyük
işlər görülmüşdür. Mən onun bu
sahədəki fəaliyyətini izləyir və yaxından
öyrənirdim. Mən gördüm ki, bu sahədə
Mehriban xanımın xidmətləri əvəzsizdir və
belə qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı
səfiri təyin edilsin. O, bu vəzifəyə təyin
olunduqdan sonra Azərbaycanda mədəniyyət sahəsində
böyük işlər görülmüşdür. Biz onun
xüsusilə təhsilin inkişafı, eləcə də
musiqi ənənələrinin qorunması sahəsindəki
fəaliyyətini xüsusi qeyd edirik".
Fondun son
illərdəki başlıca fəaliyyət
istiqamətlərindən biri də ölkənin təhsil
problemlərinin həllinə kömək etməkdən
və bu məqsədlə nüfuzlu beynəlxalq
təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından
səmərəli şəkildə faydalanmaqdan ibarət
olmuşdur. Bu
nüfuzlu beynəlxalq təşkilatın diqqətinin
ölkəmizin təhsil problemlərinin həllinə cəlb
edilməsi, təşkilatla əməkdaşlıq
şəraitində keçirilən birgə tədbirlər
yaxın gələcəkdə mövcud əlaqələrin
daha da intensivləşməsinə yaxşı imkanlar
açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə
istiqamətdə əməkdaşlıq
münasibətləri qurulmuşdur - bu əlaqələr
əsasən, "Təhsil hamı üçün"
proqramını, "Assosiativ məktəblər",
texniki-peşə sahəsində əməkdaşlıq,
inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO
kafedralarının yaradılması və digər
sahələri əhatə edir. Təhsilin
məzmunca yeniləşdirilməsi, məktəblərdə
informasiya texnologiyalarının geniş tətbiqi və
digər bu kimi planlar da ikitərəfli
əməkdaşlığa daxil olan əsas
məsələlərdəndir. İndiyə qədər
YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun
çoxsaylı məsul işçiləri və
ekspertləri Azərbaycanda olmuş, məcburi
köçkün və qaçqın ailələrində
yaşayan uşaqların təhsil problemləri ilə
bağlı müxtəlif layihələr işləyib
hazırlamışlar. YUNESKO kimi böyük
imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın
bəzi pilot layihələrinin sınaqdan keçirilmə
məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə
reallaşdırılan islahatların uğurlu
nəticələr verəcəyinə böyük inamın
təzahürüdür.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə iki ay öncə Bakıda YUNESKO-nun "Dünyada
savadlılığın dəstəklənməsi"
üzrə regional konfransının keçirilməsi də
ümumilikdə Azərbaycanın təhsil sahəsində
mühüm beynəlxalq tədbirlərin mərkəzinə
çevrildiyini əminliklə söyləməyə ciddi
əsaslar verir. İnformasiya
cəmiyyətinin qurulması yolunda son illər uğurlu
addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli
problemlərin də çevik həllinə nail olmağa
çalışır. Məhz bu baxımdan
Bakıda belə bir konfransın təşkili böyük
əhəmiyyət kəsb etmiş, respublikanın təhsil
ictimaiyyətinə Avropa ölkələrinin müsbət
təcrübəsindən bəhrələnmək
üçün geniş imkanlar yaratmışdır.
Azərbaycanın
birinci xanımı tədbirdə çıxış
edərkən demişdir ki, Bakı konfransı qlobal
savadlılığın dəstəklənməsinə
yönəlmiş regional və subregional YUNESKO konfranslarının
davamı, milli, regional və beynəlxalq
səviyyələrdə savadlılığın
təşviqinə yönəlmiş birgə səylərin
bir hissəsidir. Hazırda YUNESKO
hər bir ölkə üçün təhsilə
açıq və bərabər çıxışın
təmin edilməsindən ötrü resursları
səfərbər edir. Yüksək keyfiyyətli
təhsilə çıxışın təmin edilməsi
və savadsızlığın aradan qaldırılması
məsələlərinə xüsusi diqqət yetirilir. Avropa
ölkələrində təhsilin sonrakı inkişafı
baxımından forumun əhəmiyyətini önə
çəkən Heydər Əliyev Fondunun prezidenti
əlavə etmişdir ki, bu tədbir qitəmizdə savadsızlığa
aid problemlərin səmərəli həllinə yardım
edəcək. "Avropa ölkələri milli siyasəti
vasitəsilə savadlılığı uğurla
təşviq etmişlər. Bununla belə, ümumi
savadlılığın ənənəvi yüksək
səviyyədə qalmasına baxmayaraq, bu sahədə
hələ də xüsusi problemlər və
çağırışlar mövcuddur. Konfransımız
geniş Avropa ictimaiyyətinin savadlılıq və
böyüklərin təhsili sahəsində ən aktual
məsələlərin həllinə diqqətini cəlb
etmək məqsədini daşıyır. Bu, cari təhsil
problemlərini müzakirə etmək üçün
xüsusi bir fürsətdir" - deyə Mehriban xanım
Əliyeva vurğulamışdır.
