Zümrüd

 

Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti

 

Fikrət Qoca: "Ümummilli lider Heydər Əliyev dünyada məşhur olduğu kimi, Azərbaycan ədəbiyyatını da məşhurlaşdırdı"

 

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyətin qarşısında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur.

Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir. Azərbaycanda milli ideologiyanın formalaşmasında, milli əxlaqi dəyərlərin inkişafında rol oynayan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövr ərzində elmin, təhsilin, mədəniyyətin dövrün tələbləri səviyyəsində istiqamət almasına böyük təsir göstərərək bu və ya digər sahələrdəki oyanış və dirçəlişlə bağlı konkret işlərin əsasını qoydu.

Ulu öndər Heydər Əliyev zamanın tələbini tutan və dərin zəkası, intellektual səviyyəsi ilə yenilikçilik ideyalarını reallaşdırmağa nail olan bir şəxsiyyət kimi Azərbaycan tarixinə öz izini salmışdır. Onun yaşadığı dövr, əldə olunan nailiyyətlər böyük bir hadisəyə çevrilərək, tədqiqat obyekti kimi diqqət mərkəzində olmuşdur. İstər yaşadığı illərdə, istərsə də, ondan sonrakı dövrlərdə Heydər Əliyev ziyalılığı, bəşər tarixinə gətirdiyi nailiyyətlər Azərbaycanın ictimai, siyasi, mədəni həyatındakı dirçəliş Onun geniş dünyagörüşlü siyasi xadim olduğunu göstərir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsindən 5 il zaman ötür. Bu illər ərzində quruculuq siyasəti Onun Azərbaycan dövlətinin varisi kimi tarixə izini salmış, eyni zamanda, Heydər Əliyevin böyük siyasi xadim kimi məhz Azərbaycana, azərbaycançılıq ideyalarına xidmət göstərdiyini təsdiqləyir. Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın.

   Xalq şairi Fikrət Qoca:

 

- Heydər Əliyev türk dünyasının çox qüdrətli siması kimi Azərbaycan ədəbiyyatının, poeziyasının inkişafına xidmət göstərmiş, bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsinə imza atmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında çox böyük rolu olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, bu sahənin xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli əsərlər yaratdıqlarını xüsusi vurğulamışdır.

Hələ 1970-1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ədəbiyyatın inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın yaradıcı simalarından qayğı və məhəbbətini əsirgəmədi. Onun fəaliyyəti dövründə Azərbaycan ədəbiyyatı, demək olar ki, özünün yeni bir dövrünü yaşadı. İstər sovet dövründə, istərsə də, müstəqillik dövrümüzün ilk illərində Azərbaycan ədəbiyyatının, poeziyasının görkəmli nümayəndələrinə olan diqqət qələm sahiblərinin mövcud ideologiyanın əsasında qurub-yaratmağa sövq edirdi. Bu illərdə yaranan ədəbiyyat nümunələri milli düşüncənin bariz nümunəsidir. Azərbaycan ədəbiyyatının inkişafı istiqamətində görülən işlər qısa bir zamanda öz nəticəsini verdi. Belə ki, Heydər Əliyev hakimiyyətə gəldiyi ildə - 1969-cu ildə ədəbiyyatımızda, bildiyiniz kimi, təmizləmə işləri aparılmış, milli düşüncəyə qarşı ciddi səylər göstərilmiş və Azərbaycanın çox istedadlı qələm sahibləri repressiya qurbanına çevrilmişdilər.

Sovet dövrünün ən qatı çağlarında Heydər Əliyevin Azərbaycana birinci katib təyin olunması, şair və yazıçıların yaradıcılığına stimul verdi. Belə ki, həmin illərdə Azərbaycan tarixi, gerçəkliyi ilə bağlı yaranan əsərlər senzura tərəfindən birmənalı qarşılanaraq nəşr olundu. Böyük tirajlarla çap olunan əsərlər gənclərin təlim-tərbiyəsində, milli-mənəvi və əxlaqi dəyərlərin qurulmasında mühüm rol oynadı. O illərdə yazıb-yaradan qələm sahibləri sovet ideologiyasının realizm prinsiplərinə uyğun bir şəkildə yaradıcılıq fəaliyyətlərini davam etdirsələr də, milli ruhda nəsr və nəzm əsərlərini yaratmaqla özlərində bir rahatlıq hiss edir, Heydər Əliyev kimimüdrik bir şəxsiyyətin onların müdafiəçisi olduğunu zənn edirdilər. Demək olar ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatının bir dayağı idi. Özü də ədəbiyyatı çox nəfis bir şəkildə bilən bir ziyalı kimi Onun tarixini və müasirliyini xırdalıqlarına, incəliklərinə qədər təhlil edir, ədəbi janrların hər birinə ayrı-ayrılıqda yanaşmağı bacarırdı. Ədəbiyyatı, poeziyanı sevən Heydər Əliyev bu sahədə çalışan insanların əməyini yüksək qiymətləndirir, onların ev-muzeylərinin açılması, abidələrinin ucaldılması istiqamətində işlər görməklə yanaşı, müasirlərinin maddi və mənəvi həyatının yüksəlməsi baxımından da ciddi işlərə imza atırdı.

