AzərTAc xəbər
verir ki, dekabrın 19-da Dünya
Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının Bakıda keçirilən iclasının
iştirakçılarının bir qrupu Bakı Slavyan
Universitetində (BSU) Almaniyada yaşayıb-yaradan
soydaşımız, tanınmış rəssam
Əşrəf Heybətovun "Almaniya Azərbaycan
rəssamının gözü ilə" adlı fərdi
sərgisində olmuşlar.
Şuranın
iclasının proqramı çərçivəsində
Alman-Azərbaycan Cəmiyyətinin
təşəbbüsü, Diaspor ilə İş
üzrə Dövlət Komitəsi, Azərbaycan Rəssamlar
İttifaqı və BSU-nun dəstəyi ilə təşkil
olunmuş sərgi ilə tanışlıq qonaqlarda xoş
təəssürat oyatmışdır. Maynts-Azərbaycan
Cəmiyyətinin sədri
Başar Kömür qonaqlar adından çıxış edərək
ulu öndər Heydər Əliyevin xarici ölkələrdə
yaşayan azərbaycanlılara
xüsusi diqqət və qayğısını
xatırlatmış, xaricə
səfərləri çərçivəsində
azərbaycanlılarla görüşlər
keçirdiyini, azərbaycançılıq ideologiyasının
yayılması və
dünya azərbaycanlılarının
həmrəyliyi istiqamətində
gördüyü işləri
xüsusi qeyd etmişdir.
Yaradıcılığında
Şərq ənənələrini Qərb plastikası
ilə üzvi şəkildə birləşdirən
Əşrəf Heybətov Bakıda doğulub boya-başa
çatsa da, xarici ölkələrdə Azərbaycan
rəssamlıq məktəbinin və incəsənətinin
təbliği ilə məşğul olur. Milli kolorit, Şərq fəlsəfəsi
və adət-ənənələrimiz fırça
ustasının əsərlərində
geniş tərənnüm
edilir.
Sərgidə Almaniya şəhərlərinin mənzərələri
təsvir olunmuş rəsmlər tamaşaçılar
tərəfindən maraqla
qarşılanmışdır.
Sonra qonaqlar universitetin
kitabxanası, muzeyi və radioqovşağı ilə
tanış olmuşlar
Azərbaycan.- 2008- 20 dekabr.- S. 5.