Kamilova M.
Heydər Əliyev
mədəniyyətimizin himayədarı idi
Həyat
təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin
Heydər Əliyev qədər cahanşümul
himayədarı, qayğıkeşi olmayıb. Ötən
əsrin sonlarında cəmiyyətdə baş verən
aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə
iqtisadiyyat deyildi, - mənəvi potensialımız da
sıradan çıxmaq üzrə idi. Məhz Heydər
Əliyev zəkasının işığında sahmanı
pozulmuş həyatımızın bütün
sahələrində olduğu kimi,
mədəniyyətimizdə də nizamlanma aparıldı.
Heydər Əliyev
mədəniyyətə sadəcə qayğı göstərməklə
kifayətlənmirdi. İstənilən musiqi əsəri,
incəsənət xadiminin yaradıcılığı
haqqında elə dəqiq fikirlər söyləyir,
təhlillər edirdi ki, sənətşünaslar belə
həsəd aparırdılar. Heydər Əliyev hər bir
sənət sahibi ilə məhz o sənətin mahir bilicisi
kimi söhbət edərdi. Heydər Əliyevin
xidmətləri nəticəsində Azərbaycan
mədəniyyəti sözün həqiqi mənasında
yüksəliş dövrü keçdi. 1969-1982-ci
illərdə memarlıq və şəhərsalma, monumental
incəsənət, təsviri sənət, musiqi, teatr, kino
sahəsində misli-bərabəri görünməyən
tərəqqi baş verdi. O dövrdə Azərbaycanın
bütün sahələrində mədəniyyət
evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu
ildən fəaliyyəti dayandırılmış bir sıra
rayon teatrları yenidən həyata qaytarıldı.
Azərbaycanın
müxtəlif bölgələrində mədəniyyət
və incəsənət xadimlərinin xatirəsini
əbədiləşdirmək üçün
abidələr ucaldıldı.
İmadəddin
Nəsimi, Cəfər Cabbarlı, Səməd Vurğun,
Nəriman Nərimanov, Mehdi Hüseyn və başqa
ədiblərin şərəfinə ucaldılmış
heykəllərin təşəbbüskarı məhz
Heydər Əliyev oldu.
Azərbaycan incəsənətinin
inkişafına nail olmaq üçün Heydər Əliyev
görkəmli bəstəkarların, rəssamların, kino
və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində
keçirilməsinə böyük əhəmiyyət
verirdi.
Onun Prezident
təqaüdü təsis etməsini incəsənətimizin
inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək
olar. Bu siyahıda Tofiq Quliyevin, Cövdət Hacıyevin,
Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun,
Şəfiqə Axundovanın, Hökumə
Nəcəfovanın, Məmməd Cavadovun, Arif Məlikovun,
Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin,
Azər Rzayevin, Ramiz Mustafayevin, Tofiq Bakıxanovun, Aqşin
Əlizadənin, Firəngiz Əlizadənin, Ramiz
Mirişlinin, Musa Mirzəyevin, Nəriman Məmmədovun, Oqtay
Zülfüqarovun, Elza İbrahimovanın, Oqtay Kazımovun,
Yaşar İmanovun, musiqişünas Elmira Abasovanın, Ramiz
Zöhrabovun adlarını çəkə bilərik.
Ölkə rəhbərinin sözün əsl
mənasında musiqi sənətinə verdiyi yüksək qiymət
bu sahədə çalışanları yaradıcılığa
ruhlandırmışdır.
1995-2003-cü illər
ərzində Prezident H.Əliyevin fərmanı ilə
görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif
Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata
- «İstiqlal» ordeninə, Azərbaycan Respublikasının xalq
artistləri Cövdət Hacıyev, Süleyman
Ələsgərov, Hacı Xanməmmədov, Vasif
Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev,
Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa
Mirzəyev, Ramiz Mirişli, daha bir yüksək Dövlət
mükafatı - «Şöhrət» ordeni ilə təltif
olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova,
Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının
xalq artisti adına layiq görülmüşlər. Söz
yox ki, bu təltiflər sənətkarlarımızın
yaradıcılığı üçün ilham
mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq
uğurlarına sövq etmişdir.
Xatırladaq ki,
Azərbaycan o zaman böyük dövlətin - sovetlərin
tərkibində kiçik bir respublika idi. Amma həmin vaxt
dörd yazıçı və şairimiz - Süleyman
Rəhimov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman
Rüstəm, üç bəstəkarımız - Qara
Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, böyük
müğənnimiz Rəşid Behbudov, memar Mikayıl
Abdullayev, rəssam Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı
kimi ad aldılar. Bu görkəmli insanların çətin
maneələri aşmasında ilkin köməyi,
dəstəyi məhz ümummilli liderimiz göstərmişdir.
