Tahirov K.


85 il xalqın xidmətində

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası - elm və bilik xəzinəsi 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə dövlət kitabxanası kimi yaradılmışdır. Kitabxananın ilk direktoru mərhum Müseyib Səlimov öz xatirələrində yazırdı ki, 1922-ci ildə onu Xalq Maarif Komissarlığının siyasi şöbəsinə çağırıb Azərbaycan Dövlət Kitabxanasını təşkil etməyi tapşırırlar. Bundan sonra işə başlanılır. İlk növbədə Malıgin küçəsindəki 6 nömrəli binada böyük otaqda olan müxtəlif elm sahələrinə dair 10 min nüsxəyədək kitab Üzeyir Hacıbəyov küçəsindəki 9 nömrəli evdə dövlət kitabxanası üçün ayrılmış 4 otaqlı mənzilə daşınır və onlar elm sahələri üzrə bölünür. 1923-cü il may ayının 23-də kitabxananın rəsmi açılış mərasimi olur. Burada xalq maarif komissarının özü də iştirak edir.

1924-cü ildə dövlət kitabxanası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin İstiqlaliyyət küçəsindəki hazırkı binasının birinci mərtəbəsində yerləşdirilmişdi. Kitabxana 1960-cı ildə hazırda yerləşdiyi binaya köçürülmüşdür. 1961-ci ilin yanvarında yeni binanın açılış mərasimi olmuş və tədbirdə Mədəni Maarif İşləri Komitəsinin sədri Süleyman Rəhimov, akademiyanın prezidenti, akademik Yusif Məmmədəliyev və başqa ziyalılar iştirak etmişlər. Öz arxitekturasına və milli koloritinə görə Bakının ən əhəmiyyətli mədəniyyət abidələrindən biri olan bina görkəmli Azərbaycan arxitektoru, akademik Mikayıl Useynov tərəfindən layihələndirilmişdir və şəhərimizi bəzəyən unikal memarlıq incilərindən biridir.

1939-cu ilin iyulunda Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə bu kitabxanaya görkəmli mütəfəkkir, realist dramaturgiyamızın banisi M.F.Axundovun adı verilmişdi və bu gün də kitabxana ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında xüsusi rolu olan böyük filosofun adını daşıyır.

Kitabxana yaranarkən Elmi-Texniki Cəmiyyətin ona ianə etdiyi cəmi 10 min nüsxə ədəbiyyat fonduna malik olmuşdu. Lakin tezliklə dövlətin ayırdığı vəsait hesabına kitabxananın fondu sürətlə artmağa başlamış və 1940-cı ildə 645 min nüsxəyə çatmışdı. İkinci dünya müharibəsindən sonra M.F.Axundov adına kitabxananın fondu daha da zənginləşmiş və 1960-cı ildə 1742300 nüsxəyə çatmışdı. Hazırda Milli Kitabxananın fondunda 5 milyon nüsxəyə yaxın müxtəlif ədəbiyyat toplanmışdır.

"Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundov adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə "Milli Kitabxana" statusu verilmişdir. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş və ölkənin ictimai həyatında rolunu artırmışdır.

Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ölkənin baş kitabxanası kimi respublikanın əsl mədəniyyət mərkəzinə, mədəni-kütləvi tədbirlərin, yeni kitabların təqdimat mərasimlərinin, kitab bayramlarının, müəlliflərlə oxucuların görüşlərinin keçirildiyi məkana çevrilib. Son illər ərzində elə bir ay olmamışdır ki, Milli Kitabxanada belə tədbirlər keçirilməsin, ziyalılar və kitabsevərlər burada toplaşmasın. Azərbaycan dövlətinin və onun başçısının qayğısı sayəsində bu gün Milli Kitabxana özünün çiçəklənmə dövrünü yaşayır. Aparılan əsaslı yenidənqurma işlərinə hazırlıq göstərir ki, tezliklə bu kitabxana dünyanın ən müasir və ən yaxşı təchiz olunmuş kitabxanaları səviyyəsinə qalxacaqdır.