Heydər Əliyev Fondunun prezidenti xüsusi
vurğulamışdır ki, hazırda Azərbaycanda
savadlılığın dəstəklənməsinə mane
olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir.
Ermənistanın etnik təmizləmə siyasəti
nəticəsində bir milyon qaçqın və məcburi
köçkün yaranmış, son 20 il ərzində
belə vəziyyətdə yaşayan yeni nəsil
formalaşmışdır. Buna baxmayaraq,
Azərbaycan hökuməti qaçqın və məcburi
köçkün uşaqlar üçün təhsilin
müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil
problemlərini həll etmək məqsədi ilə regionlarda
infrastrukturu dəstəkləyən təhsil modeli
yaradılmışdır. Hazırda bütün
uşaqlar öz müəllimləri tərəfindən
verilən təhsili alır, işğal olunmuş
rayonların məktəbləri digər orta
məktəblərlə eyni səviyyədə
fəaliyyət göstərir.
2008-ci il
mayın 20-də Parisdə keçirilən YUNESKO-nun
xoşməramlı səfirlərinin illik hesabat
yığıncağı Bakı konfransının
razılıqla qarşılandığını bir daha
təsdiqlədi. Təşkilatın
xoşməramlı səfirləri dünyada
savadlılığın dəstəklənməsi
üzrə YUNESKO-nun regional konfransları silsiləsindən
"Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış:
tərəfdaşlıq əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək" mövzusunda Bakıda keçirilmiş 5-ci regional konfransın
yüksək səviyyədə təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevaya təşəkkür etmişlər. Xüsusi vurğulanmışdır
ki, bu konfrans təşkilatın təhsil problemlərinin
həllində mühüm hadisə olmuş və regionda
təhsilin inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Elmin,
təhsilin dinamik inkişafı, milli-mədəni irsin
qorunması, gənc nəslin təlim-tərbiyəsinin
yüksək səviyyədə təşkili, bugünün
uşaqlarının sabahın layiqli
vətəndaşları kimi yetişməsi yolunda
məqsədyönlü işlərin görülməsi, ilk
növbədə, əsl vətəndaşlıq
məsuliyyətindən gəlir. Yalnız səmimi vətənpərvərlik
hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız,
pak hisslər insanı olduqca çətin, lakin xalqın
və dövlətin gələcəyi baxımından
müstəsna əhəmiyyətli işləri həyata
keçirməyə sövq edə bilər. Azərbaycanın birinci xanımının
təşəbbüsü ilə 2004-2007-ci illərdə
həyata keçirilən proqramlar daha çox maarifçilik
mahiyyəti daşıması ilə yaddaqalan olmuş,
təhsilin səviyyəsini yüksəltməyə imkan
vermişdir. Fondun təşəbbüsü
ilə həyata keçirilən, dövlət
qurumlarının və vətəndaş cəmiyyətinin
bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
təkcə 2005-2007-ci illərdə Azərbaycanın
müxtəlif regionlarında 184 məktəb binası
inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir.
Bu layihə maddi bazanın
yaxşılaşdırılmasına, tədris prosesinin
səviyyəsinin yüksəldilməsinə imkan verən
məktəb binalarının inşasına
istiqamətlənmişdir. Proqram
çərçivəsində tikilən və infrastrukturu
yerli tələbata və imkanlara uyğunlaşdırılan
bu təhsil ocaqları müasir avadanlıq, istilik sistemi,
zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı
ilə təchiz olunmuşdur.