Sovet imperiyası dağıldıqdan sonra müstəqilliyin ilk illərində Heydər Əliyev yaradıcı şəxslərin həyat şəraitinin aşağı səviyyədə olmasını görüb, bu sahənin nümayəndələrinin müəyyən yollarla həyat şəraitinin yaxşılaşdırılmasına çalışdı. Qısa bir zamanda, Prezident təqaüdünün və mükafatının təsis edilərək, onlara verilməsi, bir çox ziyalıların mənzillərlə təmin olunması mövcud böhran vəziyyətindən çıxmağa imkan verdi. Eləcə də, yaradıcı şəxsləri müasir dövrün tələblərinə cavab verə biləcək iş otaqlarında çalışması üçün ciddi addımlar atdı. Bu gün bu ideologiya, Onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən həyata keçirilir. Bildiyiniz kimi, Azərbaycan Yazıçılar Birliyinin binası təmir və bərpa olunaraq istifadəyə verildi. İlham Əliyevin sərəncamı əsasında müxtəlif yaş dövrünə mənsub olan yazıçı və şairlərə Prezidentin xüsusi mükafatının verilməsi və onların maddi təminatının təmin edilməsi həyata keçirildi.

Bu gün Azərbaycan poeziyası dünya ölkələrində keçirilən beynəlxalq müsabiqə və festivallarda təmsil olunur. və çox uğurlu nəticələr əldə edilir. Sözsüz ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğı olmasa Azərbaycan ədəbiyyat nümunələri dünyaya qapı aça bilməz. Onun hakimiyyətə gəlişi ilə biz azadlığa çıxdıq. Birliyin nəzdində çap olunan qəzet və jurnallara ayrılan diqqət mətbu orqanlara rəngarənglik gətirdi.

Heydər Əliyev Yazıçılar Birliyinin fəxri üzvü idi. Bizim qurultayda çıxış edib, öz tövsiyyələrini verməsi yazıçılara mənəvi təkan verdi. Bu, Onun hərtərəfli inkişaf etmiş bir şəxsiyyət olmasında irəli gəlirdi. Heydər Əliyev dünyada məhşur olduğu kimi, Azərbaycan ədəbiyyatını da məhşurlaşdırdı.    

   Respublikanın xalq artisti, Prezident təqaüdçüsü Aygün Bayramova:

 

- Heydər Əliyevin dünyasını dəyişməsindən bizi qısa bir zaman ayırsa da, Onun dövlətçilik ənənələri elə möhkəmlənmişdir ki, onilliklər ötsə də belə, ümummilli liderin nəfəsini duyur, hiss edirik. Azərbaycan mədəniyyətinin vurğunu olan və Onun müxtəlif sahələrini inkişaf etdirən Heydər Əliyev milli musiqimizin yüksəlməsinə çalışmışdır. O, Azərbaycan muğam sənətinin mahir ifaçılarını yüksək qiymətləndirərək, istər sənətin yaradıcılarını, istərsə də, muğam məktəbinin davamçıları olan sənətkarları yüksək qiymətləndirərək, onların sənət irsini geniş bir şəkildə təbliğinə ciddi diqqət ayırılmasını qarşıya əsas məsələlərdən biri kimi qoymuşdur.

Azərbaycan muğamının bir qədər tənəzzülə uğraması, sözsüz ki, acınacaqlı bir hal kimi qarşılanmaya bilməzdi. Çünki bu sənətdə xalqın tarixi keçmişi öz kökünü salmışdır. Heydər Əliyev kimi müdrik bir siyasətçi, xalqın dəyərlərini bacaran dövlət xadimi qısa bir zamanda muğam sənətinə olan laqeyd münasibətin aradan qaldırılmasına nail oldu və bu sənət növü yüksək bir şəkildə təbliğ olunaraq muğam janrında canlanma yaratmağa başladı. Mən bir muğam ifaçısı kimi Heydər Əliyev ətrafında hər zaman sənətimə qarşı böyük diqqət görmüşəm.

