Piriyev Q.
Reklamda
bəzi ifadələrin işlədilməsi dünya
praktikasında yolverilməzdir
Müsahibimiz
Ümumdünya Reklamçılar Assosiasiyasının
üzvü, “Kann şirkətləri” Beynəlxalq reklam
festivalının nümayəndəsi, professor Cahid
Həsənovdur.
- Cahid müəllim, son
zamanlar Azərbaycanın reklam bazarında müəyyən
proseslər gedir. Ümumdünya Reklamçılar
Assosiasiyasının üzvü və bu işə
dərindən bələd olan bir mütəxəssis kimi,
bunlar sizi qane edirmi?
- Müəyyən
inkişaf təzahürləri nəzərə çarpsa da,
bu sahədə nöqsanlar kifayət qədərdir. Reklam kampaniyalarının
keçirilməsinin özünəməxsus
spesifik xüsusiyyətləri
vardır. Bu işin qurulmasında təbii ki, Amerika, Avropa dövlətlərində uzun
illik təcrübələri
olan peşəkarlar, mütəxəssislər aparıcı
rol oynayırlar.
İncəsənətin
müxtəlif sahələrində olan
sənətçilərin və bu sahəyə qədəm
qoymaq istəyənlərin ən əsas işi
ictimaiyyətlə əlaqələrin düzgün
qurulmasıdır. Çox təəssüf ki, bu iş bizdə
qənaətbəxş deyildir.
Bu vəziyyətdən
səhnəyə qədəm
qoyan müğənnilər,
hətta təcrübəli
sənətçilər də
gen- bol istifadə edirlər.
Son illər meyxana, rep,
estrada janrında oxuyanlar tərəfindən qeyri-etik
reklamlardan daha çox istifadə edilir. Bu
janrlarda çıxış
edən, hətta uzun illər səhnədə olan sənətçilərin belə
tamaşaçılarla ünsiyyət
qurması mexanizmi olmadığına görə,
onlar asan yol kimi ucuz
vasitələrə əl
atırlar. Bir də görürsən ki, nə vaxtsa
bir mahnısı ilə tamaşaçı
qəlbinə yol tapan müğənni, xeyli müddət efirdə görünmədiyi
halda, gündəmə
gəlmək üçün
qeyri-etik reklamlara əl atır.
Yaxud bəzən
belə olur ki, səhnəyə yeni qədəm qoyan
hansısa bir müğənni tanınmaq məqsədilə
ucuz reklam dalınca qaçır. O, uzun
illər Azərbaycna olan hansısa bir sənətçinin adını hallandırmaqla,
ona meydan oxumaqla özünü gündəmə gətirir.
Təbii ki, buna cavab olaraq
uzun illər səhnədə olan sənətçi də müəyyən aspektdə
ona cavab vermək məcburiyyətində
qalır. Beləliklə,
qeyri-etik reklam kampaniyası başlanır
ki, bu müstəvidə
səhnəyə yeni
qədəm qoyan müğənni, sözün
əsl mənasında,
reklam olunur.
Burada bir əsas
nüans vardır ki, səhnəyə yeni qədəm qoyan
müğənni bu yolla heç də tamaşaçı
qəlbinə yol tapmır. Belə reklam kampaniyaları əksər hallarda anti-reklam kimi onun ziyanına olur, imicinə mənfi təsir göstərir.
Digər
ənənə də mövcuddur ki, burada, qısa bir vaxt
ərzində tamaşaçılara bir-iki mahnısı
ilə tanınan hansısa bir gənc müğənni öz
müsahibələrində “ən”, “yalnız”,
“təkcə”, “N1" kimi ”reklam haqqında qanun"a zidd olan
terminlərdən istifadə edir.
- Belə terminlər
Azərbaycanın reklam bazarında baş alıb gedir. Dünya təcrübəsində
belə hallara yol verilirmi?
- Dünya bazarında məhsulun
nümunəsindən asılı olmayaraq ən yaxşı
göstərici əmtəənin satışının
çoxluğu və ya azlığı ilə, yaxud reytinqi
aldığı mükafatlarda müəyyən olunduğu
halda, disk və kasetlərin satışından xəbəri
olmayan müğənnilərin özlərini N1
adlandırmağa ixtiyarları yoxdur.
Dünya
təcrübəsinə istinadən, ictimaiyyətlə
əlaqələrin qurulması, sağlam rəqabət
peşəkar işçi qrupları tərəfindən
aparılır. Bu işin
təşkilində ilk
növbədə ictimai
rəy öyrənilir
və onun əsasında reklam strategiyası qurulur. Nəticədə təqdim
olunan sənətçi,
sözün əsl mənasında, sənətçi
kimi populyarlaşır.
Reklam kimi
məsuliyyətli bir sahənin primitivləşməsi
yolverilməzdir. Primitiv yolla reklam olunmaq
istəyənlərin, sonrakı
müddətdə özlərinə
ziyan gətirən bir amil də
mövcuddur. Azərbaycanda
fəaliyyət göstərən
yüzlərlə reklam
şirkəti vardır.
Bu şirkətlər,
dünya ölkələrində
olduğu kimi, özlərinin reklam siması olaraq, adətən tanınmış
sənətçilərdən istifadə edirlər. Bizdə bir sıra tanınmış
sənətçilərin primitiv reklam aparmaları onların hər hansı bir şirkətin reklam siması kimi formalaşmasına mane olur.
Bütün bu mənfi
hallarla yanaşı, bəzi kanallarda və digər
kütləvi yayım vasitələrində “ən”,
“təkcə”, “yalnız”, “N1" kimi mənbəyə
əsaslanmayan qeyri-dəqiq reklamlardan istifadə olunur. Dünya reklam təcrübəsinə
istinadən demək olar ki, əgər
eyni vaxtda bir verilişə 100 000 nəfər, digər verilişə 10 000 nəfər
baxsa belə, 100 000 nəfər tamaşaçısı
olan verilişin aparıcısının yenə
də ”N1" və s. bu kimi
terminlərdən istifadə
etmək hüququ yoxdur.
Tamaşaçı
şüurunda qeyri-dəqiq reklam terminlərindən
istifadə edilməsinin özü qeyri-etik reklam
adlandırılır ki, buna da sivil dünya
ölkələrində ciddi nəzarət edilir... Yerli-yersiz işlədilən
belə terminlərdən
istifadə edənlər
qanun qarşısında
cavab verirlər.
Küçə
reklamlarında da istehlakçıya düz informasiya verilmir. Burada da “ən”,
“təkcə”, “yalnız”,
“N1" kimi qeyri-dəqiq terminlərdən
geniş istifadə olunur. Eyni ərzaq
məhsulu istehsal elən müxtəlif şirkətlərin hər
biri özü-özlüyündə, məsələn:
”ən yaxşı"
və ya “ən dadlı” sözünü işlədir.
Burada da istehlakçıda çaşqınlıq
yaranır. Yaddan çıxarmaq olmaz ki, “ən yaxşı”,
“ən dadlı” və digər bu kimi sözləri
yalnız və yalnız tamaşaçı,
istehlakçı deyə
bilər.
Xalq qəzeti.- 2008.- 23 dekabr.- S. 6.