Heydər Əliyev Fondu Gülüstan sarayında uşaqlar üçün bayram şənliyi təşkil
etmişdir
Heydər Əliyev Fondu
“Gülüstan” sarayında uşaq evlərində və
internat məktəblərində təlim-tərbiyə alan,
şəhid, qaçqın və məcburi
köçkün ailələrindən olan, yetim və
valideyn himayəsindən məhrum, təhsildə
xüsusilə fərqlənən uşaqlar üçün
Yeni il şənlikləri keçirir.
Dekabrın 29-da fondun
prezidenti, Azərbaycan
Prezidentinin xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak
etmiş, qızı Arzu ilə birlikdə
uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.
Əvvəlcə
ümummilli liderimiz Heydər Əliyevin müxtəlif
illərdə Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramlarında
uşaqlarla bir yerdə olmasından, fondun uşaq
evlərinə, internat məktəblərinə
qayğısından bəhs edən film göstərildi.
Şaxta baba və Qar
qızın al-əlvan bəzədilmiş
möhtəşəm saraya gəlişi alqışlarla
qarşılandı. Şaxta baba “sehrli çubuğu” ilə
yolkanı işıqlandırdı.
Üç saatdan
çox davam edən tədbirdə uşaqları
şənləndirmək üçün aktyorlar
bütün istedad və bacarıqlarını sərf
edirdilər.
Salona
toplaşmış uşaqların
çöhrələrində bu gözəl bayram
şənliyini onlara bəxş edən Heydər Əliyev
Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq
hissləri aydın sezilirdi. Həmin gün
şənlik iştirakçıları
arasında məcburi köçkün və qaçqın ailələrindən
olan uşaqlar, qayğıya gündəlik
ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız
əksəriyyət təşkil
edirdi.
Respublikamızın
tanınmış estrada müğənniləri,
məktəblilərin özfəaliyyət kollektivləri,
rəqs qrupları, gənc istedadlar öz oynaq, şux
mahnıları, rəqsləri ilə bayram şənliyini
daha da rövnəqləndirirdilər. Rəqslərə qoşulan, al-əlvan yolkalar ətrafında yallı gedən, məharətlərini
göstərən, möcüzələrə
heyrət edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış
sənətçilərin, klounların, sehrbazların
bir-birindən maraqlı çıxışları
məhz onlara ünvanlanmışdı.
Fondun
əməkdaşlarının tədbir
iştirakçılarına münasibəti, hər
kəsə qayğı ilə yanaşması da
uşaqların və onların müşayiətçilərinin
diqqətindən yayınmadı.
Azərbaycanda uşaqlara
göstərdiyi diqqət və qayğıya, bu
istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma
Azərbaycan uşaqları adından sevgi və
məhəbbətin ifadəsi olaraq mükafat təqdim edildi.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva bayram şənliyində
çıxış edərək dedi:
–Əziz uşaqlar,
hörmətli müəllimlər və valideynlər! Mən sizin hamınızı səmimi
qəlbdən salamlayıram.
Ənənəvi olaraq
biz bu il
də “Gülüstan”
sarayında ötən
illə vidalaşırıq
və yeni - 2009-cu ili qarşılayırıq.
Yeni il ailəvi
bayramdır və mən çox şadam ki, bu bayramı biz birlikdə, böyük, mehriban ailə kimi qeyd edirik.
Ötən ilə
nəzər salsaq görərik ki, ölkəmizdə bir
çox mühüm hadisələr baş vermiş, bir
çox nailiyyətlər əldə olunmuşdur. Ölkəmizin - Azərbaycanın inkişafı davam edir. Şəhərlərimiz,
kəndlərimiz abadlaşır,
gözəlləşir. Paytaxtımıza
nəzər salsaq görərik ki, nə qədər gözəlləşibdir. Yeni yollar,
geniş prospektlər,
körpülər salınır,
yeni parklar açılır, səhiyyə
və idman mərkəzləri inşa
olunur və istifadəyə verilir, yeni məktəblər, uşaq bağçaları
tikilir, mədəniyyət
abidələri, tarixi
abidələr bərpa
olunur. Bir çox yeni mədəniyyət ocaqları
inşa olunub, istifadəyə verilib, Heydər Əliyev Sarayı bərpa olunub, Muğam Mərkəzi, Qala Etnoqrafiya Muzeyi yaradılıb və sair.
