Niftəliyev E.
Vyana Şəhər Baş
Kitabxanasında Azərbaycan guşəsi
açılmışdır
Dekabrın 19-da Vyana
Şəhər Baş Kitabxanasında Azərbaycan
guşəsinin yaradılması ilə əlaqədar
təntənəli tədbir keçirilmişdir.
Azərbaycanın
Avstriyadakı səfirliyi, Vyana Şəhər Kitabxanalarının
Direktorluğu və Avstriyada fəaliyyət göstərən
AZƏR(ATA) mədəniyyət cəmiyyətinin birgə
təşkil etdiyi tədbirdə Avstriya hökumətinin
təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, bu ölkədə
yaşayan həmyerlilərimiz, avstriyalılar və Vyanada
təhsil alan azərbaycanlı tələbələr
iştirak etmişlər.
Tədbiri açan Vyana
şəhər kitabxanalarının direktoru Markus Fayql
hədiyyə edilən kitablara görə Azərbaycan
tərəfinə minnətdarlığını bildirmiş
və yeni yaradılan guşə sayəsində kitabxananın
ədəbiyyat fondunun daha da zənginləşdiyini qeyd
etmişdir.
Hədiyyə edilən
kitabların artıq kitabxananın elektron kataloquna daxil
edildiyinə toxunan M.Fayql, bu kitablar sayəsində kitabxanaya yeni
oxucu kütləsinin cəlb olunacağına əminliyini vurğulamışdır.
Azərbaycanın
Avstriyadakı səfiri Fuad İsmayılov Azərbaycan və
Avstriya arasında humanitar-mədəni əlaqələrin
yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq
Vyana Şəhər Baş Kitabxanasında Azərbaycan
guşəsinin açılmasının
qarşılıqlı əlaqələrin inkişafında
mühüm bir addım olduğunu qeyd etmişdir. Guşənin
təkcə azərbaycandilli oxucular üçün
nəzərdə tutulmadığını bildirən
səfir Azərbaycanın tarix və mədəniyyəti
ilə maraqlanan avstriyalıların da bu kitablardan tez-tez
istifadə edəcəyinə əmin olduğunu
söyləmişdir. Qeyd edilmişdir ki, belə
layihələr qarşılıqlı əlaqələrin
inkişafına böyük töhfələr verir və
təkcə paytaxtlar arasında deyil, eyni zamanda
bölgələr arasında da əməkdaşlığa
kömək edir. Cari ildə Azərbaycan
sənətçilərinin Avstriyanın müxtəlif
şəhərlərində mədəniyyət
proqramları ilə çıxışları
ölkələrimiz arasında mədəni
əlaqələrin inkişafına bariz nümunədir.
Bütün
həmvətənlərimizi qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə təbrik edən
F.İsmayılov yaxın vaxtlarda növbəti kitab
dəstinin kitabxanaya hədiyyə ediləcəyini və bu
guşənin həmvətənlərimizin görüş
yerinə çevriləcəyini söyləmişdir. Bu
tədbirin ərsəyə gəlməsində Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun xüsusi
əməyi qeyd edilmişdir.
Bu yaxınlarda Avstriyada
işıq üzü görmüş iki kitab - yazıçı
Mir Cəlalın "Azərbaycandan hekayələr"'
və avstriyalı tarixçi yə şərqşünas
Erik Fayqlın "İpək Yolu Odlar Yurdundan
keçərək - Azərbaycan tarixi" kitabları
kitabxananın rəhbərliyinə hədiyyə
edilmişdir.
Tədbirin rəsmi hissəsindən
sonra "Muğam-2007" müsabiqəsinin laueratı, Prezident
təqaüdçüsü Rəvanə Ərəbova tarda
Sahib Paşazadə və kamançada Rauf İslamovun
müşayiəti ilə "Qatar", "Segah",
"Çahargah", "Şahnaz", "Kəsmə
şikəstə" muğam və təsniflərimizi
məharətlə ifa etmişdir.
Tədbirin sonunda qonaqlar
Azərbaycanın ləziz xörəkləri ilə
bəzədilmiş süfrəyə dəvət
edilmişlər.
Azərbaycan.- 2008.- 21 dekabr.- S. 3.