Əliyarli İ.
İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ölkəmizdə
prioritet məsələdir
Azərbaycanda rabitənin rəsmi tarixi 1881-ci il dekabrın 6-dan başlanır. Bu, “Nobel Qardaşları Cəmiyyəti” tərəfindən
ilk telefon xəttinin və telefonun istismara verilməsi ilə əlaqədardır. Belə ki,
1881-ci ilin yanvarında
“Nobel qardaşları
cəmiyyəti” telefon
çəkilişinə icazə
almaq məqsədilə
Bakı qubernatoru general-leytenant Rozenə müraciət etmiş və fevralın 18-də çəkilişə
icazə almışdı.
1881-ci il noyabrın
23-də (təzə stilə dekabrın 6-da) Bakıda cəmiyyətin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən,
6 km.uzunluğu olan telefon xətti çəkilmişdi. Bundan
sonra telefon xəttinin inşası və onun əhəmiyyəti
neft sahibkarlarını
bu işə ciddi surətdə cəlb etmişdi. Azərbaycan neftinin inkişaf etdirilməsi zərurəti həm də çox vacib olan telefon
rabitəsinin yaranmasına
təkan vermişdi. Beləliklə, məhz həmin 6 dekabr günü ölkəmizdə
telefon rabitəsinin başlanğıc tarixi hesab olunur.
1918-ci il mayın
28-də Azərbaycan dövlət müstəqilliyinə nail
oldu. Həmin gün
Tiflisdə Azərbaycan
Xalq Cümhuriyyəti
yarandı. Fətəli
xan Xoyskinin başçılığı altında 1-ci milli hökumət kabineti 9 nazirlikdən ibarət olaraq təşkil edildi. Bu nazirliklərdən
biri də Yollar və Poçt-Teleqraf Nazirliyi idi. O zaman müstəqil
Azərbaycan Respublikasının
ilk yollar və poçt-teleqraf naziri Xudadat bəy Məlik-Aslanov təyin olundu.
Xudadat bəy Ağa oğlu Məlik-Aslanov XIX əsrin axırları —
XX əsrin əvvəllərində
Azərbaycanın istiqlaliyyət
qazanması uğrunda
çalışan mübarizlərdən
biri idi. O, 1918-1920-ci illərdə özünü
görkəmli ictimai-siyasi
və dövlət xadimlərindən biri kimi göstərmişdir,
ixtiraçı-mühəndis
idi.
Xudadat bəy 1879-cu ilin
aprelində Şuşa şəhərində anadan
olmuşdu. 1898-ci ildə Şuşa realnı məktəbini, 1904-cü ildə
Peterburq (indiki Sankt-Peterburq) Yol Mühəndisliyi İnstitutunu
bitirmişdi. Əvvəl
Peterburqda, 1905-ci ildən
isə Tiflisdə Zaqafqaziya dəmiryolu sistemində çalışmışdı.
Rusiyada 1917-ci il fevral
burjua-demokratik inqilabından sonra Zaqafqaziya Xüsusi
Komitəsində dəmir yolu üzrə müvəkkil,
Zaqafqaziya Komissarlığında və Zaqafqaziya Federativ
Respublikasında dəmiryolu naziri təyin edilmişdi. Qeyd etdiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət
kabinetində bitərəf
Xudadat bəy əvvəllər bu sahədə çalışmış,
ixtisaslı və təcrübəli bir mütəxəssis kimi dəmir yol nəqliyyatı və poçt-teleqraf naziri vəzifəsinə təyin
olunmuşdu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xudadat bəy
öz ixtisası üzrə müxtəlif
rəhbər vəzifələrdə
çalışıb. Lakin Azərbaycan
Demokratik Cümhuriyyəti
dövründəki fəaliyyətini
unutmayanlar bundan onun əleyhinə istifadə edirlər.
1930-cu ildə əsassız
ittihamlarla həbs olunur. 1933-cü ildə həbsdən azad edildisə də,
1934-cü ilin avqustunda
yenidən həbsə
alınıb, Rusiyadakı
həbs düşərgələrindən
birinə göndərilib
və 1935-ci ildə orada da vəfat edib.
1920-ci ildə Xalq
Cümhuriyyəti süquta yetirildi. Buna
baxmayaraq, SSRİ dövründə
Azərbaycan rabitə
sistemi böyük inkişaf yolu keçdi. Bu gün isə rabitə və informasiya texnologiyaları sektoru Azərbaycanın modernləşdirilməsində, informasiya cəmiyyətinin
formalaşmasında və
sürətli inkişafında
mühüm rol oynayır. Hazırda ölkəmizdə müasir
tələblərə cavab
verən səviyyədə
fəaliyyət göstərən
mükəmməl rabitə
və informasiya-kommunikasiya
texnologiyaları sistemi
mövcuddur. Başqa sahələrdə olduğu
kimi bu sistemin
də təşəkkülünün
əsasını müasir
Azərbaycanın memarı
və qurucusu, ümummilli lider Heydər Əliyev qoymuşdur.
Ümummilli liderimizin
ölkədə rabitə və informasiya texnologiyaları
sahəsini inkişaf etdirmək və
təkmilləşdirmək siyasətini Azərbaycan Prezidenti
cənab İlham Əliyev dönmədən və uğurla
davam etdirir.
