Almaniyada Azərbaycan ili başa
çatır
Almaniyada Azərbaycan
ilinin başa çatması ilə əlaqədar mərasimlər
Ştutqart şəhərindən
start götürmüşdür. Rəsmi bağlanış mərasimində
iştirak etmək üçün Azərbaycan
Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin
rəhbərliyi ilə
nümayəndə heyəti
dekabrın 2-də Almaniyaya
yola düşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər
ki, müstəqil Azərbaycan dünya birliyinin siyasi, iqtisadi, mədəni məkanlarına uğurla
inteqrasiya etməkdədir. Bu baxımdan
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
2008-ci ildə dünyanın
aparıcı dövlətlərindən
olan Almaniya Federativ Respublikasında irimiqyaslı mədəni
layihənin – “Azərbaycan
ili”nin təşkili
xüsusi əhəmiyyətə
malikdir. Qədim tarixə malik xalqımızın zəngin
mədəniyyətinin Almaniyada
tanıdılması istiqamətində
atılan uğurlu addımlardan olan “Azərbaycan ili” respublikamızın Mədəniyyət
və Turizm Nazirliyi və Almaniyanın “Dr.Qabriela Mints
Menecment” Cəmiyyəti
tərəfindən Azərbaycanın
həmin ölkədəki
səfirliyinin yaxından
iştirakı ilə
həyata keçirilmişdir.
Bu ilin əvvəlində Berlin şəhərindən
start götürən “Azərbaycan
ili” çərçivəsində
Ştutqart, Drezden, Leypsik, Maynts, Hamburq, Münxen şəhərlərində keçirilən
müxtəlif tədbirlərdə
respublikamızın görkəmli
mədəniyyət xadimləri,
incəsənət ustaları
və tanınmış
bədii kollektivləri
çıxış etmişlər.
Berlin Brandenburq Elmlər
Akademiyasında mətbuat
nümayəndələri ilə
görüş, “Arsenal” kinomərkəzində
Azərbaycan filmlərindən
ibarət festival, dünya
azərbaycanşünas alimlərinin
iştirakı ilə
“Dirçələn Azərbaycan”
mövzusunda simpozium,
“Azərbaycan bu gün” adlı fotosərgi və digər tədbirlər maraqla qarşılanmışdır.
Maynts və Ştutqart şəhərlərində Azərbaycanın
muğam və caz ifaçılarının,
habelə Dövlət
Rəqs Ansamblının
çıxışları yaddaqalan olmuşdur. Almaniyanın
nüfuzlu “Der Taqesşpiqel” qəzetinin ölkəmizə həsr
etdiyi xüsusi buraxılışı böyük
tirajla yayılmışdır.
Almaniyada Azərbaycan mədəniyyət
ilinin yekunu ilə əlaqədar ölkəmizin elm, mədəniyyət
xadimlərinin və incəsənət ustalarının
müxtəlif şəhərlərdə
geniş proqramlarla çıxışları, maraqlı
sərgilər, təqdimat
mərasimləri və
təntənəli yekun
konserti nəzərdə
tutulmuşdur.
Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 3.