Seyidov V.
Almaniyada
Azərbaycan ili başa çatmışdır
“Almaniyada Azərbaycan
İli”nin başa çatması münasibətilə
Ştutqartda təntənəli mərasim
keçirilmişdir.
Yekun tədbirlərində
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin
Əfəndiyevin rəhbərliyi ilə nüfuzlu
nümayəndə heyəti iştirak etmişdir.
Xatırladaq ki, 2008-ci
ildə “Almaniyada Azərbaycan İli” adlı
genişmiqyaslı mədəni layihənin həyata
keçirilməsi ideyasını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev irəli
sürmüşdü. Müvafiq tədbirlər isə
Almaniyadakı Azərbaycan
diasporu nümayəndələrinin
fəal dəstəyi
ilə Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi, ölkəmizin
AFR-dəki səfirliyi
tərəfindən təşkil
edilmişdir. Almaniya Avropa İttifaqında Azərbaycan mədəniyyəti
İlinin keçirildiyi
ilk ölkədir. Layihənin məqsədi Almaniya ictimaiyyətini Azərbaycanın
qədim tarixi ilə tanış etmək, Azərbaycan xalqının zəngin mədəniyyətini və
gözəl ənənələrini
Avropa İttifaqının
üzvü olan ən böyük ölkədə populyarlaşdırmaq
idi.
Layihəyə bu ilin
əvvəlində Almaniyanın paytaxtı Berlində
başlanmış, sonra isə ölkənin digər
şəhərlərində - Mayns, Drezden, Leypsiq, Ştutqart,
Hamburq və Münxendə müxtəlif tədbirlər
keçirilmişdir. Azərbaycanın keçmişinə və bu gününə
həsr edilmiş fotosərgilərdə, konsertlərdə,
vernisajlarda, seminarlarda,
elmi konfranslarda Almaniyanın sıravi vətəndaşları xalqımızın
tarixinin mühüm səhifələri ilə,
ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti
sayəsində dünya
birliyində layiqli yer tutmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi
altında regionun lider dövlətinə çevrilmiş müstəqil
Azərbaycanın qazandığı
uğurlarla, ölkəmizin
görkəmli ədəbiyyat,
musiqi, incəsənət
və elm xadimlərinin nailiyyətləri
ilə tanış olmaq üçün gözəl imkan əldə etmişlər.
Ona görə də inamla deyə bilərik ki, “Almaniyada Azərbaycan İli” layihəsi çox böyük uğur oldu.
Dekabrın 2-də
Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezden
şəhərində layihə
çərçivəsində “Azərbaycan - Odlar yurdu”
adlı tətbiqi sənət nümunələri sərgisi
açılmışdır. Bu ilin avqust-noyabr aylarında həmin sərgi Berlin Etnoloji Muzeyində göstərilmişdir. Drezdendə
isə sərgi məşhur Dövlət
Etnoqrafiya Muzeyində keçirilmişdir. Sərgidə xalq tətbiqi sənəti nümunələri,
qədim xalçalar,
musiqi alətləri, ümumiyyətlə, xalqımızın
qədim tarixini və zəngin mədəniyyətini əks
etdirən iki yüzdən çox eksponat alman ictimaiyyətinin diqqətinə
təqdim olunmuşdur.
Sərginin açılışında Saksoniya əyalətinin Etnoqrafik kolleksiyalar idarəsinin direktoru Klaus Daymler, Saksoniya Mədəniyyət
və Elm Nazirliyinin idarə rəisi Tomas Früh, Berlin Etnoloji Muzeyinin Şərq departamentinin rəhbəri İnqrid Şindlbek, Azərbaycanın
Almaniyadakı səfiri
Pərviz Şahbazov çıxış etmişlər.
Onlar bu cür tədbirlərin Azərbaycan tarixinin və mədəniyyətinin
Avropada tanıdılması
işində əhəmiyyətini
vurğulamışlar.
Dekabrın 3-də Mayns
şəhərində Azərbaycan Dövlət Rəqs
Ansamblının iştirakı ilə konsert olmuşdur. “Mayns – Azərbaycan Cəmiyyəti” diaspor təşkilatının, respublikamızın
Mədəniyyət və
Turizm Nazirliyinin və Almaniyadakı səfirliyinin dəstəyi
ilə təşkil edilmiş konsert böyük uğurla keçmişdir. Konsertdən
sonra səfir Pərviz Şahbazov Maynsda yaşayan həmvətənlərimizlə görüşmüşdür.
Dekabrın 4-də
Ştutqartın məşhur Linden Muzeyinin konsert salonunda
tanınmış caz ifaçısı Emil Məmmədovun
və tarzən Mircavad Cavadovun konserti olmuşdur. Konserti Almaniyadakı “Dr. Gabriela Mints
Menecment” cəmiyyətinin
sədri xanım Qabriela Mints açaraq qonaqları salamlamış və demişdir ki, Azərbaycan İli çox böyük uğurla keçir.
