Sadıqoğlu A.

 

Sarayın gözəlliyi tamaşacıları heyran edir

 

Heydər Əliyev Sarayında əsaslı təmir-bərpa, yenidənqurma işləri  yüksək səviyyədə və keyfiyyətlə başa çatmış, möhtəşəm mədəniyyət ocağı qapılarını çoxsaylı tamaşaçıların üzünə açmışdır. Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü  ilə 1972-ci ildə istifadəyə verilən saray ötən dövrdə respublikamızın ictimai-siyasi  və mədəni həyatında böyük rol oynamışdır. Artıq sarayda dövlət tədbirləri, konsert və tamaşalar keçirilir. Bu barədə Sarayın direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev dedi:

- Sarayın açılışı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin andiçmə mərasimi ilə başladı. Açılış bizim üçün fərəh, iftixar hissinə çevrildi. Sarayın imkanları 35 ildən sonra ilk dəfə əsaslı təmir olunaraq daha da genişlənib, burada müasir tələblərə uyğun yeniliklər həyata keçirilibdir. Sarayın ümumi görkəmi çox gözəlləşib, 1 il 8 ay davam edən yenidənqurma işlərində inşaat kollektivlərinin - "Azəraqrartikinti" ASC və Türkiyənin "Pim Proje" şirkətinin böyük xidməti vardır. Ən əsası budur ki, cənab Prezidentimiz İlham Əliyevin buraya hər bir gəlişi, təmir vaxtı öz fikirlərini, tövsiyələrini bildirməsi gözəl bəhrəsini göstərdi. İş gecə-gündüz gedirdi. Bu işlərə hörmətli nazirimiz Əbülfəs Qarayev başçılıq edir, hər gün obyektə gəlirdi.

Saray tam müasirləşib, burada ən vacib texniki xidmət sahələri tamam dəyişdirilibdir. Səhnə texnikası, pərdələr yeniləşib, kondisioner, hava təmizləyici sistemi, istilik, səs və işıq avadanlıqları müasir tələblərə uyğun yeniləri ilə əvəz edilib. Binanın foyesi möhtəşəm, gözəl görkəmi ilə göz oxşayır.

Tamaşaçıların rahatlığı üçün bütün şərait yaradılıb.

Sarayın fasadı xüsusi mərmərlə üzlənib, dam örtüyü dəyişdirilib, binanın qarşı və yan tərəflərində ekran tipli şüşələr quraşdırılıb. Bu qurğuların vasitəsilə içəridə keçirilən tədbirlər, konsertlər birbaşa bayıra, küçəyə və foyeyə ötürülür. Artıq 4 konsertimiz olub. İlk konsertdə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın çıxışını küçədə dayanan tamaşaçılar da seyr elədilər. Toto Kutunyonun konserti və "Best model of Azerbaijan-2008" tədbiri də çox gözəl keçdi.

Verilişləri bayıra ötürməklə yanaşı, foyedə qurulan monitorlarla reklamlar verilir. Fasilə vaxtı tamaşaçılara bu monitorlarda Azərbaycanın mədəniyyəti, turizmi, Bakının görməli yerləri haqqında filmlər göstəririk. Foyedə şüşələrin bağlanıb-açılması vasitəsilə istənilən vaxt verilişlər küçədə görünə bilər. Tamaşa salonunda 5 kamera qurulub, bunlar konserti televiziya vasitəsilə otaqlara verir. Burada quraşdırılan səs, işıq avadanlıqları müasir və mürəkkəb texnikadır. Gözəl çilçıraqlar salona xüsusi yaraşıq verir. Liftlər və eskalatorlar təzələnib. Otaqlarda müasir tələblərə tam cavab verən akustika düzəlib. Bütünlüklə kompüter sisteminə keçilib, səhnənin işıqlandırma, səs sistemində çoxlu yeniliklər vardır. Sarayda konsert proqramları keçirilməklə yanaşı işçilər həm işləyir, həm yeni texnologiyanı öyrənirlər. Bunu 10-15 günə öyrənmək qeyri-mümkündur. Kondisioner, yanğınsöndürmə sistemi yenidir.

Hamısı kompüterlə idarə edilir. Kollektivə kompüter işini bilənləri, proqramçıları cəlb etmişik. Yeni işçilər, yəqin ki, bu vəzifələrin öhdəsindən gələcəklər.

Sankt-Peterburq şəhərindən Marinski Teatrı hazırda paytaxtımızdadır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən 3 günlük qastrol çərçivəsində bu teatr görkəmli bəstəkarımız Arif Məlikovun "Məhəbbət əfsanəsi" və digər balet tamaşalarını sənətsevərlərə təqdim etmişdir. Sonra tanınmış türk müğənniləri Ebru Gündeş və Rafət əl Romanın konsertləri olmuşdur. Dekabr ayında isə Rusiyadan Valeri Leontyevin, Türkiyədən Alişanın və digər yerli müğənnilərin konsertləri nəzərdə tutulmuşdur.

 

Respublika.- 2008.- 5 dekabr.- S. 6.