Məhəmmədoğlu X.
İlham Əliyev: Biz
Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan
əməkdaşlıqdan çox razıyıq
Azərbaycanın Qərbə inteqrasiya prosesi son illər sürətlə gedir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvüdür. Bu mötəbər qurumla əlaqələrimiz daim inkişaf edir, möhkəmlənir.
Dövlətimizin başçısı İlham Əliyev bu ay Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin iştirakı ilə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında dünyanın bir sıra nüfuzlu təşkilatları, o cümlədən Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əlaqələri yüksək qiymətləndirərək bəyan edib ki, "...Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi nəticəsində Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olunması, Azərbaycanda mütərəqqi təcrübənin tətbiq edilməsi - bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisələrdir. Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və bizə əlavə imkanlar yaradacaqdır".
Ümummilli liderimiz Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi olduqca əhəmiyyətli və tarixi hadisə idi. Bu tarixi hadisəni 2001-ci il yanvarın 25-də Avropa Şurasının binası önündə Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak və çıxış edən ümummilli liderimiz Heydər Əliyev belə qiymətləndirmişdi: "Az sonra Azərbaycan bayrağı Avropa Şurasının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalılaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur".
Azərbaycan bu mötəbər təşkilata üzv olmaqla öz sözünü birbaşa demək, erməni millətçilərinin əsl simasını açıb göstərmək, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə etdi. Həmin dövrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində 2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında "Ermənilərin azərbaycanlılara qarşı törətdiyi genosidin tanınması" haqqında sənəd qəbul edildi, 2002-ci ildə isə bu mötəbər qurumun payız sessiyasında həm Ermənistan, həm də Azərbaycanla bağlı qəbul olunmuş yekun sənədlərində Ermənistanın işğalçı dövlət olması faktı öz əksini tapdı. 2003-cü ildə nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞPA-nın sədr müavini və Büro üzvü seçilməsi Azərbaycan diplomatiyasının dünya miqyasında etirafı və qələbəsi idi.
Onu
da qeyd edək
ki, xalqımız ilk dəfə bu sevinc hissini
ümummilli liderimiz Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə
seçilərkən yaşamışdı.
Əminliklə söyləmək
olar ki, dövlətimizin başçısı
İlham Əliyev xalqımıza ikinci sevinc hissini də yaşamağı bəxş edəcəkdir.
Torpaqlarımızın işğaldan
azad olunacağı və qaçqınlarımızın
öz doğma yurdlarına qayıdacağı
tarixi günün sevinc hisslərini yaşamaq səadəti isə o qədər
də uzaq deyil. Dövlətimizin başçısının elə
bir çıxışı,
elə bir görüşü yoxdur
ki, orada xalqımızın ən
ağrılı problemini - Dağlıq
Qarabağ problemini önə çəkməsin.
Dövlətimizin
başçısı beynəlxalq konfransdakı
çıxışında da bu məsələyə
xüsusi toxundu: "Bizim bölgədə ən böyük
təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll olunmamasıdır. Uzun illər
ərzində bizim torpaqlarımız işğal
altındadır. Ermənistanın Azərbaycana qarşı
apardığı etnik təmizləmə siyasəti
nəticəsində, təcavüzkar separatizm
nəticəsində torpaqlarımızın 20 faizi
işğal altına düşübdür. Bu işğaldan
əziyyət çəkən 1 milyon azərbaycanlı
öz doğma torpaqlarından didərgin salınıbdır.
Azərbaycanın ərazi bütövlüyü
pozulubdur".
Ermənistan silahlı
qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını
tələb edən Birləşmiş Millətlər
Təşkilatının qərarlarının,
Təhlükəsizlik Şurasının 4 qətnaməsinin,
bu ilin mart ayında BMT Baş Məclisində Azərbaycan
torpaqlarının işğal altında olması və bu işğala
son qoyulması ilə bağlı qəbul edilmiş
qərarın, bir neçə il bundan əvvəl Avropa
Şurasının münaqişə ilə bağlı,
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti ilə bağlı
qəbul etdiyi qətnamənin, İslam Konfransı
Təşkilatının buna oxşar qəbul etdiyi qərarların
icra olunmamasını konfrans
iştirakçılarının diqqətinə
çatdıran dövlətimizin başçısı
İlham Əliyev bu işğalın eyni zamanda mədəni
irsimizə də ziyan vurduğunu bəyan etdi:
"İşğal olunmıış torpaqlarda hər
şey dağıdılıbdır. Bunu həm biz deyirik,
həm də beynəlxalq təşkilatlar təsdiq edir.
2005-ci ildə ATƏT-in faktaraşdırıcı
missiyası Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş bölgələrində monitorinq
keçirmişdir. Bü monitorinq əsasında məruzə
hazırlanmış və təqdim edilmişdir.
Məruzədə göstərilir ki, orada hər şey
dağıdılıb, bir dənə salamat bina
qalmamışdır. Bütün binalar, bütün tarixi
abidələr Ermənistan tərəfindən dağıdılıbdır.
Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdə nümayiş etdirilmiş bütün eksponatlar oğurlanıb, muzeylər talan edilibdir. Əcdadlarımızın qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün bunları Ermənistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları təsdiqləyib və öz məruzəsində göstəribdir".
BMT,
Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı
kimi nüfuzlu qurumların Dağlıq Qarabağ da daxil olmaqla 7 rayonun Ermənistan tərəfindən işğal
olunması faktı ilə bağlı müvafiq qərarlar və sənədlər qəbul etmələri beynəlxalq səviyyədə
Azərbaycanın ərazi
bütövlüyünün
tanınması və
haqq işimizin dəstəklənməsi deməkdir.
Bu həm də Qərbdə güclü dayaqları olan erməni lobbisinə qarşı Azərbaycan diplomatiyasının
qələbəsi, Azərbaycan
həqiqətlərinin dünya
miqyasında dərk edilməsi deməkdir. Bütün bunlar söyləməyə əsas
verir ki, dövlətimizin başçısı
İlham Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində torpaqlarımız
tezliklə işğaldan
azad olunacaq və qaçqınlarımız
öz doğma yurdlarına qayıdacaqlar.
Respublika.- 2008.- 23 dekabr.- S. 4.