AzərTAc xəbər
verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində
(ADİU) keçirilən VIII türk dünyası
iqtisadiyyat, elm və mədəniyyət forumunun
"İpək yolu XXI əsrdə" mövzusunda
beynəlxalq konfransı dekabrın 5-də başa
çatmışdır.
Beynəlxalq konfransda
"Türk dünyası ortaq ali təhsil
məkanının formalaşdırılması
imkanları", "Cənubi Qafqazda nəqliyyat
layihələri və onların həyata
keçirilməsinin geopolitik nəticələri",
"Türk dünyasında ali təhsilin inkişafı:
kitabxana və informasiya siyasəti
çərçivəsində bir baxış" və
digər mövzularda məruzələr dinlənilmişdir.
Türkiyənin
Yakın Doğu Universitetinin professoru Aysel Yontar, Bişkek
Maliyyə və İqtisadiyyat Universitetinin təmsilçisi,
professor Abdurrahman Mevlanov, Daşkənd Dünya İqtisadiyyatı
və Diplomatiya Universitetinin müəllimi, doktor Haydrali Yunusov
və digər natiqlər Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin
təşəbbüsü ilə 1998-ci ildə Böyük
İpək yolunun bərpası üzrə Bakıda
keçirilmiş konfransın əhəmiyyətini qeyd
edərək, İpək yolunun daha da inkişaf
etdirilməsinin zəruriliyini bildirmişlər.
Türkdilli xalqların
tarixi əlaqələrindən bəhs edən natiqlər
iqtisadiyyat, təhsil, mədəniyyət və s.
sahələrdə əməkdaşlığın daha da
genişlənəcəyinə ümid etdiklərini
söyləmişlər.
Sonda yekun
bəyannamə qəbul olunmuş, iştirakçılara
sertifikatlar təqdim edilmişdir.
Xatırladaq ki,
Təhsil Nazirliyi, ADİU, Türkiyənin Xarici Ticarət
Müşavirliyi və Türk Dünyası
Araşdırmalar Mərkəzi tərəfindən
təşkil olunmuş konfransda Türkiyə, Azərbaycan,
Qazaxıstan, Türkmənistan, Özbəkistan,
Qırğızıstan və digər türkdilli
ölkələrdən olan nümayəndələr,
ayrı-ayrı qurumların təmsilçiləri iştirak
etmişlər.
Azərbaycan.- 2008.- 6 dekabr.- S. 5.