Ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr edilmiş konsert
Dekabrın
12-də, Mstislav Rostropoviç adına II Beynəlxalq festival
çərçivəsində Heydər Əliyev
Sarayında konsert olmuşdur.
Konsertdə Cüzeppe
Verdi di Milano orkestri və xoru Cüzeppe Verdinin “Rekviyem”
əsərinin ifasını görkəmli siyasi xadim,
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin nurlu xatirəsinə həsr etmişdi. Dirijor
Yucin Kon idi.
Həmin gün saraya
gələnlərin hər biri ulu öndərimizi dərin
minnətdarlıq və sevgi hissləri ilə yad edir,
Vətənimiz Azərbaycanın, xalqımızın öz
müstəqilliyinə görə daim borclu olduğu bu dahi
insan haqqında düşünürdü.
Salona toplaşanlar
Bakının qonaqlarının ifasını
ürəkdən alqışlamış, bu kədərli
gündə dərdimizə şərik olduqlarına
görə onlara təşəkkürünü bildirmişlər.
Mstislav Rostropoviç
adına II Beynəlxalq festivalın
iştirakçılarının - Cüzeppe Verdi di Milano
orkestri və xorunun çıxışına bilet ala
bilməyənlər də bu konserti dinləmək imkanı
əldə etmişlər: yeni texniki vasitələr həmin
konserti Heydər Əliyev Sarayından kənara translyasiya
etməyə imkan verir.
Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının humanitar
siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə və mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev konsertdə olmuşlar.
Xalq qəzeti.- 2008.- 13 dekabr.- S. 2.