Qaliboğlu E.


Millətin tarixi mədəniyyəti ilə bağlı soraqlar məhz arxivdə qorunur

 

Şahsuvar Haşımov: "Ermənilər istədikləri sənədi Ermənistan arxivinə ötürür, buradakı sənədləri təhrif edir, özlərini zorla tarixi sənədlərə pərçimləyirdilər"

 

Hər bir millətin, dövlətin varlığının təsdiqində arxivlər müstəsna rol oynayır. Təəssüf ki, uzun illər ərzində arxiv
sahəsində axsamışıq. Dövlət Elm Texnika Sənədləri Arxivinin direktoru, tanınmış arxiv işçisi Şahsuvar Haşımov rəhbərlik etdiyi arxivin fəaliyyətində əvvəlki illərlə müqayisədə xeyli irəliləyişlərin olduğunu bildirir: "Mətbuat prospektindəki "Alunit" zavoduna məxsus bina Milli Arxiv İdarəsinin balansına verildikdən sonra 2006- ilin mayında bu binada əsaslı təmir işlərinə başlanıldı. Artıq bizim arxivlə yanaşı Mərkəzi Dövlət Arxivi, Mərkəzləşdirilmiş laboratoriya, Dövlət Səs Yazıları Arxivi bura köçürülüb. Hazırda arxivimizdə 170-dən çox şəxsi arxiv fondu var. Dövlət Elm Texnika Sənədləri arxivinin bu gün fondlarında qorunan qiymətli layihələr, sənədlər ölkənin strateji əhəmiyyətli dövlət binalarının, elm ocaqlarının yenidən təmiri, bərpası qurulması işində əhəmiyyətli rol oynayır. Azərbaycanda olan elm texnikanın tarixini keçmiş MDB ölkələrinin heç birində axtarmaq mümkün deyil".

Şahsuvar müəllim bütün ömrünü arxiv işinə həsr edib. O, təəssüflə bildirir ki, ermənilər arxiv işində həmişə bizdən zirək tərpəniblər, yalandan özlərinə arxiv uydurublar, biz isə olanlarımızı belə qoruya bilməmişik: "Ermənilər istəklərinə daim antiinsani yolla çatmaq istəyiblər, bunu başqa millətlərin, xüsusən türklərin məhvi bahasına həyata keçiriblər. Millətin keçmişi, tarixi, mədəniyyəti, həyatının bütün sahələrilə bağlı soraqlarının cövhəri məhz arxivdə qorunur, sabaha çatdırılır. Ermənilər həmişə özlərinə yalançı tarix quraşdırdıqları dərəcədə imkan düşdükcə türklərlə bağlı bütün soraqları məhv edib, ən azı təhrif ediblər. Ermənilər həmçinin ötən yüzilin 20-ci illərindən başlayaraq daha səyləə arxiv soraqlarını məhv etməyə girişiblər. Onlar həmişə bizim arxiv sənədlərimizi məhv etmək üçün xüsusi planlar həyata keçiriblər: "Ermənilər gözəl dərk edirdilər ki, özlərinin bu torpaqda gəlmə deyil, "oturaq, köklü millət" olduqlarını sübut etmək üçün ilk növbədə arxiv sənədləri məhv edilməlidir. Onlar ötən əsrin əvvəllərində tarixi Azərbaycan torpağı olan Zəngəzuru işğal edərkən ilk növbədə həmin ərazinin arxiv sənədlərini məhv edir, tarixi yerlərin adlarını erməniləşdirirdilər. 1918-20-ci illərdə ermənilər cəmi 23 ay yaşamış ADR-in məhv edilməsi üçün əllərindən gələni etdilər. Onlar Bakıda, Şamaxıda, Qubada, həmçinin Zəngəzurda başqa yerlərdə törətdikləri soyqırımları zamanı ilk növbədə arxiv sənədlərini məhv edirdilər. Bu başqa hadisələrin üstü Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra açıldı. Aydın oldu ki, Şaumyan Bakıya sadəcə Qafqaz İşləri üzrə Fövqəladə Komissar yox, ilk növbədə Azərbaycan türklərini məhv etmək üçün göndərilmiş bir şəxsdir. Bolşevik libasına bürünmüş ermənilər hətta Azərbayan türklərini fiziki cəhətdən məhv etməzdən qabaq ilk növbədə əllərinə keçən bütün arxiv sənədələrini yandırmağı hər şeydən üstün tuturdular. O zaman ermənilər artıq Azərbaycanın bir neçə regionunda hakimiyyəti ələ keçirmişdilər, həyata keçirilən qırğınlara siyasi don geyindirməyə çalışırdılar. Həmin dövrün arxiv sənədlərində türkə qarşı soyqırımı törədənlərin əsas bəhanələri bu idi ki, guya onlar hər yerdə müsavatçılara qarşı mübarizə aparırlar. Guya hamı bolşevizmə qarşı mübarizə aparan müsavatçı imiş. Sonradan belə bir rəy formalaşdı ki, kim azərbaycanlıdırsa, ümumiyyətlə, o, müsavatçıdır. Əslində ermənilər soydaşlarımızı məhv etmək üçün həmişə bir bəhanə axtarırdılar".
Ermənilər Azərbaycanın sovetləşməsindən sonra mühüm əhəmiyyətli dövlət postlarını ələ keçirməyə nail oldular. Onlar müxtəlif vasitələrdən daha səyli şəkildə istifadə edərək mümkün qədər arxiv sənədlərini məhv etməyə çalışır, bu, baş tutmadıqda isə sənədlərdə təhriflər aparırdılar: "O zaman Bakıda hakimiyyətdə Mikoyan Mirzoyan idilər. Onlar həmin vaxt burada Xalq Komissarları Sovetində çalışan N.Nərimanovu Azərbaycandan uzaqlaşdırmaq, beləliklə real hakimiyyəti tamamilə ələ keçirmək iddiasında idilər. Ermənilər məhz belə bir zamanda mümkün qədər arxiv sənədlərini məhv etdilər. Hakimiyyətdə olan ermənilər əllərindən gələni edirdilər ki, Azərbaycanda yaşayan ermənilərin sayı onların cəmiyyətdəki mövqeyi günü-gündən güclənsin. Ermənilər o dövrdə bütün daxili işlər orqanları strukturunda nəzarəti ələ keçirmişdilər. Azərbaycanın o dövrdə 55 rayonunda milis komissarı ermənilər idi".

