Azərbaycan bir neçə ölkə ilə mədəniyyət sahəsində əməkdaşlıq quracaq

 

Azərbaycanla Qatar mədəniyyət sahəsində əməkdaşlıq edəcək. APA-nın məlumatımna görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Avropa mədəniyyət nazirlərinin toplantısında iştirak edən Qatarın mədəniyyət naziri Həməd Aziz Alkavari deyib. Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda Qatarın mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulur: "2009-cu il Bakı İslam Mədəniyyət Paytaxtı elan olunub. Elə bu tədbir də həmin proqram çərçivəsində həyata keçiriləcək. Çox istərdik ki, iki ölkə arasında mədəni əməkdaşlıqlar genişlənsin". H.A.Alkavari deyib ki, səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü olub, görüşdə iki ölkə arasındakı mədəni əməkdaşlıq müzakirə olunub: "Hesab edirəm ki, Azərbaycanla mədəniyyət sahəsində görüləcək işlər çoxdur". Azərbaycanın Çexiya ilə də mədəniyyət sahəsində əməkdaşlığı qurulacaq. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bakıda səfərdə olan Çexiya mədəniyyət nazirinin müavini Frantişek Mikeşin görüşündə iki ölkənin mədəniyyət sahəsində əməkdaşlıq etməsi qərara alınıb. Görüşdə çıxış edən F.Mikeş Azərbaycanda müxtəlif mədəni proqramların təşkilini vacib sayıb: "Bu əməkdaşlıq mədəniyyətin müxtəlif sahələrini əhatə etməlidir. Həm incəsənət, həm muzey, həm də kitabxana işi sahəsində qarşılıqlı əməkdaşlıq edə bilərik". Çexiyanın mədəniyyət nazirinin müavini bildirib ki, əməkdaşlıqla bağlı xüsusi proqram hazırlanacaq və saziş imzalanacaq. Əbülfəs Qarayev də Çexiyanın mədəniyyətin müxtəlif sahələrindəki təcrübəsindən istifadəni vacib hesab etdiyini deyib. Ə.Qarayev qeyd edib ki, bu əməkdaşlıq abidələrin mühafizəsi istiqamətini də əhatə edə bilər.

 

525-ci qəzet.- 2008.- 4 dekabr.- S. 7.