Əlbəttə, oxucuları kitabxanaya cəlb edən əsas amil yeni ədəbiyyatın, qəzet və jurnalların alınmasıdır. Son zamanlar bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün Milli Kitabxana 700-ə yaxın adda qəzet, jurnal və digər dövri nəşrlər alır. Ötən il ərzində Milli Kitabxananın fonduna 18 min yeni ədəbiyyat daxil olmuşdur. Bu ilin 7 ayı ərzində yeni alınan ədəbiyyatın sayı 15 min nüsxəni keçmişdir ki, bu da ötən illərlə müqayisədə, demək olar ki, iki dəfə artıqdır. Bütün bunlar isə oxucuların, kitabxanaya gələnlərin sayının xeyli artmasına səbəb olub. Ötən il ərzində Milli Kitabxananın daimi oxucularının sayı 38 min, virtual oxucuların sayı isə 80 mini keçmişdir. Kitabxanaya gələnlərin sayı 230 minə çatıb. İlin bəzi aylarında şənbə və bazar günləri bura gələnlərin sayı 1300-1500-ə çatır və zallarda yerlər dolduğundan oxucuların qarşısını saxlamaq məcburiyyətində qalırıq. Oxucuların sayının artmasında ən vacib şərt yeni ədəbiyyatın artması və zallarda onlar üçün hər cür şəraitin yaradılmasıdır.

M.F.Axundov adına Milli Kitabxana "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ona verilmiş milli çap məhsullarının arxiv fondunun yaradılması və milli biblioqrafiya vəsaitlərinin tərtibi funksiyasını da müvəffəqiyyətlə yerinə yetirir. 2004-cü ildən başlayaraq kitabxana ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının dövlət qeydiyyatını aparır və il ərzində bütün materialları özündə əks etdirən "Biriliik Azərbaycan kitabiyyatı"nı çap edir.

Milli Kitabxana 2006-cı ildən öz fonduna daxil olan yeni ədəbiyyatın cari biblioqrafik göstəricilərini tərtib etməyə başlamışdır. "Yeni kitablar" adlı cari biblioqrafik informasiya göstəricisi hər rübdə bir dəfə nəşr olunur və həmin dövr ərzində Milli Kitabxananın fonduna daxil olan bütün yeni ədəbiyyat orada öz əksini tapır. Burada Azərbaycan, rus və digər xarici dillərdə olan bütün nəşrlər əhatə olunur. Materiallar elm sahələri üzrə qruplaşdırılır və oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə hər bir kitabın şifrələri verilir.

İnformasiyanın, kompüterin insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda oxucuların vaxt və məkan problemi olmadan lazımi informasiyanı əldə etməsinə, müasir tipli informasiya texnologiyalarından istifadə etməklə bilavasitə iş və yaşayış yerlərindən dünyanın ən zəngin informasiya mənbələrinə daxil olaraq lazımi informasiyaları operativ şəkildə almalarına şərait yaratmaq istiqamətində M.F.Axundov adına Milli Kitabxanada son illər ərzində məqsədyönlü işlər görülür. Bu işlərin nəticəsi olaraq Milli Kitabxananın veb saytının, elektron kataloqunun, elektron kitabxanasının yaradılması təmin edilib və oxucuların istifadəsinə verilib. Hazırda kitabxananın oxucuları, eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Milli Kitabxananın saytı, elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan kitabxananın fonduna daxil olaraq sərbəst bəhrələnə bilirlər. Kitabxananın elektron kataloqunda 1993-2008-ci illəri əhatə edən 55 200 adda 150 min nüsxədən artıq kitab öz əksini tapmışdır. Maraqlı haldır ki, kitabxananın saytına xarici ölkələrdən oxucular daha çox müraciət edirlər. Bu gün oxucularımız nəinki Milli Kitabxananın fond və kataloqlarında, hətta ABŞ Konqres Kitabxanasının və Rusiya Dövlət Milli Kitabxanasının (keçmiş Lenin kitabxanası) fond və kataloqlarında da birbaşa axtarış aparmaq imkanına malikdirlər.
Bu ilin may ayında Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası Avropa Elektron Kitabxanasına daxil edilmişdir. Hazırda kitabxana oxucuları Avropanın 47 kitabxanasının fondlarından və kataloqlarından birbaşa məlumat almaq imkanı əldə ediblər. Eyni zamanda, Avropanın 47 ölkəsinin milli kitabxanasının oxucuları da bizim kitabxananın fond və kataloqlarından istifadə etmək imkanı qazanıblar. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm vasitədir. Kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış aparmaq məcburiyyətindən qurtarıb, kitab verilişi məntəqəsində quraşdırılan kompüter vasitəsilə 2-3 dəqiqə ərzində Milli Kitabxananın elektron kataloqunda olan istədikləri kitabı tapa bilir və sifariş edirlər.