Tamaşaçılar
Azərbaycan sənətçilərinin
çıxışlarını böyük maraqla
qarşılamışlar.
Dekabrın 5-də
Azərbaycan nümayəndə heyətinin
başçısı Elçin Əfəndiyev
Ştutqartın meri Volfqanq Şults ilə
görüşmüşdür. Görüşdə
Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin
indiki vəziyyəti və perspektivləri müzakirə edilmiş, Almaniyada Azərbaycan İlinin iki xalq arasında mədəni əlaqələrin
möhkəmləndirilməsində rolu vurğulanmışdır.
Şturtqart
Ədəbiyyat Evində almaniyalı aktyor Ditrix Mattaus xalq
yazıçısı Anarın almancaya tərcümə
edilmiş “Beşmərtəbəli evin altıncı
mərtəbəsi” romanından parçalar və alman dilində
Azərbaycan xalq nağıllarını oxumuşdur.
Sonra “Şərqin
və Qərbin şərab mədəniyyəti” mövzusunda
şərab sərgisi təşkil edilmişdir. Qonaqlar azərbaycanli şərabçıların nailiyyətləri
ilə tanış olmaq, içkiləri dequstasiya etmək imkanı qazanmışlar
Almaniyanın keçmiş
dövlət katibi, “Almaniya-Azərbaycan” forumunun sədri Otto Hauzer sərgidə
çıxış etmişdir.
O, hər iki ölkədə şərabçılığın
tarixindən söhbət
açımış, XIX əsrin
əvvəlində Azərbaycana
köçmüş almanların
bu sahənin inkişafına böyük
töhfə verdiklərini
xatırlatmışdır.
Elə həmin gün
“Noyşlos” hökumət sarayında layihənin başa
çatmasına həsr edilmiş təntənəli
mərasim və Azərbaycan incəsənət
ustalarının iştirakı ilə yekun qala-konsert
olmuşdur. Mərasimdə Azərbaycan nümayəndə
heyətinin başçısı
Elçin Əfəndiyev
çıxış etmişdir.
O, Almaniyada Azərbaycan
İlinin iştirakçılarına
və qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırmışdır.
Elçin Əfəndiyev
öz çıxışında
Almaniya ilə Azərbaycan arasında bütün sahələrdə,
o cümlədən mədəniyyət sahəsində
qarşılıqlı faydalı
əməkdaşlığın genişlənməsini vurğulamışdır.
O, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin uzaqgörən
siyasəti, müstəqil
Azərbaycan dövlətinin
təşəkkülündə onun rolu, habelə
müasir mərhələdə
ölkəmizin inkişafı
və modernləşməsi
məsələləri barədə
danışmışdır. Xüsusi vurğulanmışdır ki,
Ermənistanın Azərbaycana
qarşı təcavüzü
və bunun nəticəsində bir milyona yaxın azərbaycanlının öz
doğma yurdundan qovulması təkcə iqtisadiyyata və regional təhlükəsizliyə
deyil, mədəniyyətə
də çox böyük zərər vurmuş, işğal edilmiş ərazilərdə yüzlərlə
mədəniyyət abidəsi
məhv edilmişdir. Baş nazirin müavini demişdir ki, buna baxmayaraq,
Azərbaycan hökuməti
ölkəmizdə mədəniyyətin
inkişafına böyük
diqqət yetirir. Bu cür layihələrin
həyata keçirilməsi
həmin qayğının
əyani sübutudur.
Mərasimdə
Baden-Vürtemberq federal əyalətinin dövlət katibi
Georq Vaker və “Almaniya-Azərbaycan” forumunun sədri Otto Hauzer
çıxış etmişlər. Onlar
AFR-də Azərbaycan
İlinin uğurla keçməsini və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi
üçün bu cür layihələrin vacibliyini vurğulamışlar.
Sonra qədim xalq
çalğı alətləri ansamblının,
bəstəkar, xalq artisti Firəngiz Əlizadə və xalq
artisti Möhlət Müslümovun, Azərbaycan Dövlət
simfonik orkestrinin və Almaniyanın məşhur Minquet
kvartetinin iştirakı ilə yekun qala-konsert olmuşdur. Almaniyanın SWR teleradio kanalı həmin konserti yayımlamışdır.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan İlinin keçirilməsinə kömək
etdiklərinə görə
almaniyalı tərəfdaşlara
təşəkkürünü bildirmiş və nazirin adından onlara xatirə hədiyyələri təqdim
etmişdir.
Yekun
tədbirlərində Milli Məclisin deputatları
Əkrəm Abdullayev, Nizami İsgəndərov və
Rövşən Rzayev də iştirak etmişlər.
Konsertdən sonra
Azərbaycan İlinin
bağlanışına həsr
edilmiş rəsmi qəbul olmuşdur.
Dekabrın 6-da
Baden-Vürtemberq əyalətinin baş naziri Günter Ottinger
öz iqamətgahında Azərbaycan nümayəndə
heyətinin şərəfinə nahar vermişdir.
Xalq qəzeti.- 2008.- 7 dekabr.- S. 2.