Abbasova V.

 

Gələn il Milli Kitabxana təmir olunacaq

 

Direktor müavini Gülbəniz Səfərəliyeva: “Texniki elmlərə maraq azalıb”

 

Elm va texnikanın sürətlə inkişaf etdiyi kompüter əsrində          yaşayırıq. Gündən-günə İnternet istifadəçilərinin sayının artması kitab oxuyanların sayının azalması ilə müşayiət olunur. Bəs görəsən, tələbələrin ən çox üz tutduğu M.F.Axundov adına Milli Kitabxanada vəziyyət necədir? Bu və digər suallarımızı kitabxananın direktor müavini Gülbəniz Səfərəliyevaya ünvanladıq.

- Bu yaxınlarda kitabxanamızın 85 illik yubileyini keçirdik. 1922-ci ildə təsis olunan kitabxananın yarandığı vaxt cəmi 5 min kitab fondu olub. Hazırda kitabxananın 5 milyona yaxın ədəbiyyat fondu, 230 min oxucumuz var. Kitabxanaya gələn oxucularımız ildən-ilə artmaqdadır. Hazırda daimi oxucularımızın sayı 38 mindir, eyni zamanda, virtual oxucularımız da var. Bildiyiniz kimi, kompüterləşməyə keçdikdən sonra kitabxanamızın elektron kataloqu, saytı, eləcə də elektron kitabxana fəaliyyət göstərir. Təkcə virtual oxucularımızın sayı 80 mindir. İnternet vasitəsilə bizə qoşulan oxucularımızın əksəriyyəti xarici ölkələrdə yaşayanlardır. 27 Avropa ölkəsi bizim elektron xidmətimizdən istifadə edir. Bununla yanaşı, Azərbaycan oxucuları Rusiya kitabxanalarından virtual xidmət vasitəsilə yararlanırlar. Gün ərzində kitabxanada 300-400 oxucu, şənbə-bazar günləri isə 600-ə qədər oxucu olur. Bizim kitabxana unversaldır, elmin bütün sahələrini əhatə edir. Xarici fondumuzda 30-dan çox dildə ədəbiyyat toplanıb. Oxuculara oxu zallarında kitab oxumaq üçün yüksək səviyyədə şərait yaratmışıq. 13 oxu zalımız fəaliyyət göstərir. Eyni vaxtda 250-300 nəfər oturub kitab oxuya bilir. Yenidən quraşdırılmış fonoteka zalımız da istifadəçilərin ixtiyarına verilib. Artıq burda Azərbaycanın qızıl səs fondunu diskə, CD-lərə köçürə bilirik. Bu, həmin valların qorunmasına imkan yaradır, həm də oxucular bir-birinə mane olmadan oturub həmin səs yazmalarına qulaq asa bilirlər. Oxucularımız istədikləri dövri mətbuatı da əldə edə bilirlər. Bu il 750-yə qədər dövri mətbuat materialı alırıq. Qəzetlər, jurnallar, bir çox nəşrlər imkan verir ki, kitabxananın oxucu problemi olmasın.

- Oxucularınızın səviyyəsindən razısınızmı? İnternetin inkişaf etdiyi bir şəraitdə kitabxanaya üz tutan oxucuların sayı çoxmu azahb?

- Çoxları deyir ki, indi kitab oxuyanlar yoxdur. Ancaq mən bu fikirlə razı deyiləm. Əvvəlki illərdən fərqli olaraq, indi oxucu da çoxdur və oxucuların səviyyəsi daha da inkişaf edib. Dəyişən bir məsələ mövzu konkretliyidir ki, oxucu hansı sahə üzrə istəyirsə, o sahədə kitablar oxuyur. İndi texniki elmlərə maraq azalıb. Bu da zamanənin tələbidir. Əvvəllər oxucularımızın bir sıra çətinlikləri vardı. İndi şəbəkəmiz genişlənib. Ona görə də əvvəllər üzləşdiyimiz problemlərə az-az təsadüf edirik. Belə ki, vaxt məhdudiyyətinə görə oxuya bilmədikləri kitabların vərəqlərini cırır, oğurlayırdılar. İndi surətçıxarrna aparatları kitabxanada bir neçə yerdə quraşdırılıb. Bu da imkan yaradır ki, gələn oxucu lazımı materialın üzünü çıxarıb aparsın. Ancaq bu da bütün kitablara şamil edilmir. Bir nüsxə olan və arxivdən gətirilən kitabları vermirik. Çünki üzü çıxarıldıqda kitablar korlanır.

-  Sovet dövründə çap olunan kitablar latın qrafikası ilə  təzələnirmi?  Yenilənən kitablar fonddan çıxarılırmı?

-  Bunu birdən-birə etmək heç cür mümkün deyil.  Bu proses tədricən həyata keçirilməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan klassiklərinin əsərlərinin demək olar ki, hamısı latın qrafikası ilə çap olunub. Çap olunan kitablar bizim kitabxanada toplanılır və respublika kitabxanalarına paylanılır. Eyni zamanda, dünya klassiklərinin əsərlərinin tərcüməsinə, uşaq ədəbiyyatının latın qrafikasında  nəşrinə  başlanılıb, dövlət tərəfindən bu sahədə geniş işlər görülür. Qaldı ki, universitet dərslikləri və digər kitablara, bunlar da tədricən yenilənəcək. Yenilənməsinə baxmayaraq, bu kitablar Milli Kitabxananın fondundan  çıxarılmır. Bir neçə ildən bir kitabxanada təmizllk işi aparıldıqda, bəzi istifadəyə yararsız kitablar atılır. 

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatına çalışdığımız qədər toxunmuruq. Ola bilər ki, hazırda istifadə olunmayan kitaba gələcəkdə tələbat olsun. Sonda onu da deyim ki, 2009-cu ilə Milli Kitabxanada əsaslı təmir işləri aparılacaq.

 

Bizim yol.- 2008.- 5 dekabr.- S. 13.