Bu ilin mart ayından Milli Kitabxanada oxuculara virtual kitab sifarişi imkanı da yaradılmışdır. Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış, yaxud iş yerindən kitabxananın saytındakı "Virtual xidmət" bölməsinə girərək istənilən kitabı sifariş edə bilir və dərhal ona həmin kitabın kitabxanada olub-olmaması barədə məlumat verilir, lazım gəldikdə onu sifariş edir və artıq oxucu kitabxanaya gələrkən kitab rəfdə onu gözləyir. Beləliklə, kitabı kataloqda axtarmağa və sifariş edib bir saat gözləməyə ehtiyac qalmır. Əgər oxucunun istədiyi kitab kitabxanada yoxdursa, vaxt itirib gəlmir. Bu müddət ərzində 120 oxucu 200-dən artıq kitab sifariş etmişdir. Bu prosesin davamı olaraq gələn ilin əvvəlindən virtual qaydada kitabın bir hissəsinin oxucunun elektron ünvanına göndərilməsi xidməti də həyata keçiriləcəkdir.

Milli Kitabxanada dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan VTLS-VİRTUA sistemi üzrə həyata keçirilən kitabxana proseslərinin avtomatlaşdırılmasına, oxucu sorğularının virtual rejimdə ödənilməsinə və ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanmasına şərait yaradır və onların təkrar istifadəsinə imkan verir. VTLS avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumat verilməsi məsələsini də həll etmişdir. Bu gün külli miqdarda vəsait sərf edərək yeni ədəbiyyat bülletenləri çap etməyə artıq ehtiyac yoxdur. Çünki kitabxanaya müxtəlif mənbələrdən daxil olan bütün ədəbiyyat Milli Kitabxananın saytındakı "Yeni ədəbiyyat" bölməsində əksini tapıb və oxucular həmin düyməni basmaqla hər gün kitabxanaya daxil olan yeni ədəbiyyat barədə məlumat ala bilirlər. Bu bölmənin materialları əsasında Milli Kitabxana tərəfindən "Birillik Azərbaycan kitabiyyatı" və "Yeni kitablar" informasiya bülletenləri buraxılır.

