Aviasiya Muzeyi Heydər Əliyevin tövsiyəsi ilə yaradılmışdır
"Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan
Mülki Aviasiya Muzeyi 2005-ci ilin aprel ayında
yaradılmışdır.
Muzeyin
yaradılmasının zəruriliyi ulu öndərimiz
Heydər Əliyev tərəfindən tövsiyə
olunmuşdur. Ümummilli liderimiz Azərbaycanın mülki
aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi,
onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına
çevrilməsinin labüdlüyünü qeyd
edərək, milli aviasiyanın inkişafını hər
şeydən öncə təhlükəsizliyin təminatına
zəmanət kimi də qiymətləndirmişdir. Artıq demək
olar ki, bu gün ulu öndərin arzusu yerinə
yetirilmişdir. Qısa müddətdə muzeyin ən
müasir standartlara uyğun yeni binasının inşası,
onun fondunun əsasını təşkil edən
sənədlərin toplanması, əşyaların uçot
işinin təşkili və onların nümayişi
üçün yararlı vəziyyətə
salınması, eksponatların xronoloji ardıcıllıqla
müasir bədii üslubda tərtibi və sair işlər
həyata keçirilmişdir.
Muzeyin direktoru
Şəmsəddin Axundov mədəniyyət
ocağının yaranması ilə bağlı məlumat verərək
qeyd etdi ki, muzeyin yaradılması barədə qərar
qəbul olunan gündən başlayaraq Azərbaycanın
mülki aviasiyasının dünənini və
bugününü əks etdirən bu eksponatları,
sənədləri bir-bir toplayıb fondumuza daxil etmişik.
Muzey
ənənəsinə sadiq qalaraq, miras və antikvar
əşyaları toplayıb eksponatlar siyahısına daxil
edirik. Bu günə qədər topladığımız
əşyaların sayı 6500-dən yuxarıdır.
Bunların arasında materiallar, kitablar, aviatorlara məxsus
geyimlər, onlara yubileylərində hədiyyə olunan
əşyalar vardır.
Bu sənədlər
və materiallar Azərbaycan Milli Arxiv İdarəsi,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar
Arxivi, Azərbaycan Tarixi Muzeyi, Dövlət Kino-Foto
Sənədlər Arxivi, Milli Elmlər Akademiyasının
Tarix İnstitutu, Azərbaycan Dövlət Teleradio Qapalı
Səhmdar Cəmiyyəti, M.F.Axundov adına Milli Kitabxana,
"Azərbaycan Hava Yolları" Dövlət Konserni və
respublikamızın hüdudlarından kənarda olan
ölkələrin arxivlərindən əldə
edilmişdir.
Onu da xüsusi olaraq
vurğulayım ki, muzeyin yaranması, təşkilində
A.Paşayevin, C.Əsgərovun gündəlik diqqəti və
qayğısı, onların mütəmadi olaraq muzeyə
gəlib öz maraqlı tövsiyələrini verməsi,
iradlarını, qeydlərini bildirməsi işimizdə
mühüm əhəmiyyət kəsb etmişdir.
Muzeyin əməkdaşları
gələcəkdə ali və ümumtəhsil
məktəblərində gənclərin
vətənpərvərlik tərbiyəsində mühüm
rolu olan təbliğat işini gücləndirmək məqsədilə
tədbirlər planı da hazırlamışlar.
Muzeydə nadir eksponatlar
çoxdur, burada çoxumuza məlum olmayan maraqlı, tarixi
sənədlər də nümayiş etdirilir.
Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra mədəniyyət tarixinə
daxil olan musiqi əsərləri hamıya bəllidir. Lakin son
illərədək heç kim bilmirdi ki, Üzeyir Hacıbəyovun
"Aviatorlar marşı" adlı əsəri olub. Bu marşın
disk yazısını təşkil etmişik.
Bununla yanaşı,
muzeyin fonduna Azərbaycan mülki aviasiyasının
yaranmasında və inkişafında xidmətləri olan
təyyarəçilərin ailə üzvləri
tərəfindən bir çox sənədlər,
əşyalar hədiyyə olaraq verilmişdir. Onu da qeyd edim
ki, çətinliklə olsa da kino arxiv sənədlərini
də toplamağa nail olmuşuq. Mülki aviasiya tarixini əks
etdirən 100-dən çox film vardır. Bunlar çox
qiymətli əşyalardır. Sağlıq olsun, 2-3 ildən
sonra əşyalarımızın sayı 10 minə çatacaqdır.
Milli Aviasiya Akademiyasının ərazisində yerləşən muzeylə tanışlıq ilk baxışdan öz görkəmi, yüksək mədəni səviyyəsi, səliqə-sahmanı ilə qəlbimizdə xoş duyğular oyatdı. Ekspozisiya tarixi xronologiya üzrə 10 bölmədən ibarətdir. Bu bölmələrin hər biri Azərbaycanın mülki aviasiyasının yaradılması üçün atılmış ilk addımlardan başlayaraq, bu gün müstəqillyimizin bərpa edildiyi dövrdə baş verən sürətli inkişafadək keçilmiş bütün tarixi yolları, inkişaf mərhələlərini əks etdirir.
Muzeyin ekspozisiyasında ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu Azərbaycanın müasir mülki aviasiyasının inkişafını əks etdirən materiallar nümayiş olunur. Burada Bakı Beynəlxalq Hava Limanının yenidən qurulması, yeni sərnişin terminallarının istifadəyə verilməsi, "Boeing" ailəsinə mənsub ilk təyyarələrin alınması və digər yerinə yetirilmiş işlər barədə məlumat verilir.
Muzeyin direktor müavini Firəngiz Hüseynova gələcək perspektiv planlar barədə söz açaraq bildirdi ki, uzun illər dövründə Azərbaycan Mülki Aviasiyası haqqında xeyli material toplayıb göstərmişik. Lakin hələ axtaracağımız materiallar vardır. Bütün bu işlərin davam etdirilməsi, görkəmli aviatorlarımız haqqında materialların toplanması, onların haqqında buklet və kataloqların yaradılması, aviasiyamızın təhsili tarixinin qaranlıq qalan səhifələrinin araşdırılması, onların yazılı şəkildə nümayiş etdirilməsi və bu kimi işlər qarşıda durur.
Respublika.- 2008.- 21 avqust.- S. 3.