30-cu illərdə xalqımızın tarixinə, mədəniyyətinə qarşı geniş planlı bir mübarizəyə başladılar. Əksər sənədlərin, tarixi soraqların əski əlifbada mövcudluğu sovet dövründə ideologiyanın təsiri nəticəsində ikrahla qarşılanırdı. Bu başqa faktorlar onsuz da xalqımızın tarixi soraqlarını, arxiv sənədlərini hər an məhv etmək istəyən ermənilər üçün göydəndüşmə bir fürsət idi. Digər tərəfdən 37-ci ildə baş verən repressiyalar sözün əsil mənasında camaatın canına vəlvələ salmışdı. Çox zaman adamlar həyatı üçün təhlükə yaranmasın deyə bu soraqları özü məhv edirdi. Ş.Haşımov daha sonra deyir ki, o dövrdə Azərbaycanın arxiv sənədlərinin sistemli şəkildə məhv edilməsilə bağlı müxtəlif səbəblər var. Bunun ən başlıca iştirakçıları ermənilər olub: "O dövrdə arxivlər qaydaya görə qapalı idi, ora kənar adamları buraxmırdılar. Ermənilər arxivlərin başına istədikləri oyunu gətirirdilər. Təbiidir ki, arxivə gediş-gəliş qadağan olunduğu üçün kimsə bundan xəbər tuta bilmirdi. Ermənilər istədikləri sənədi Ermənistan arxivinə ötürür, buradakı sənədləri təhrif edir, özlərini zorla tarixi sənədlərə pərçimləyirdilər".
Ermənilərin milli arxivlərimizə vurduqları ziyan sonralar da davam edib. İkinci Cahan Savaşı dövründə ermənilər bu istəklərini daha səyli şəkildə həyata keçirməyə başladılar. Bu dövrdə artıq hakimiyyətdə xüsusi mövqeyi olan Mikoyan Azərbaycan türklərinə qarşı ardıcıl şəkildə hərəkət etməyə başladı. 1947-52-ci illərdə soydaşlarımızın indi Ermənistan adlandırılan, əslində dədə-baba torpaqlarımız olan qədim türk məskənlərindən zorla köçürülməsi - deportasiyası həyata keçirildi: "Həmin dövrdə 100 min nəfər soydaşımızın Azərbaycanın aran yerlərinə köçürülməsinə qərar verildi. Arxivimizdə o dövrdə soydaşlarımızın başına gətirilən deportasiya ilə bağlı tükürpədən faktlar var. O dövrün faktlarından aydın olur ki, soydaşlarımızı Bakıda böyük təmtəraqla qarşılayıb, onları heç vaxt yaşamadıqları aran yerlərinə göndərirdilər. Arxivimizdə o zaman Bərdə rayonunun Kərimbəyli kəndində məskunlaşması nəzərdə tutulmuş soydaşlarımız üçün salınacaq yeni yaşayış məntəqəsinin layihəsi saxlanılır. Təsəvvür edin, deportasiya olunanları elə inandırmışdılar ki, onlar çıxarıldıqları yerlərə məktub yazaraq bu yerlərin çox gözəl olduğunu, digərlərinin köçüb gəlməsini arzuladıqlarını bildirirdilər. Amma çox az sonra bütün bu deyilənlərin sözdən başqa bir şey olmadığı məlum oldu".

1950-60-cı illərin əvvəllərində Azərbaycanın arxiv işi sahəsində indiki dövrlə müqayisədə az adam işlədiyini, bunların içərisində ermənilərin azlıq təşkil etmədiyini deyən Şahsuvar müəllim daha sonra bunları bildirir: "O dövrdə Oktyabr İnqilabı və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxivi ən böyük arxiv hesab olunurdu. Həmin arxivin direktoru Amalya Aramovna Şakaryan adlı erməni qadın idi. Öyrəndim ki, Şakaryana qədər bu vəzifədə daha bir erməni - Şahramanyan adlı erməni direktor vəzifəsində işləyib.
Ermənilər yenə ardıcıl şəkildə arxiv işi sahəsində öz millətlərindən olanları yerləşdirirdilər. Təsadüfi deyil ki, arxivlərdə əsas işləri ermənilər görürdülər".

 

Xalq cəbhəsi.- 2008.- 16 dekabr.- S. 14.