Ümummilli liderimizin
2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)” üzrə
işlərin koordinasiyası Azərbaycan Respublikasının
Rabitə Nazirliyinə həvalə edilmişdir. 2004-cü il fevralın
20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının Rabitə
Nazirliyi ləğv edildi, əvəzində müasir dünya standartlarının tələblərinə
cavab verən və çevik fəaliyyət göstərə
bilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
(RİTN) yaradıldı. Daha
sonra ölkə başçısı 2004-cü il avqustun 10-da Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
müasir tələblərə
uyğun inkişafını
təmin etmək məqsədilə “Azərbaycan
Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi haqqında əsasnamənin
təsdiq edilməsi haqqında” fərman
verdi ki, bu da istiqamətverici
və fəaliyyəti
tənzimləyən yeni
normativ qanunvericilik aktı rolunu oynadı.
İnformasiya-kommunikasiya
texnologiyalarının istifadə edilməsi respublikamızda
dövlət siyasətinin əsas prioritet
istiqamətlərindən biridir. Bunun
nəticəsidir ki, informasiya-kommunikasiya texnologiyaları
sektoru potensial imkanlarına görə Azərbaycanda öndə gedən bir sahədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Rabitə və informasiya texnologiyaları neft sahəsindən sonra Azərbaycanın iqtisadiyyatının ən
inkişaf etmiş sektoru olacaqdır... Mən informasiya-kommunikasiya
texnologiyalarının Azərbaycanda
tətbiqini prioritet məsələ elan edirəm. Bu gələcəkdir, gələcəyin inkişafıdır”,
— deməsi heç də təsadüfi deyildir.
2006-cı il dekabrın 2-də Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 6-nın hər il rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə
bayramı günü
kimi qeyd olunması haqqında sərəncam verməsi ölkə rəhbərinin rabitə və informasiya-kommunikasiya
texnologiyalarının inkişafına
xüsusi diqqətinin
bir daha bariz təzahürü idi. Artıq ölkə rabitəçiləri
3-cü ildir ki, peşə bayramlarını
böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Cənab İlham Əliyevin
2005-ci il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq
edilən “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2005-2008-ci illər üçün Dövlət Proqramı”
(“Elektron Azərbaycan”) uğurla icra edilməkdədir. Bu Proqramın həyata keçirilməsi
ilə ölkə iqtisadiyyatının rabitə
və informasiya texnologiyaları sahəsi inkişaf etdirilir, ölkədə informasiya
cəmiyyəti formalaşır,
cəmiyyətin sosial-iqtisadi
həyatına, bütün
sahələrinin inkişafına
zəmin yaranır.
Dövlətin rabitə
və informasiya texnologiyalarının inkişafına
ayırdığı maliyyə vəsaiti də
ildən-ilə yüksəlir. Ölkədə rabitə və informasiya texnologiyalarının
inkişafının bəzi
əsas nəticələrinə
nəzər yetirsək
görərik ki, son 5 ildə əhaliyə göstərilmiş
rabitə xidmətlərinin həcmi 3 dəfə
artmış, əhalinin
telefonla təminatı
səviyyəsinin yüksəlməsi
üçün stansiyaların
ümumi tutumu 400 min nömrə genişləndirilmiş, stasionar
telefon ilə təmin olunmuş ailələrin sayı
32,4 faiz çoxalmış,
mobil telefon abunəçilərinin sayı
4,3 faiz artaraq əhalinin hər iki nəfərindən biri bu
rabitə növünün
istifadəçisi olmuşdur.
Köhnə tipli ATS-lərin
hamısı, koordinat
sistemli ATS-lərin isə yarısı müasir elektron sistemli ATS-lə əvəz edilmiş, beş ildə elektron sistemli nömrələrin telefon
şəbəkəsində xüsusi çəkisi
48,4 faizdən 80 faizədək
yüksəlmişdir. 15 rayon
və şəhər
telefon şəbəkəsi
tam elektronlaşdırılmışdır.
Başa çatmaqda olan
cari ilin ən yaddaqalan hadisələrindən biri isə,
şübhəsiz 2008-ci il noyabrın 11-14-ü arasında
ölkəmizin paytaxtında keçirilən “Bakutel – 2008”
14-cü Beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisi olmuşdur. Artıq
tarixə qovuşmuş
bu möhtəşəm
beynəlxalq sərgidə
14-dən çox ölkənin rəsmi təmsilçiləri, 21 ölkədən
105 şirkət iştirak
etmişdir. Azərbaycan
Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
yüksək səviyyədə
təşkilatçılığı ilə keçən sərgidə ölkə başçısı cənab
İlham Əliyev də iştirak etmişdir. Sərgidə
”Transmilli Avrasiya yüksək sürətli
informasiya magistralı"
layihəsi də müzakirə olunmuşdur.
Bütövlükdə informasiya cəmiyyətinin
formalaşmasına xidmət
edən “Bakutel-2008" beynəlxalq
sərgisi respublikamızda
iqtisadi məzmun kəsb edən rabitə və informasiya texnologiyaları sahəsində qazanılmış
nailiyyətlərin əzəmətli
nümayişi idisə,
həm də gündən-günə sürətlə inkişaf
edən ölkəmizin dünyada artan siyasi imicinin
real meyarıdır.
Xalq qəzeti.- 2008.- 19 dekabr.- S. 4.