Heydər
Əliyev Fondu YUNESKO ilə təkcə təhsil deyil, həm
də mədəni irsin qorunması sahəsində
səmərəli əməkdaşlıq
münasibətləri qurmuşdur. Müasir
dövrdə ümumbəşəri konsolidasiya və texnogen
proseslərin geniş vüsət alması mütərəqqi
proses olduğu qədər də, bəzən milli
mədəniyyətə, mənəvi dəyərlər
sisteminə real təhlükə qismində
çıxış edir. Bəşəri və milli ideallar,
zəngin mənəvi dəyərlər kapital
münasibətləri fonunda müəyyən aşınmaya
məruz qalır, kütləvi mədəniyyət stereotipləri
hakim mövqeyə keçir. Belə şəraitdə
xalqın milli "mən"inin, mənəvi
dəyərlərinin qorunması məsələsi də son
dərəcə vacib və aktual problem kimi önə
çıxır. Bu baxımdan, Azərbaycan
mədəniyyətinin YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın timsalında özünə
etibarlı hami və xilaskar tapması yüksək
qiymətləndirilməlidir. "Öz milli mənliyimizi,
mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz
dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi
ÜUNESKO çərçivəsində qeyd olunmuş
"Kitabi-Dədə Qorqud" erosu, şifahi və qeyri-maddi
irs inciləri siyahısına daxil edilmiş Azərbaycan
muğamı kimi töhfələr verə bilmişik. Bu
gün, yüksək texnologiyalar, qloballaşma və informasiya
inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub
saxlanılması xüsusi əhəmiyyət kəsb edir.
Bütün bəşəriyyət qeyri-maddi irsin
qorunmasında çox maraqlıdır. Bu
məsələdə ÜUNESKO-nun rolu, şübhəsiz ki,
çox böyükdür. Muğam da, aşıq
yaradıcılığı da, milli musiqi alətlərimizin
bənzərsiz melodiyaları da Azərbaycan xalqının
bugünə qədər qoruyub saxladığı və
gələcək gün naminə qorumağa borclu olduğumuz
irsin yalnız bir hissəsidir. Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti
məhz bu məqsədə xidmət edir. Xoşməramlı
səfir kimi mənim bütün gələcək
fəaliyyətim də bu məqsədə xidmət
edəcəkdir" - deyə Mehriban xanım Əliyeva
rəhbərlik etdiyi fondun fəaliyyətində bu
məsələni xüsusi diqqətdə
saxlayacağını bildirir. Azərbaycanın
birinci xanımı hesab edir ki, Azərbaycan xalqının
milli mədəniyyətinin yabançı
təsirlərdən qorunması üçün, ilk
növbədə, milli-mənəvi və əxlaqi
dəyərlərin cəmiyyətdə tam bərqərar
olmasına, habelə ictimai şüurda daha möhkəm
intişar tapmasına çalışmaq
lazımdır.
YUNESKO
qarşısında "Qafqaz xalq ənənələri
evi"nin yaradılması təşəbbüsü ilə
çıxış edən Mehriban xanım Əliyevanın
bu sahədəki fəaliyyəti sistemli və ardıcıl
xarakter daşıyır. Belə bir
qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni
irsin qorunması və təbliği sahəsində son
dərəcə mühüm addım ola bilər. Bu faydalı təşəbbüsün irəli
sürülməsi, eyni zamanda, dünyada maddi və qeyri-maddi
irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən
YUNESKO-nun həmin layihə çərçivəsində
əməkdaşlığa dəvət edilməsi bir
neçə cəhətdən xüsusi önəm
daşıyır. Bununla təkcə Azərbaycanın
deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin
mənəvi-mədəni abidələrinin qorunması və
təbliği məqsədi önə çəkilir. "Qafqaz ənənələri evi"nin
yaradılması tarix boyu Azərbaycanın təkcə
ərazisinə deyil, həm də maddi mədəniyyət
nümunələrinə, incəsənətinə,
musiqisinə, mətbəxinə göz dikən, onları
özününküləşdirməyə
çalışan mənfur ermənilərin cəfəng
iddialarının qarşısının alınması
baxımından zəruridir. "Qafqaz xalq
ənənələri evi"nin yaradılması siyasi
məzmun yükünə malik olmaqla, Avropa Birliyinin
təşəbbüsü ilə Qafqaz regionunda həyata
keçirilən "Yeni Qonşuluq Siyasəti"nin
səmərəliliyi baxımından son dərəcə
vacib əhəmiyyət kəsb edir.
YUNESKO-nun
"Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray
Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da
daxil edilməsi, tarixi mədəniyyət abidələrinin
bərpası Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli
fəaliyyətinin mühüm məqamları kimi
vurğulanmalıdır. Mehriban
xanım Əliyevanın Azərbaycan muğamlarının
öyrənilməsi və təbliği ilə bağlı
fəaliyyəti onun mənəvi dəyərlərə
bağlılığının və yüksək
vətənpərvərliyinin əyani təsdiqidir.
