Əli O.

 

Yaradıcılıq festivalı keçirildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Bakı şəhərində yerləşən İnternat məktəbləri və Uşaq Evlərinin uşaqları arasında II bədii - yaradıcılıq festivalı keçirdi. Festival Prezident İlham Əliyevin imzaladığıAzərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın 3.20-ci bəndinin icrası məqsədi ilə təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd İnternat məktəbləri Uşaq Evləri uşaqlarının yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək, istedadlı uşaqları üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq onların asudə vaxtlarını səmərəli təmin etmək, eyni zamanda yeni ünsiyyət əlaqələrin formalaşmasına şərait yaratmaq idi.

Festival poeziya, musiqi, teatr, rəqs və musiqi alətlərində ifa nominasiyası kimi sahələri əhatə edirdi. Festivalın münsiflər heyətinə tanınmış incəsənət xadimləri daxil idi. Qeyd edək ki, festivalda Bakı şəhərində yerləşən - 1 saylı, 16 saylı, 10 saylı, 11 saylı, 3 saylı İnternat məktəbləri, 1 saylı, 2 saylı, 3 saylı Uşaq Evləri, SOS Uşaq Kəndi, 39 saylı Uşaq Kardeorevmotoloji dispanserin uşaqları iştirak edirdilər.

Rəqs nominasiyası üzrə 1-ci yeri 3 uşaq evinin üzvləri arasında böldülər - Festivalın ən kiçik iştirakçıları 1 saylı Uşaq Evinin müasir rəqs qrupu - “Holli Dolli” rəqsi ilə, 2 saylı Uşaq Evinin balaca sakini Gözəl Kəzban “Mimura” rəqsi ilə və 3 saylı Uşaq Evinin sakinləri “Xan çobanı” rəqsi ilə 1-ci yerə layiq görüldülər.

Mahnı nominasiyası üzrə birinci yerə layiq görülən 1 saylı İnternat Məktəbinin istedadlı sakini Akif İsgəndərov, teatr nominasiyası üzrə birincilik isə “Parodiya” səhnəciyinə verildi. Bu yeri 10 saylı İnternat Məktəbinin Teatr qrupu qazandı. Musiqi alətlərində ifa nominasiyası üzrə 1-ci yeri 1 saylı Uşaq Evinin sakini Ələsgər İsmayılov qazandı, o öz ifasını sazda nümayiş etdirdi.

Poeziya nominasiyası üzrə 1-ci yeri qazanan isə 2 saylı Uşaq Evinin ən kövrək, hamının yaddaşında öz səmimiliyi ilə hələ uzun müddət silinməyəcək Aygül Vəliyeva oldu. Qeyd edək ki, bu balaca qız C.Cabbarlının “Ana” şeirini söylədi və festivalın ən kulminasiya nöqtəsini vurdu.

Festivalın sonunda bütün iştrakçılar diplom və mükafatlara layiq görüldülər və əməkdar artist Aybəniz Haşımovanın ifası ilə rəqs etdilər.


İki sahil.- 2008.- 2 dekabr.- S. 8.