Milli Kitabxana hər il kitabxana işinin bu və ya başqa məsələlərinə dair xeyli miqdarda vəsait nəşr edir və kitabxanalara göndərir. Bunların arasında ötən əsrin 60-70-ci illərində çap olunan və müəyyən səbəblərdən uzun müddət çap olunmayan "Əlamətdar və tarixi günlər təqvimi"ni xüsusilə qeyd etmək lazımdır. 2004-cü ildə bu vəsaitin nəşri yenidən bərpa olunmuşdur və həmin ildə 2005-ci ili əhatə edən ilk buraxılış işıq üzü görmüşdür. 2006-2008-cı illərə aid buraxılışlar çap olunmuşdur və bu günlərdə isə 2009-cu ili əhatə edən 5-ci buraxılış nəşr ediləcəkdir. Son dövrdə kitabxanamız tərəfindən bir sıra vəsaitlər çap olunaraq ölkə kitabxanalarına və oxuculara təqdim olunmuşdur. Məsələn, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin I-X cildlərinin köməkçi göstəricisini, Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına aid ədəbiyyatı əks etdirən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" adlı biblioqrafik göstəricini, "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından çap olunan "Mir Cəlal. Biblioqrafiya" fundamental biblioqrafik vəsaitini, "Azərbaycan Xalq Cümhuriyyəti-90" göstəricisini və digərlərini qeyd etmək olar.
Hazırda bir sıra sanballı vəsaitlər üzərində iş yekunlaşmaq üzrədir və ilin sonunadək "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyova, Qara Qarayevə, Fikrət Əmirova, xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunan biblioqrafik vəsaitlər, Heydər Əliyev Fonduna dair göstərici, tarixi abidələrimiz haqqında biblioqrafiya və başqa fundamental göstəricilər çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir. Son illərdə Milli Kitabxana tərəfindən bir sıra metodik materiallar da tərtib olunaraq yerlərə göndərilmişdir: 2004-cü ildə çap olunan "Kitabxana işinə dair normativ aktlar", "İkirəqəmli müəllif işarəsi cədvəlləri"ni xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildə kitabxanaların xahişi ilə təkrar çap olunan bu vəsaitlər qısa bir zamanda stolüstü kitaba çevrilmişdir.

Milli Kitabxanada nəşr edilən bütün vəsaitlər mütəmadi olaraq respublikanın bütün kitabxanalarına göndərilir. Lakin bu vəsaitlərin nəşrinə və yerlərə göndərilməsinə xeyli vəsait, zaman sərf olunduğundan bu işin də təkmilləşdirilməsinə ehtiyac duyulurdu. Bu məqsədlə avtomatlaşdırılmış sistemin tətbiqi nəticəsində kitabxananın nəşrlərinin tam elektron mətnləri kitabxana saytının "Kitabxanamızın nəşrləri" bölməsində yerləşdirilir və istənilən kitabxana saytın həmin bölməsinə daxil olaraq onlardan bəhrələnə bilir. Yəni onlar çap olunmazdan və yerlərə göndərilməzdən xeyli əvvəl vəsaitlər virtual rejimdə bütün respublika kitabxanalarının və kitabxanaçılarının sərəncamına verilir.
Milli Kitabxana ötən əsrin 70-80-ci illərində "Azərbaycan mədəniyyəti və incəsənəti haqqında yeni ədəbiyyat" adlı cari biblioqrafik informasiya göstəricisi nəşr edirdi və maliyyə problemləri ilə əlaqədar neçə ildən bəri bu vəsaitin nəşri dayandırılmışdı. Avtomatlaşdırılmış sistem tətbiq olunduqdan sonra biblioqrafik vəsaitin nəşri bərpa olub və onun tam mətni kitabxananın saytında müvafiq bölmədə yerləşdirilib. Həmin vəsait nəşr olunaraq Mədəniyyət və Turizm Nazirliyinin işçilərinə və sahənin aparıcı mütəxəssislərinə çatdırılır. Eyni zamanda, ayda bir dəfə çap olunan bu vəsaitdə müvafiq mövzuya dair qəzet və jurnal materialları əksini tapır və əhatə olunan materialların tam elektron mətnləri saytın müvafiq bölməsində yerləşdirilir. Bununla istənilən oxucu kitabxananın saytının müvafiq düyməsini basaraq istədiyi materialın tam mətnini oxumaq və onu çap edərək istifadə etmək imkanına malik olur.
İki il bundan öncə Yaponiya hökuməti ilə Azərbaycan hökuməti arasında bağlanan müqaviləyə əsasən, Milli Kitabxanaya texniki yardım kimi verilmiş müasir tipli avadanlığın quraşdırılması həyata keçirilıb. Bura qiymətli kitab fondlarının konservasiyasını həyata keçirmək üçün onların mikrofilmlərinin hazırlanması və mikrofilmləri oxumaq üçün avadanlıq, ötən əsrin əvvəllərində buraxılan qiymətli qrammafon vallarının CD disklərə və audiokasetlərə yazılmasını təmin edən müasir tipli qurğular, CD disk, audiokaset, qrammafon valları oxutmaq məqsədilə 15 nəfər fərdi yerlik fonoteka kabineti üçün avadanlıq, kitab təqdimatları və müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün prezentasiya, səsgücləndirici və akustika avadanlığı daxildir.

