Azərbaycanda
səfərdə olan Avropa Şurasının (AŞ) Baş
katibi Terri Devis dekabrın 2-də Milli Məclisin sədri Oqtay
Əsədov ilə görüşmüşdür.
Milli Məclisin sədri
qonağı səmimi salamlayaraq onunla ilk dəfə Strasburqda
görüşünü xatırlatmış və qeyd
etmişdir ki, Terri Devis görüşdə özünü
Azərbaycanın dostu kimi təqdim etmişdir. AŞ-da fəaliyyət göstərdiyi
dövrdə Terri Devis müxtəlif məsələlərin müzakirəsində
ədalətli mövqeyi
və hadisələrə
obyektiv münasibəti
ilə həmişə
seçilmişdir. Ölkəmizin
ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məruzəçi kimi onun tutduğu prinsipial mövqe respublikamızın ictimaiyyəti
tərəfindən yüksək
qiymətləndirilir. Məhz
bu keyfiyyətləri sayəsində Terri Devis Azərbaycan xalqının böyük
rəğbətini qazanmışdır.
O.Əsədov
bildirmişdir ki, Şərq və Qərb mədəniyyətlərinin
qovuşuğunda yerləşən Azərbaycan
həmişə öz füsunkarlığı ilə Terri
Devisin diqqətini cəlb etmişdir. Milli
Məclisin sədri təəssüflə bildirmişdir
ki, qonaq həmişə Azərbaycana
rəsmi səfərlər
çərçivəsində çox qısa müddətə gəlir.
Budəfəki səfər
də Bakıda Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət
nazirlərinin konfransına
təsadüf etmişdir.
Səmimi görüş
üçün minnətdarlığını
bildirən Terri Devis Azərbaycan mədəniyyətinə və
tarixinə böyük
maraq göstərdiyini
vurğulayaraq, ölkəmizə
həmişə gəlişinin
çox qısamüddətli
olmasından təəssüfləndiyini
bildirmişdir.
Sonra qonaq Bakıda
keçirilən “Mədəniyyətlərarası dialoq
Avropa və onun qonşu regionlarında sülhün və
davamlı inkişafın əsasıdır” mövzusunda beynəlxalq
konfrans barədə fikirlərini
açıqlamışdır. Qeyd edilmişdir ki,
Azərbaycanın həyatın müxtəlif
sahələrində əldə etdiyi nailiyyətlər onun
bölgədəki nüfuzunu günbəgün
artırır.
Söhbətdə
tərəfləri maraqlandıran məsələlər
barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə
Milli Məclis Aparatının rəhbəri Səfa
Mirzəyev, parlamentin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komissiyasının
sədri, ölkəmizin AŞPA-dakı daimi
nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov və digər rəsmi şəxslər iştirak
etmişlər.
Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 3.