Əliyev Ə.

 

Miluzda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı mərasim keçirilmişdir

 

Fransanın Miluz şəhəri yaxınlığındakı Dantes qəsrində Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı mərasim təşkil etmişlər. Tədbirdə Fransanın Alzas bölgəsində yaşayan azərbaycanlılar, Almaniyadan gəlmiş soydaşlarımız, daimi nümayəndəliyimizin əməkdaşları və tələbələrimiz iştirak etmişlər.

Mərasimin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmişdir. Aparıcı Strasburqdakı Rober Şuman Universitetinin tələbəsi Esmira Qasımova tədbiri açaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların öz doğma Vətənləri ətrafında birləşməsində bu günün müstəsna rolundan danışmışdır.

Daimi nümayəndəliyin rəhbəri səfir Arif Məmmədov mərasim iştirakçıları qarşısındakı çıxışında demişdir: Dekabrın 31-i əlamətdar gündür. Xarici ölkələrdə on milyonlarla azərbaycanlı yaşayır. Bu dövlətlərdəki həmvətənlərimizin Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkələrdə təbliğ etmək, tanıtdırmaq baxımından yaratdıqları diasporun sayı artmaqda getdikcə güclənməkdədir. Bu hamımızı sevindirir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli dirçəlişə, əlaqələrin gücləndirilməsinə tələbat yaranmışdır. Məhz belə bir vaxtda uzaqgörən siyasi xadim ümummilli liderimiz Heydər Əliyev dünyadakı azərbaycanlıların doğma vətənləri ətrafında sıx birləşməsi ideyasını irəli sürmüşdür. 31 dekabrın bayram kimi qeyd olunması ulu öndərimizin adı ilə bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan MR Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi qərara alınmışdır. Elə həmin vaxtdan dekabrın 31-i əziz bayram kimi təntənə ilə qeyd edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin həmrəyliyin yaradılması, habelə Azərbaycan icmaları, cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsi işində mühüm rol oynamaqdadır.

Artıq azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə diaspor təşkilatları yaranmışdır. Bu təşkilatlarda xarici ölkələrdə ali təhsil alan tələbələrimizin fəaliyyəti diqqətəlayiqdir. İndi bu tədbirdə Miluzda, Strasburqda yaşayan Fransanın digər şəhərlərindən gələn soydaşlarımızla tələbələrin birgə iştirakı bunun bariz nümunəsidir. Strasburqda diasporumuzun əsas hissəsini tələbələr təşkil edir. Nümayəndəliyimiz onlarla işə xüsusi diqqət qayğı göstərir.

Tələbələrimiz ölkəmizin tarixi, mədəniyyəti, milli dəyərləri haqqında məlumatın Fransa ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Nümayəndəliyimiz gələcəkdə diaspor ilə əlaqələrini daha da gücləndirmək, birgə tədbirlər keçirmək üçün xüsusi plan hazırlamışdır. İnanıram ki, birgə fəaliyyətimiz Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə ətraflı çardırılmasında xüsusi rol oynayacaqdır.

Tədbirdə Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fərhad Axundov, müavini Ramin Cəfərov və Rober Şuman Universitetinin tələbəsi Xəyal Məmmədov Fransada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı tədbirlərdə fəal iştirak etməsindən danışmışlar.

Tədbirin sonunda Azərbaycan mahnıları səsləndirilmişdir. Rober Şuman Universitetinin tələbəsi, Bakı Xoreoqrafiya Məktəbinin məzunu Olqa Şabelnikovanın ifasında milli rəqsimiz mərasim iştirakçılarında xoş təəssürat yaratmışdır.

Xalq qəzeti.- 2008.- 23 dekabr.- S. 4.