Vahidoğlu O.

 

İnformasiya təminatının həyata keçirilməsində kitabxanaların rolu böyükdür

 

Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri edir. ARDNŞ-in "Elmi Tədqiqatlar" İnstitutunun elmi-texniki kitabxanasının müdiri Leyla Hüseynova ilə söhbətimizdə də informasiya cəmiyyətinin formalaşmasında kitabxanaların rolundan danışdı.

ARDNŞ-in "Elmi Tədqiqatlar" İnstitutunun elmi-texniki kitabxanası 1929-cu ildə yaranıb və bu gün də fəaliyyət göstərməkdədir. Kitabxana yarananda soraq-məlumat fondu 5402 nüsxə idisə, bu gün kitabxananın fondunda 110 mindən artıq nüsxə var. Fondun tərkibinə elmi-texniki kitablar-geologiya, kəşfiyyat, işlənmə, hasilat, fizika, riyaziyyat, kimya, hidrogeologiya, paleontologiya, mineralogiya, elektronika, siyasət və digərləri, müxtəlif mövzular üzrə jurnallar, dövri nəşrlər, broşürlər, elmi-texniki hesabatlar, avtoreferatlar, qəzetlər aiddir. Fondun ədəbiyyatı müxtəlif dillərdə nəşrlərdən ibarətdir. İnstitutun kitabxanası iki hissədən - əsas və mübadilə fondundan ibarətdir. Bundan başqa fondun oxu zalı da fəaliyyət göstərir. ARDNŞ-in "Elmi Tədqiqatlar" İnstitutunun elmi-texniki kitabxanasının müdiri qeyd etdi ki, kitabxananın əlifba və sistematik kataloqları var.

Azərbaycan dilində kataloq, elmi-texniki hesabatların, avtoreferatların, elmi əsərlərin və mövzu üzrə kataloqları var. Kitabxananın oxu zalında əməkdaşlarımız elmi biliklərini artırır, seminarlar keçirirlər. Həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri oxu zalından istifadə edirlər. Fondda XIX, XX əsrlərin kitabları saxlanılır. 1901-ci ilin nəşri olan "Neftyanoe delo", Amerikanın müxtəlif neft sənayesini əhatə edən jurnalları da fonda aiddir. Paleontologiya mövzüsu üzrə böyük zəngin ədəbiyyat toplanılıb saxlanılır.

L.Hüseynova əlavə etdi ki, oxuculara bir neçə istiqamətdə xidmət göstərilir: Abonement oxu zalında, kitabxanalar arasında abonoment, bir günlük abonement. Qapalı şəraitdə olmasına baxmayaraq kitabxananın fəaliyyəti çox genişdir. Kitabxanadan ARDNŞ-in işçiləri, "Azneft" İB, Azərbaycan Dövlət Neft Akademiyası, "Neftqazlayihə" institutu, "Neft Kimya emalı" Elmi Tədqiqat institutu, NQÇİ-lər, Milli Elmlər Akademiyasının Geologiya İnstitutu digərləri üçün bir günlük abonementlər açılır.

Kitabxana müdiri vurğuladı ki, kitabxana illər boyu müxtəlif müsabiqələrdə iştirak edib. Daimi olaraq yarışlarda ilk üç yerlərə layiq görülüb. İnstitutun kitabxanası Azneft” İB-in tərkibində olan Elmi Texniki kitabxanalara metodiki praktiki işlərdə, fond yaratmaqda, kataloq düzəltməkdə, kitabxanaya aid sənədlərin qaydalaşdırılmasında, illik hesabatların aparılmasında köməkliklər göstərib. Kitabxana daimi olaraq bütün neft sənayesində çalışanlara - elmi işçilərə, mühəndislərə, tələbələrə, aspirantlara, dissertantlara digərlərinə elmi-praktik, metodik mövzu üzrə köməklik edir.

Kitabxananın oxu zalında yeni nəşr olunan ədəbiyyatlardan ibarət sərgilər keçirilir. Bu günədək kitabxanada "Yeni kitablar", "Yeni jurnallar", "Avtoreferatlar" s. mövzularda sərgilər təşkil edilib. L.Hüseynova əlavə etdi ki, bu il həm kitabxanada, həm institutun guşəsində ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Kitabxana hər il fond üçün yeni nəşrlər alır. Keçmiş illərdən fərqli olaraq yeni nəşrlərin az, olmasından kitabxananın yeniləşməsi zəif aparılır.

Dövlət başçısı İlham Əliyev kitabxana sahəsinin inkişafına informasiya cəmiyyətinin inkişafında onların roluna böyük əhəmiyyət verir. 2007-ci il aprelin 20- Prezident İlham Əliyev "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalamışdır. Sərəncamda elmi mədəni sərvətlərin hərtərəfli istifadəsini genişləndirmək, Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasını təmin etmək məqsədilə onların maddi-texniki bazasının möhkəmləndirilməsi müasir informasiya daşıyıcıları ilə təmin edilməsi üzrə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Prezidentin imzaladığı bu sərəncam respublikanın bütün kitabxanaları üçün fəaliyyət proqramıdır. Tabeçiliyindən asılı olmayaraq bütün kitabxanalar öz sahəsinin sənəd-informasiya mərkəzi olmalı kitabxana işinin informasiya cəmiyyətinin, bilik cəmiyyətinin bərqərar olması üçün yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə yardım etməlidir. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə kitabxanamızın bugünkü səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülür. ARDNŞ İnstitut rəhbərliyinin təşəbbüsü ilə kitabxanamızın fəaliyyəti, fondu, yeni ədəbiyyatları artırılmaqdadır. Hər il kitabxana dövri mətbuata abunə yazılışı kampaniyasında yaxından iştirak edir. Davamlı olaraq kitabxana İnstitutumuzun tədbirlərində fəallıq göstərir.

Qeyd edək ki, 2009-cu ildə kitabxananın yaranmasının 80 illik yubileyi keçiriləcək. Bununla əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.

 

İki sahil.- 2008.- 13 dekabr.- S. 5.