M.F.Axundov adına Milli Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına nəşr olunmuş və alınmış kitabların şəhər, kənd kitabxanalarına göndərilməsi ilə məşğul olur. Nazirliyin mərkəzləşdirilmiş vəsaiti hesabına tariximiz, mədəniyyət və incəsənətimiz, elmimiz üçün mühüm əhəmiyyət kəsb edən kitablar sifarişlə çap olunaraq Milli Kitabxananın ölkədaxili kitab mübadiləsi şöbəsi vasitəsilə şəhər, rayon və kənd kitabxanalarına, eləcə də beynəlxalq kitab mübadiləsi şöbəsi vasitəsilə dünya kitabxanalarına göndərilir.

Ötən il ərzində bu yolla ölkə və dünya kitabxanalarına 21461 nüsxə latın qrafikası ilə çap olunmuş yeni kitab göndərilib. Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasında mühüm əhəmiyyət kəsb edən Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi belə kitabların sırasına Ə.Ələkbərlinin 5 xarici dildə çap olunmuş "Qərbi Azərbaycanın tarixi abidələri", H.Məmmədovanın "Xocalı -şahidlər və şəhidlər" (rus və ingilis dillərində), "Azərbaycan milli geyimləri", "Azərbaycan kinosunun tarixi" ikicildliyi, "Azərbaycan teatrının tarixindən", "Molla Nəsrəddin" jurnalının latın qrafikası ilə çap olunmuş tam mətni, "Mədəniyyət" fotoalbomunu (ingilis və Azərbaycan dillərində), ayrı-ayrı mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş kitablar, fotoalbomlar və başqaları var. Hazırda nazirlikdə Qarabağla bağlı 10-dan çox adda kitabın bir neçə xarici dillərə tərcümə olunaraq dünya kitabxanalarına göndərilməsi istiqamətində ciddi işlər görülür.

Milli Kitabxananın strukturu da tamamilə yenidən qurulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni strukturda müasir dövrün tələbləri ilə səsləşən "Elektron informasiya xidməti", "Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya texnologiyaları", "Elektron resurslarının yaradılması", "Kitabxanaçıların təlim və tədris mərkəzi", "Kitabxana siyasəti və metodiki rəhbərlik" şöbələri və bir sıra yeni bölmələr yaradılıb.
Milli Kitabxana bütün idarə və sistemlərin kitabxanalarına virtual rejimdə metodik xidmət göstərir. Kitabxananın saytında "Virtual metodik xidmət" bölməsi yaradılmışdır. Ölkənin istənilən nöqtəsindən hər bir kitabxana işçisi müxtəlif sorğularını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və bir saat, yaxud yarım saat, yarım gün ərzində öz sorğularına cavab ala bilir.

Milli Kitabxananın 85 illik yubileyinin geniş şəkildə qeyd olunmasına hazırlaşırıq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən, bir sıra tədbirlər həyata keçiriləcəkdir. Bu ərəfədə kitabxananın "Elmi əsərləri"nin nəşrinin bərpa olunması, kitabxanamızın tarixinə dair kitabın çap olunması, metodik materiallar məcmuəsinin və kitabxanamızın əməkdaşlarının məqalələri toplusunun nəşri, beynəlxalq elmi konfransın keçirilməsi, xarici ölkələrdən nüfuzlu qonaqların dəvət olunması planlaşdırılır. Ən başlıcası isə, bu ərəfədə Türkdilli Ölkələrin Milli Kitabxanaları Konfransı beynəlxalq təşkilatının 2-ci konfransının Bakıda keçirilməsidir. Bu təşkilatın 1-ci toplantısı ötən il Ankarada gerçəkləşmişdir.

Azərbaycan.- 2008.- 30 avqust.- S. 6.