Seyidov M.
Qədim tariximizi yaşadan
muzey
Şərurun mərkəzində
əzəmətli bir
bina ucalır. Milli üslubda tikilmiş
bu binada rayon tarix -diyarşünaslıq
muzeyi yerləşir. Binaya daxil olduqda
əlindəki dəmisinə
qüllab vurub xəyala dalan Dədə Qorqud timsallı pirani qocanın tunc heykəli ilə qarşılaşırsan. "Minbir gecə" nağıllarındakı illüstrasiyalara,
dahi Nizaminin “Sirlər xəzinəsi”, Fərhad və Şirin, Füzulinin “Leyli və Məcnun”
poemalarındakı qəhrəmanlıq,
sevgi və məhəbbət səhnələrini
əks etdirən tablolar insanı heyran edir.
Binanın tavanındakı
beş guşənin hər biri xalqımızın
qəhraman oğullarının
igidlik dastanından söhbət açır.
Yağlı boya ilə çəkilmiş rəngli
tablolar da əlində Misri qılınc tutub nərə çəkən
xalq qəhrəmanı
Koroğlunun, “Aynalı”sını çiyninə
salıb Boz atını çapan Qaçaq Nəbinin Azərbaycan torpaqlarının
birliyi, bütövlüyü
naminə canından keçməyə hazır
olan Şah İsmayıl Xətainin, yadellilərə
qarşı mübarizədə
mərdliklə həlak
olan Babəkin, erməni daşnaklarına
qan udduran Abbasqulu bəy Şadlinskinin məğrur
simaları ilə qarşılaşdıqca fəxr
edirsən.
1978-ci ildə
ictimai əsaslarla fəaliyyətə başlayan muzeyimiz
1980-ci ildən ulu öndər Heydər Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə rəsmi dövlət müəssisəsinə
çevrilmişdir. 30 ilə yaxın tarixi olan muzey
indi qabaqcıl mədəniyyət müəssisəsi
kimi fəaliyyət göstərir. Bu müddət ərzində
muzeyə 7 minə yaxın nadir eksponat toplanmışdır.
Muzeydə 2 şöbə
və 12 bölmə fəaliyyət göstərir.
“Təbiətşünaslıq”,
“Arxeologiya”, “Etnoqrafiya”,
“Numizmatika”, “Şəhidlər”,
“Böyük Vətən
müharibəsi” , Azərbaycan
– Ana Vətən",
“Heydər Əliyev
-85", ”Mədəniyyət və incəsənət",
“Qırmızı tabor”,
“Alimlər”, “Şairlər”
bölməsindəki 4 minə
yaxın eksponat nümayiş etdirilir.
Muzeydə saxlanılan
və nümayiş etdirilən eksponatların
əksəriyyəti Şərur
ərazisindən toplanıb
gətirilmişdir.
Eramızdan
əvvəl III-II minilliklərə aid gil və saxsı
qablar, daş büt və keramik bəzək
nümunələri, tunc bilərzik, tunc balta, xəncər,
nizə ucluqları və sair əşyalar nadir incilərdir.
Orta əsr
Azərbaycan mədəniyyəti xalçaçılıq
sənəti ilə daha çox yadda qalıb. Xalqımızın doğma və
sevimli sənətinin
qədim Şərurda
da özünəməxsus
inkişaf yolları olub. Muzeydəki kilim, xalça nümunələri bu sənətin tarixindən
söz açır. Bər-bəzəkli farmaşlar, xurcunlar, heybələr bu təsəvvürü daha
da zənginləşdirir.
Qadın bəzək əşyaları xalqın
mənəvi yaddaşının
mühüm bir amilidir.
Muzeydə
nümayiş etdirilən muxtəlif bəzək
əşyaları – boyunbağılar, gözmuncuqları,
sırğalar, kəmərlər, qolbaqlar və sair
əşyalar diqqəti cəlb edir. Eləcə də əmək alətləri olan xış, cüt, kotan, vəl, mərəndi və sair keçmiş əkinçiliyin nümunələridir.
Tamaşaçılar
mədəniyyət bölməmizi də xüsusi maraqla seyr
edirlər. Burada şərurlu Aşıq Nabatın sazı, qədim ney, zurna, tulum,
tütək və sair musiqi alətləri
nümayiş etdirilir.
Rayonumuzdakı məşhur “Nuranı”
yallı kollektivinin Almaniya, Polşa, Çexoslovakiya və başqa Avropa ölkələrindəki çıxışlarını,
qastrol səfərlərini
əks etdirən fotoşəkillər, albomlar,
fəxri fərmanlar, prizlər və digər sənədlər
də bölmənin dəyərli eksponatlarındandır.
Həmçinin sovet dönəmində rayon mədəniyyət şöbəsinin
layiq görüldüyü
Ümumittifaq və Respublika keçici qırmızı bayraqları
da bu guşəni
bəzəyir. Muzeyn ikinci
mərtəbəsindəki zəngin bir guşə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə,
anadan olmasının
85 illiyinə həsr olunmuşdur. 2002-ci ildə
ulu öndərimizin Naxçıvana səfəri
zamanı Şərura
gəlişinə dair
foto-materiallar böyük
bir ekspozisiya təşkil edir.
Muzeydəki
“Böyük Vətən müharibəsi” və
“Şəhidlər” bölməsində Şərurun
qəhrəman övladlarının müharibədə
göstərdikləri igidliklərdən bəhs olunur. Azərbaycanın Milli qəhrəmanları
Məhərrəm Seyidova,
Səyavuş Həsənova,
Kərim Kərimova həsr olunmuş guşələr də maraqlıdır. Məktəbli
gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində
bu guşənin xüsusilə böyük
rolu vardır. “Alimlər”, “Şairlər”
bölmələrində rayonumuzdan
olan elm adamlarının, şair və yazıçıların
portretləri, foto-şəkilləri və əsərləri nümayiş
etdirilir.
Muzeyimiz
həmişə qonaq-qaralı olur. MDB məkanından, Türkiyə, İran,
ABŞ, İngiltərə, Fransa, Şimali və Cənubi Koreyadan gələn qonaqlar muzeyimizdə xalqımızın tarixi keçmişi ilə yaxından tanış olub xoş təəssüratlarını
bildirirlər. Şərur
şəhərindəki 1 və
2 saylı, Yengicə,
Çərçiboğan, Cəlilkənd, Çomaxtur
kənd məktəblərinin, Şərur Türk Liseyinin, rayondakı uşaq bağçalarının müəllim-şagird kollektivləri də vaxtaşırı muzeyimizə gəlir, müxtəlif tədbirlərdə
iştirak edirlər.
Muzeyin əməkdaşları — fond
mühafizi Zərifə
Əliyeva, bələdçi
Aygün Heydərova, elmi işçi Xəyal Bağırov, nəzarətçi Zəhra
Nəcəfova və başqaları muzeylə bağlı tamaşaçılara
maraqlı məlumatlar
verir, rayonumuzun tarixi keçmişini əks etdirən materiallarla və eksponatlarla onları yaxından tanış edirlər.
Xalq qezeti.- 2008.- 22 avqust.- S. 4.