İndoneziyanın “The
Jakarta Post” qəzeti Azərbaycan haqqında yazır
AzərTAc xəbər
verir ki, İndoneziyanın nüfuzlu “The Jakarta Post”
qəzetinin 11 avqust nömrəsində Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovun nəşrin
müxbiri Veeramalla Angaiaha müsahibəsi dərc
olunmuşdur. İndoneziyalı jurnalist Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə
Bakıda keçirilən
“Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”
mövzusunda beynəlxalq
forumda iştirak etmişdi.
E.Məmmədyarov
müsahibəsində ölkələrimiz arasında
münasibətlərdən danışarkən
Azərbaycanın xarici siyasətində İndoneziyanın
mühüm yer tutduğunu bildirmiş, 2006-cı ildə
Azərbaycanın Cakartada səfirliyinin
açılmasını bunun daha bir təsdiqi kimi
səciyyələndirmişdir. Nazir demişdir
ki, Dağlıq Qarabağ münaqişəsi
məsələsində İndoneziyanın
ölkəmizin ərazi
bötövlüyünu dəstəkləməsini
yüksək qiymətləndirir.
İslam Konfransı Təşkilatı və digər qurumlar çərçivəsində İndoneziyanın göstərdiyi
səylər də təqdirəlayiqdir.
Eyni zamanda, E.Məmmədyarov vurğulamışdır
ki, hər iki ölkənin böyük iqtisadi imkanlara malik olmasına baxmayaraq, iqtisadi əlaqələrin
hazırkı səviyyəsi
qənaətbəxş deyildir.
İndoneziya
ictimaiyyətinin Azərbaycan haqqında
məlumatlandırılması məsələsinə toxunan
nazir bu istiqamətdə Cakartadakı səfirliyimizin
fəaliyyətinin əhəmiyyətini
vurğulamışdır. O, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı suala cavabında demişdir ki, ilk gündən
etibarən Azərbaycanın
münaqişənin həllinə
dair mövqeyi dəyişməmişdir. Ermənistan
silahlı qüvvələri
Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxarılmalı və
bu ərazilərdə
Azərbaycanın suveren
hüquqları bərpa
edilməlidir
Azərbaycan.- 2008.- 20 avqust.- S. 2.