Azərbaycan aliminin
məruzəsi maraqla qarşılanmışdır
AzərTAc xəbər
verir ki, dekabrın 1-dən 5-dək İtaliyanın Florensiya
şəhərində bu ölkənin Romualdo del Bianko Fondu
və Florensiya Universitetinin birgə
təşkilatçılığı ilə islam
memarlıq abidələrinin qorunması probleminə həsr
olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Türkiyə, İran,
Qazaxıstan, Azərbaycan, Rusiya, Suriya, Misir, Sudan, İtaliya
və Fransa alimlərinin iştirak etdikləri konfransda
Azərbaycan Milli Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun direktoru, Milli
Məclisin deputatı, professor Gövhər
Baxşəliyevanın "İslam memarlıq
abidələri ümumbəşəri maddi-mənəvi
dəyərlər kontekstində" mövzusunda
məruzəsi dinlənilmişdir.
G.Baxşəliyeva islam
memarlıq abidələrinin yaranması tarixindən
danışmış, bu nümunələrin
ümumbəşər mədəniyyətinin ayrılmaz
tərkib hissəsi olduğunu vurğulamışdır.
Onların qorunaraq gələcək nəsillərə
çatdırılmasının vacibliyini qeyd etmişdir.
O, Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərində islam sivilizasiyasının
bütün izlərinin silindiyini, bir milyondan artıq
azərbaycanlının öz ata-baba yurdundan qovulduğunu,
islam maddi mədəniyyət abidələrinin tamamilə
məhv edildiyini söyləmişdir. Ermənilər
tərəfindən məscidlərin
dağıdılması, müsəlman
məzarlıqlarının yerlə yeksan edilməsi,
Qurani-Kərimin nüsxələrinin yandırılması
və digər antibəşəri faktlar diqqətə
çatdırılmışdır.
Bildirilmişdir ki,
hətta İslam Konfransı Təşkilatı kimi çox nüfuzlu
beynəlxalq qurum "Ermənistan Respublikasının
təcavüzü nəticəsində Azərbaycan
Respublikasının işğal olunmuş
ərazilərində islam tarixi və mədəniyyəti
abidələrinin məhv edilməsi və
dağıdılması" haqqında qətnamə də
qəbul etmişdir. Təəssüf
ki, işğalçı
Ermənistan bu və BMT, Avropa Şurası, ATƏT kimi digər nüfuzlu beynəlxalq təşkilatların
qəbul etdikləri qərar və qətnamələri hələ
də qulaqardına vurur.
Azərbaycan.- 2008.- 7 dekabr.- S. 5.