Şamxal

Beynəlxalq konfrans başa çatdı

 

Bakıda keçirilən Avropa Şurasının "Mədəniyyətlərarası dialoq - Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda konfrans dünən nazirlər səviyyəsində işini başa vurub.

Konfransın sonunda "Bakı bəyannaməsi" qəbul olunub. Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev tədbirin yekununa həsr olunmuş mətbuat konfransı keçirib. Nazir bildirib ki, konfrans ümumilikdə 48 ölkənin nümayəndəsini bir araya gətirib: "Konfransda 36 ölkə nazir, nazir müavinləri səviyyəsində təmsil olunub. İslam Konfransı Təşkilatına üzv 10 ölkənin 12 beynəlxalq təşkilatın nümayəndəsi tədbirə qatılıb. Bundan başqa, xarici ölkələrin səfirləri tədbirdə təmsil olunublar. Qonaqların arasında tanınmış yazıçılar, rejissorlar da var idi".

Ə.Qarayevin sözlərinə görə, konfransın yekunu kimi imzalanan "Bakı Bəyannamə"si dünyanın mədəniyyət ocaqlarına yeni müraciət olacaq. Ən əsas nəticə odur ki, bəyannamədəki fikirlər kağız üzərində qalmayacaq onun icrasına önəm veriləcək. Sonra çıxış edən Avropa Şurasının Mədəniyyətlərarası koordinatoru Qabriella Battaini Dragoni isə konfrans çərçivəsində burada mədəniyyətlərarası qonaqpərvərliyin, dinamikliyin ən əsası Azərbaycanın iradəsinin şahidi olduqlarını qeyd edib: "Azərbaycanın mədəniyyət naziri beynəlxalq münasibətlərdə mədəniyyətdən çox gözəl yararlanır. Biz Bakını vacib bəyanatla tərk edəcəyik. Dünəndən başlayan "Bakı prosesi" gələcək görüşlərin əsasını qoydu". Qeyd edək ki, mədəniyyətlərarası dialoqda "Bakı prosesi"nin əsasını qoyan konfrans çərçivəsində 4-5 dekabrda Bakıda Avropa Şurasının bir sıra rəsmi iclasları keçiriləcək. "Avropada Mədəniyyət Siyasəti Təmayülləri Kompendiumu" layihəsinin 10 illik yubileyinə həsr olunan Avropa Şurasına üzv-dövlətlərin milli müəlliflərinin, Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramının Milli Koordinatorlarının, Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun görüşləri keçiriləcək.
   
Ədalət.- 2008.- 4 dekabr.- S. 6.