Azərbaycanın turizm atlası hazırlanır

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Kartoqrafiya Fabrikində Azərbaycan Respublikasının ilk turizm atlası çapa hazırlanır.

Kartoqrafiya Fabrikindən bildirmişlər ki, DTXK-nın sədri, akademik Qərib Məmmədovun rəhbərliyi altında hazırlanan atlasın tərtibat işləri artıq başa çatdırılmışdır. Əsasən xarici turistlər üçün nəzərdə tutulan atlas gələn ilin əvvəllərində çapdan çıxacaqdır. İlkin mərhələdə atlasın 1.200 nüsxə nəşr olunması planlaşdırılır. Gələcəkdə ölkədə turizm inkişaf etdikcə atlas yenidən çap olunacaqdır.

Müəyyən informasiyaların Azərbaycan, ingilis və rus dillərində verilməsi nəzərdə tutulan atlasda ölkə ərazisindəki tarixi abidələr, dövlət qoruqları, milli memarlıq nümunələri, turizmə yararlı məkanlar, istirahət guşələri, bir sözlə, turistlər üçün əhəmiyyət kəsb edən obyekt və infrastrukturlar haqqında müfəssəl məlumatlar əks olunacaqdır.

 

Respublika.- 2008.- 20 dekabr.- S. 7.