"Qarabağ xanəndələri" adlı nəfis
albomun buraxılması da fondun uğurları sırasında
xüsusi qeyd oluna bilər. Həmçinin,
YUNESKO-nun qeyri-maddi irs siyahısına aşıq
sənətinin daxil edilməsi yönündə
səylərin gücləndirilməsi, Bakıda Beynəlxalq
Muğam Mərkəzinin inşasına başlanılması
bu nüfuzlu qurumun fəaliyyətinin kifayət qədər
əhatəli olduğunu göstərir.
Azərbaycan bu
gün paralel olaraq həm Qərbə, həm də
Şərqə inteqrasiya etməklə bərabər, hər
iki sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi
çıxış edir, mədəniyyətlərarası
yaxınlaşmaya öz töhfəsini verir. Bu reallığı düzgün
dəyərləndirən YUNESKO Azərbaycanın
sivilizasiyalararası dialoq prosesindəki yerinin və rolunun daha
da güclənməsinə çalışır. Bir müddət əvvəl Bakıda Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun
və İSESKO-nun dəstəyi ilə keçirilən
"Mədəniyyətlərarası dialoqda qadınların
rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq
Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması, ümumbəşəri
konsolidasiya prosesində qadınların rolunun
araşdırılması, bu yönümdə konkret
fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından vacib
əhəmiyyət kəsb etmişdir.
YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyeva Azərbaycanın mədəniyyətlərarası
dialoq prosesindəki rolunu önə çəkmiş,
ölkədə mövcud olan tolerant düşüncə
tərzini xalqın dünyagörüşü və milli
adət-ənənələri ilə
əlaqələndirmişdir: "Azərbaycan Böyük
İpək Yolu üzərində yerləşən ölkə
kimi tarix boyu yüksək tolerantlıq mühitini
yaşatmışdır. Bu, həm
mədəniyyətimizdə, həm də
cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də
bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası
hökm sürür. Bakı unikal şəhərdir. Artıq
uzun müddətdir ki, burada müsəlman məscidi və atəşpərəst
məbədi, katolik kilsəsi və sinaqoq, pravoslav
məbədi və kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı
belə, yüksək tolerantlıq şəraitində
birgə fəaliyyətin mümkünlüyünü
nümayiş etdirir və hər bir dinin əsas
dəyərlərinin ümumbəşəri dəyərlərlə
üst-üstə düşdüyünü təsdiq edir.
Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu
il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid
və kilsələrin bərpası ilə yanaşı,
yenilərini də tikirik. Ümidvaram ki, Bakı forumu
gələcəkdə ənənəvi şəkil almaqla,
sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair
hər birimizin öz ideya və məqsədlərimizi
həyata keçirmək üçün imkan yarada bilər".
Heydər
Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin
mühüm istiqamətlərindən biri də
ölkədə insan hüquq və azadlıqlarının
qorunması prosesində yaxından iştirakıdır. Bu gün on minlərlə insanın pənah
apararaq probleminin həllinə kömək diləməsi fond
rəhbərliyinin fəaliyyətinə dərin inamın
ifadəsidir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyeva Milli Məclisin deputatı kimi də bu
istiqamətdə səmərəli fəaliyyət
göstərir. Azərbaycanın birinci
xanımının ulu öndər Heydər Əliyevin anadan
olmasının ildönümü münasibəti ilə
amnistiya təşəbbüsü ilə çıxış
etməsi də təmənnasızlığa və
səmimiyyətə söykənən xeyirhaxlığın
növbəti təcəssümü olmuşdur. Yekdilliklə qəbul olunaraq ölkə
rəhbəri tərəfindən imzalanan bu amnistiya aktı
bir daha Heydər Əliyev Fondunun insanpərvərlik, humanizm
və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan
və vətəndaş hüquq və azadlıqlarına
həssas münasibətini əks etdirmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
Milli Məclisin deputatı kimi həm də
seçicilərini qayğılandıran problemlərin
həllində yaxından iştirak edir, ona ünvanlanan
bütün müraciətlər böyük
həssaslıqla qarşılanır. Məhz onun
təşəbbüsü ilə "Əzizbəyov Rayonunun
İnkişaf Fondu"nun yaradılması və
Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək
əməli fəaliyyətə başlaması rayonun
inkişafında tamamilə yeni mərhələnin
əsasını qoymuşdur. Fondun
məqsədi rayonun potensialından səmərəli
istifadə etməklə iqtisadiyyatın davamlı
inkişafı, əhalinin məşğulluğunun
artırılması, gənclərin ictimai
fəaliyyətə cəlb edilməsi, burada investisiya
qoyuluşunun sürətləndirilməsi, mövcud turizm
resurslarından daha səmərəli istifadə edilməsi,
tarix və mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində
layihələrin həyata keçirilməsidir.
