Qarayeva S.

 

Bakıdakı bir çox kitabxanalar paytaxt kitabxanaları adına layiq səviyyədə deyil

 

İnformasiya cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə pulsuz informasiya xidməti göstərən yeganə sosial institutdur. Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi Açıq Cəmiiyət İnstitutu Yardım Fondunun dəstəyi ilə "Azərbaycanda kitabxanalrın vəziyyətinin öyrənilməsi, problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili" adlı layihə həyata keçirir. Layihənin koordinatoru Günay Hüseynin "525"in müxbirilə söhbətində bildirdiyinə görə, Azərbaycanda ümumilikdə 4203 kütləvi kitabxana var ki, rəsmi statistikaya əsasən bunlardan 51-i qəza vəziyyətindədir. 1141 kitabxananın isə təmirə ehtiyacı var. Araşdırmalar zamanı məlum olub ki, 2008-ci ildə kütləvi kitabxanalara 16 milyon 378 min 579 manat vəsait ayrılsa da, həmin məbləğin 80 faizi işçilərin əmək haqqı üçün nəzərdə tutulduğundan kitabxanaların təmirinə cüzi vəsait qalır: "Ötən il dövlət başçısı İlham Əliyev Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında sərəncam verib. Sərəncamda bir sıra məsələlərlə yanaşı, "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın 3 ay müddətində hazırlanması ilə bağlı müddəa da var. Lakin təəssüf ki, biz çox axtarsaq da, bu dövlət proqramını əldə edə bilmədik. Hətta əlaqə saxladığımız kitabxanaçılar bizdən xahiş etdilər ki, əgər həmin proqramı tapa bilsək, onlara da məlumat verək". G.Hüseyn "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2007-2011-ci illərdə inkişafı və modernləşdirilməsi üzrə Dövlət Proqramı" üçün 178,9 milyon manat nəzərdə tutulduğu haqda məlumat aldıqlarını bildirsə də, monitorinq aparılan rayonların kitabxanalarında bu proqramın izinə rast gəlmədiyini söyləyib. O, Şirvan, Sabirabad, Sumqayıt, Lənkəran və Bakının əksər kitabxanalarının vəziyyətinin acınacaqlı oluğunu, heç bir kitabxanada elektron kataloqun, kompyuter sisteminin olmadığını, təmir işlərinin isə son dəfə sovet dövründə aparıldığını bildirib: "Məsələn, Şirvan şəhərində 1 və 2 saylı kitabxanalar eyni binada yerləşir. Tam təmirsiz vəziyyətdə olan kitabxananın otaqlarının qapıları yoxdur, fond saxlanan yerlər işıqsızdır. Demək olar ki, bütün kitabxanalar zirzəmidə yerləşir. Olduğumuz kitabxanaların kitabxanaçıları daimi kitabxanaya su axdığını, fondlardakı kitabların tədricən xarab olduqlarını bildirdilər.

Kitabxanalara təzə çap olunmuş latın qrafikalı bədii ədəbiyyatdan başqa yeni nəşr olunan elmi kitablar demək olar ki, alınmır. Xüsusən də rus dilində alınan kitablar yox dərəcəsindədir. Sabirabad və Lənkəran şəhərində olan kitab mağazalarının əksəriyyəti özəlləşdirilərək satılıb və artıq başqa təyinat üzrə fəaliyyət göstərir. Kitabxanalarda kondisioner və istilik sistemindən söhbət belə gedə bilməz. Oxucular yayda istidən, qışda soyuqdan əziyyət çəkirlər. Ədalət naminə qeyd etmək lazımdır ki, heç bir kitabxanaçı öz peşəsindən şikayət etmədi. Bakıya gəlincə, heç burada da kitabxanalar paytaxt kitabxanaları adına layiq səviyyədə deyil". G.Hüseyn deyir ki, mərkəzi kitabxanaların vəziyyəti nisbətən yaxşıdır. Filiallar isə əksərən dar küçə və döngələrdə, təmirsiz və su daman bina altında yerləşirlər: "Bina altında yerləşən kitabxanalardan biri də Nəriman Nərimanov adına Badamdar kütləvi kitabxanasıdır. Kitabxana elə bir yerdədir ki, yerləşdiyi bina sakinləri isə onun mövcudluğundan çətin xəbərdar olalar. Hüseyn Cavid adına Biləcəri şəhər kütləvi kitabxanasının isə yerləşdiyi yerə və təmirinə baxanda adam buranın kitabxana olduğuna inanmaq istəmir. Hər yerdə olduğu kimi kitabxanaların da sahəsinə göz dikənlər az deyil. Məsələn, Ənvər Məmmədxanlı adına kütləvi kitabxananın oxu zalı özəlləşdirilərək satılıb. Bakının yeni Günəşli, Suraxanı qəsəbələrində, yeni Yasamal qəsəbəsində, Müşfiqabad və Pirəkəşküldə isə ümumiyyətlə, kitabxana yoxdur".

 

525-ci qəzet.- 2008.- 4 dekabr.- S. 2.