2008-ci ildə Heydər
Əliyev Fondu da öz fəaliyyətini davam etdirmiş, bir
çox işlər görmüşdür. “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
ölkəmizdə yeni
məktəblərin tikintisi
davam edir. Bir sıra uşaq
bağçası tikilib
istifadəyə verilmişdir.
Uşaqlar üçün
yay düşərgələri
tikilir və istifadəyə verilir. Biz həmişə olduğu
kimi, uşaq evləri və internat məktəblərində
tərbiyə olunan uşaqların problemlərini
daim diqqət mərkəzində saxlamağa
çalışmışıq. Əgər 5 il bundan əvvəl Heydər Əliyev Fondu öz fəaliyyətinə
başlayanda bizim əsas gücümüz uşaq evlərinin, internat məktəblərinin
maddi-texniki bazasının
yaxşılaşdırılmasına yönəlmişdisə, bu
gün artıq demək olar ki, bütün məktəblər çox
gözəl vəziyyətdədir,
yenidən təmir olunmuş, çoxu yenidən qurulmuş, ən müasir avadanlıqla təmin edilmişdir. Bu gün bizim
diqqətimiz bu müəssisələrdə təhsilin
səviyyəsinə, təhsilin
şəraitinə yönələcəkdir.
Biz istəyirik ki, uşaqlarımız dünyanın ən yüksək standartlarına
cavab verən təhsil alsınlar, biliyə malik olsunlar.
Hesab edirəm ki, uşaqlıq həyatın ən gözəl dövrüdür.
Mənim arzum odur ki, Azərbaycanda
hər bir uşaq xoşbəxt olsun. Ona görə
də biz sizləri - bizim uşaqlarımızı, balalarımızı
məhəbbətlə, hörmətlə,
mərhəmətlə, diqqətlə
böyütməliyik. Aydındır
ki, siz hələ
həyatınızın başlanğıcındasınız.
Hər birinizin qarşınızda böyük
yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə,
xoş anlarla, qələbələrlə yanaşı,
sizi çətinliklər
də, problemlər də gözləyir. Ona görə də bu gün
biz böyüklər
sizi elə böyütmək istəyirik
ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl
insan, əsl vətəndaş, əsl
şəxsiyyət olasınız.
Siz yəqin bilirsiniz ki,
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2009-cu il ölkəmizdə “Uşaq ili” elan
olunmuşdur. Bu, o deməkdir ki, uşaqlara olan diqqət bir az da artmalıdır. Mən bu gün uşaq problemləri ilə məşğul olan bütün dövlət qurumlarına,
qeyri-hökumət təşkilatlarına,
cəmiyyətimizin hər
bir vətəndaşına
üz tutub deyirəm ki, uşaqlara daha da diqqətlə, daha da ürəklə,
daha da məhəbbətlə
yanaşmalıyıq. Yenə də deyirəm, bu, hər bir
insanın borcudur.
Çünki bizim uşaqlar
bu günümüz, Azərbaycanın sabahıdır,
Azərbaycanın gələcəyidir.
Əziz dostlar, mən sizin hamınızı Yeni il bayramı, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
münasibətilə ürəkdən
təbrik edirəm, sizə yeni ildə cansağlığı,
yeni uğurlar və qələbələr
arzulayıram.
Çox sağ olun.
Uşaqlar Mehriban xanımla xatirə şəkli çəkdirdilər.
Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.
Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.
Onu da deyək ki,
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın tövsiyəsi
ilə müvafiq tədbirlər görülmüş,
şənlikdə iştirak
edən uşaqların
“Gülüstan” sarayına
təhlükəsiz gəlib-getməsi
üçün rahat
avtobuslar ayrılmışdı.
Xalq qəzeti.- 2008.- 30 dekabr.- S. 3.