Budapeştdə dahi Heydər Əliyevin xatirəsinə həsr olunmuş gecə keçirilmişdir

 

Dekabrın 17-də Budapeştin ən nüfuzlu salonlarından birində - parlamentin köhnə binasında yerləşən İtaliya Mədəniyyəti İnstitutunda zəmanəmizin görkəmli dövlət xadimi və siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə əlaqədar gecə keçirilmişdir.

Xatirə gecəsini Azərbaycanın Macarıstandakı səfirİ Həsən Həsənov açaraq, ulu öndərin həyat və fəaliyyətindən, onun Azərbaycanın ən yeni tarixindəki rolundan, ölkəmizin müstəqillik qazanmasından, habelə dahi liderin müasir dünya siyasətinə böyük töhfələrindən danışmışdır. O demişdir ki, artıq 5 ildir ümummilli lider aramızda yoxdur, ancaq təməli Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik, demokratiya və azadlıq prinsipləri, başlıcası isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət Azərbaycan xalqına gələcəyə inamla baxmağa imkan verir.

Sonra səhnəyə tanınmış dirijor, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dunay simfonik orkestri çıxmışdır. Bu, tanınmış Azərbaycan dirijorunun Macarıstana artıq üçüncü səfəridir.

Konsertdə P.Çaykovskinin, S.Hacıbəyovun, R.Vaqnerin, F.Əmirovun əsərləri səslənmişdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən təşkil olunmuş gecədə 600-dən çox qonaq, o cümlədən, Macarıstan parlamentinin deputatları, diplomatik missiyaların rəhbərləri, işgüzar dairələrin nümayəndələri, diasporumuzun üzvləri və Budapeştdə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Konsert böyük uğurla keçmişdir, Macarıstan dinləyiciləri musiqiçilərin çıxışını alqışlarla qarşılamışlar.


Xalq qəzeti.-2008.- 19 dekabr.- S. 4.