Respublikanın əməkdar artisti, xalq artisti adlarını almaqla yanaşı, Prezident təqaüdü ilə də təltif olunmuşam. Muğam müsabiqələrində iştirakım, Azərbaycandan kənarda keçirilən konsert proqramlarında, eləcə də, müsabiqə və festivallarda yer almağım dövlətin muğam sənətinə olan diqqətinin nəticəsində meydana gəlmişdir. Bildiyimiz kimi, muğam sənəti dünyanın şah əsərləri sırasına daxil edilərək, öz layiqli yerini almışdır. Fransanın Luvr kimi muzeyində Azərbaycan tarının qorunub-saxlanılması məhz Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin davamıdır. Mən bir musiqiçi kimi fəxr edirəm ki, Heydər Əliyev hakimiyyəti dövründə bu sənətə yol açmışam və sənətkar kimi muğam məktəbindən bəhrələnmişəm.

 

Azərbaycan Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev:

 

- Heydər Əliyevin Azərbaycan mədəniyyətində oynadığı rol cəmiyyətə bütün xırdalıqlarına qədər bəllidir. Azərbaycan Rəssamlıq sənətinin qrunması və inkişafı 1969-cu ildən sonra öz yeni mərhələsini yaşamışdır. Tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən, qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənət işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənət nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri, bu qəbildən olan başqa nümunələrin inkişafı və təbliği həmin illərdən başlayaraq bir xətt üzrə inkişaf edirdi.

Onun səyi nəticəsində Azərbaycanın müxtəlif məkanlarında ucaldılan memarlıq abidələri, muzeylər xalqın mədəni müəssisələrə olan tələbatını qismən ödəmiş oldu. Bu illər ərzində Azərbaycan rəssamları Toğrul Nərimanbəyov, Tahir Salahov, Vidadi Nərimanbəyov kimi rəssamlar Azərbaycan təbiətini, Azərbaycan reallıqlarını əks etdirməklə tarixi dönəmlərdə yaranmış müxtəliflikləri əks etdirirdilər. Bu azad düşüncənin sənətə gəlməsi ilə əlaqəlidir. Sənətə və sənətkara yaradılmış bu atmosfer rəssamların rəngarəng tablolar yaratmasına, tarixi şəxsiyyətlərin simalarının kətan üzərinə köçürülməsinə səbəb oldu. Azərbaycan milli alətləri, milli nəzmdə yazıb-yaradan yaradıcı şəxsləri əsərlərinə illüstrasiyalar çəkilməsi və s. rəssamlıq sənətində ön plana çəkildi.

Heydər Əliyevin sərəncam və fərmanları nəticəsində rəssamlıq sənətinin nümayəndələri yaradıcılıq yolunda yeni nailiyyətləri əldə etməyə başladılar. Xalq Cəbhəsinin dövründə yaradıcı şəxslərə qarşı yaradılmış xüsusi kampaniyalar, onların sənətlərinin arxa planda qalması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə öz axarını tapdı. Həmin ildən bahlayaraq, rəssamlıq sənəti XXI əsrdə yeni məzmunda nümunələri ortaya qoyaraq, öz düşüncə tərzini meydana gətirmiş oldu. Bu sahədə uzun illər çalışan istedadlı şəxslərə fəxri adların, mükafatların verilməsi rəssamların bu sahədəki fəaliyyətində irəliləyişlərə gətirib çıxardı. Fransada, Amerikada, Almaniyada, İngiltərədə, Türkiyədə və digər dünya ölkələrində Azərbaycan rəssamlarının əsərləri sərgiləndi, Azərbaycan mədəniyyət günləri keçirildi. Bütün bunlar Heydər Əliyevin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə əlaqəlidir.

Bu gün də bu qayğı və diqqəti öz üzərimizdə hiss edirik. Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən Azərbaycan Rəssamlar İttifaqının binası yeni bir şəkildə təmir olundu və istifadəyə verildi. Eyni zamanda, rəssamlar üçün yaradıcılıq emalatxanasının inşa edilməsi ilə bağlı imzalanan sərəncam da Azərbaycan rəssamlıq məktəbinə göstərilən diqqətdir. Bu gün biz Heydər Əliyevi öz aramızda görür və Onu Azərbaycanın yaradıcısı, qurucusu və memarı olduğunu ölkəmizin ümumi görkəmində hiss edirik.

 

Səs.- 2008.- 12 dekabr.- S. 12.