"Əzizbəyov
Rayonunun İnkişaf Fondu"nun təşəbbüsü
ilə rayonun kənd və qəsəbələrində
böyük tikinti-quruculuq, abadlıq işləri
görülmüş, əhalini uzun illərdən bəri
qayğılandıran bir sıra problemlər həllini
tapmışdır. Türkan
qəsəbəsində təlim-tədris mərkəzi
istifadəyə verilmiş, bir sıra abadlıq işləri
aparılmış, gənclərin asudə vaxtının
səmərəli təşkili üçün
tədbirlər görülmüşdür.
Şüvəlan qəsəbəsində beyin iflici və
polimielit keçirmiş uşaqlar üçün 16 saylı internat
məktəbi, yetim və valideyn himayəsindən məhrum
uşaqlar üçün respublika yardımçı
internat məktəbi, 1 saylı uşaq evinin yay
düşərgəsi, Şimal DRES-i
qəsəbəsindəki 10 saylı uşaq
bağçası və 230 saylı məktəb, 31
nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı
şəkildə bərpa edilib yenidən qurulmuş, 156
saylı orta məktəb üçün 700 şagird yerlik
yeni bina inşa edilmişdir. Şüvəlan
qəsəbəsinin yolları təmir edilmiş və
işıqlandırılmış, dayanacaqlar
quraşdırılmış, qəsəbəyə su
xətti çəkilmişdir. Şimal DRES-i
qəsəbəsində binaların dam
örtüyünün və fasadının təmirinə
başlanılmışdır.
Heydər
Əliyev Fondunun müxtəlif ölkələrdə
filiallarının açılması bir tərəfdən
təşkilatın qlobal miqyasda artan nüfuzunun
ifadəsidirsə, digər tərəfdən
Azərbaycanı daha geniş təbliğ etmək,
ölkə həqiqətlərini dünya arenasına
çıxarmaq, habelə diaspor hərəkatının
güclənməsinə yardımçı olmaq
niyyətinin təzahürüdür. Son illərdə fondun Rusiyada, Rumıniyada,
Türkiyədə, Böyük Britaniyada filiallarının
açılması da qarşıya qoyulmuş bu
məqsədlərin gerçəkləşdirilməsi
baxımından geniş imkanlar açır. Fondun Moskva
filialının fəaliyyəti daha qabarıq hiss olunur.
Azərbaycanın müasir gəncliyinin ən layiqli,
vətənpərvər təmsilçisi kimi bu missiyanı
üzərinə götürmüş Leyla xanım
Əliyeva fondun Moskva filialına yüksək
səviyyədə rəhbərlik edir.
Cəmi bir il
müddətində Leyla xanım Əliyeva Azərbaycanın
milli-mənəvi dəyərlərinin,
mədəniyyətinin, incəsənətinin,
əbədiyyatının təbliği, diaspor
hərəkatının genişləndirilməsi
istiqamətində bütün lazımi tədbirləri
həyata keçirir. Rusiya ilə
Azərbaycan arasında mədəni dialoqun
genişləndirilməsi istiqamətində atılan
addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa
müddətlə Leyla xanım Əliyeva Rusiyanın mədəni
ictimaiyyəti ilə müxtəlif səviyyəli
görüşlər keçirmiş, Azərbaycanın
zəngin mədəniyyətinin təbliği
istiqamətində mühüm addımlar atmışdır.
Göründüyü kimi, fondun həyata keçirdiyi
bütün layihələr milli xüsusiyyətlər, yerli
tələb və ehtiyaclarla çulğalaşaraq olduqca
maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş
sahənin inkişafı naminə fəaliyyət
göstərmir - xeyriyyəçilikdən tutmuş,
ölkənin səhiyyə və təhsil sisteminin,
mədəniyyət və incəsənətinin
inkişafına, insan hüquqlarının qorunmasına,
Azərbaycanın beynəlxalq aləmdəki imicinin
formalaşmasına qədər müxtəlif sferalarda
məhsuldar fəallıq nümayiş etdirir. Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva üzərinə götürdüyü
çətin, fəqət xoşməramlı missiyasını
layiqincə davam etdirir. Bu fəaliyyəti ilə o həm
də həyatının mənasını insanlara
təmənnasız köməkdə, xeyirxah
əməllərdə axtaran, bəşəriyyətin
nicatı, xilası üçün çalışan
nəcib insanlarla bir sırada dayanır.
Azərbaycan.-
2008.- 26 avqust.- S. 1-2.