Turizmdə müştəri xidməti tədris ediləcək

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "British Council"un Bakıdakı nümayəndəliyi tərəfindən həyata keçirilən kolleclər arasında əməkdaşlıq layihəsinin tələblərinə uyğun olaraq Mingəçevir Turizm Kollecinin direktoru Ə.Əyyubov və kollecin ingilis dili müəllimi L.Həsənova Şotlandiyanın Stivenson Kollecində işgüzar səfərdə olmuşlar.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata əsasən, görüş zamanı Stivenson Kolleci ilə Mingəçevir Turizm Kollecinin əməkdaşlıq imkanları bir daha diqqətdən keçirilmiş və mütəxəssis hazırlığı, dərslik və dərs vəsaitilərinin yeniləşdirilməsi, müasir təlim metodlarının tətbiqi, kolleclərarası beynəlxalq əməkdaşlığın gələcəkdə geniş formaları üzrə fikir mübadiləsi aparılmışdır.

Əldə edilmiş razılığa əsasən "Turizmdə müştəri xidməti" kursu 2009-cu ilin mart ayından etibarən Mingəçevir Turizm Kollecində Stivenson Kollecinin üç nəfər müəllimi tərəfindən tədris ediləcək və kurs məzunlarına hər iki kollecin birgə sertifikatları, habelə, xüsüsi döş nişanları təqdim olunacaqdır.

 

Səs.- 2008.- 20 dekabr.- S. 12.