Azərbaycan musiqi
sənətinin inkişafında xidmətləri olan
bəstəkarlardan C.Hacıyevin, A.Əlizadənin, xalq
artistlərindən S.Qədimovanın, F.Qasımovanın,
Z.Xanlarovanın "Şöhrət" ordeni ilə
təltif olunması ümummilli liderin musiqi sənətinə
göstərdiyi diqqətin nəticələrindəndir.
Ümummilli liderimiz
çıxışlarının birində demişdir:
«Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət
qədər insanları bir-birinə heç nə bağlamır.
İncəsənətin, mədəniyyətin, xüsusən
də, mahnının, musiqinin oynadığı rolu heç
bir vasitə oynaya bilməz. Musiqi ayrı-ayrı xalqlara
məxsus olsa da, insanları birləşdirən ən
yaxşı vasitədir. Bu səbəbdən də
müxtəlif xalqlar arasında mədəni
körpülər salmaq çox vacibdir. Heydər Əliyevin hakimiyyətə
ikinci dəfə qayıdışından sonra respublikamızda
müxtəlif ölkələrin, eləcə də, xarici
ölkələrdə Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsinə start verildi. Heydər
Əliyev tərəfindən təməli qoyulmuş
mədəni əlaqələr bu gün də
müntəzəm davam etdirilməkdədir.
Ümummilli lider
haqqında yazılan xatirələrdən, eləcə də
onun özünün yaddaşımıza həkk olunmuş
sözlərindən məlumdur ki, o, lap uşaqlıqdan teatr
həvəskarı imiş. Heydər Əliyev orta
məktəbdə oxuyarkən rəssam olmaq istəyirmiş.
Yaradıcılığa meyil və məhəbbət onun
bütün varlığında yaşadığından,
həmişə teatrı dərin məhəbbətlə
sevib. H.Əliyev teatrlarda tamaşaya qoyulan bütün
əsərlərin premyerasında mütləq istirak
edərdi. Bu səbəbdən də Azərbaycanın rejissor
və aktyor qrupları Heydər Əliyevi «teatrın dostu»
adlandırırdılar. Milli teatrımızın müasir
tələblər səviyyəsində fəaliyyət
göstərməsi onun ən böyük arzusu olmuş
və həmişə teatrın tərəqqisi
üçün müxtəlif göstərişlər,
təşəbbüslər irəli sürmüş,
sərəncamlar imzalamışdır.
Heydər Əliyevin
belə bir amalı var idi: «Qazanılan gəlir birinci
növbədə mədəniyyətə sərf olunmalıdır.
Çünki mədəniyyət hər şeydən
üstündür».
Unudulmaz Heydər
Əliyevin Azərbaycan mədəniyyətinə
göstərdiyi qayğı və diqqət heç vaxt yaddan
çıxan deyil. Belə bir fikir var ki, millət
şəxsiyyətini yetişdirir, şəxsiyyət də
öz millətini dünyaya tanıdır. Müasir
Azərbaycanın memarı olan Heydər Əliyev ümummilli
lider və millət qəhrəmanı kimi tarixin
şərəfli taxtında ucalıb. Ulu öndərin milli
mədə-niyyətə, mənəviyyata göstərdiyi
münasibət və mövqe hər birimiz üçün
böyük məktəbdir.
Azərbaycan və
Heydər Əliyev! Bu tərkib əsrlər boyu qoşa
səslənəcək. Çünki müstəqil
Azərbaycan Respublikası H.Əliyevin şah əsəridir.
Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi
böyük öndərimizin həyat yolu, amalı idi.
Mənsub olduğu xalqına xidmət etmək,
rəhbərlik etdiyi ölkəni dünyada layiqincə
tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi
olub. H.Əliyev elə bir rəhbər, elə bir
dövlət başçısı idi ki, heç bir sahə
onun diqqətindən kənarda qalmırdı. O, sözün
həqiqi mənasında Azərbaycanla yaşayır,
Azərbaycanla nəfəs alırdı. Heydər Əliyevin
xatirəsi xalqımızın yaddaşında əbədi
yaşayacaqdır. O, bizim üçün həmişə
əziz olub, əziz olaraq da qalacaqdır.
Mədəniyyət.- 2008.- 13 dekabr.- S. 3.