Məmmədov M.

 

Sürətli inkişafın əsas amili

 

Təməli ulu öndər tərəfindən qoyulan strategiya
bu gün Naxçıvanda da uğurla davam etdirilir

 

Son illər ölkənin başqa regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında da böyük irəliləyişlər yaranıb. Təbii ki, bu ilk növbədə regionun yerləşdiyi geosiyasi mövqedən irəli gəlib. Dünyanın görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində bu amil həmişə üstün yer tutub. Bəlkə elə bu mənada müdrik insan siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində bu torpağın möhkəmlənməsinə və onun inkişafına xüsusi qayğı göstərib. Mötəbər toplantıların birində dahi öndər bu barədə belə deyib: "Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin".

Bu siyasətin bölgədə uğurla və ardıcıllıqla həyata keçirilməsi öz bəhrəsini verir. Bu səbəbdən də muxtar respublika nəinki iqtisadi və sosial böhrandan qısa vaxt ərzində yaxa qurtara bilib, həmçinin onun dayanıqlı və dinamik inkişafı təmin edilib. Prezident İlham Əliyev Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində başqa bir amili yüksək qiymətləndirərək: "Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir" - deyib.

Son on üç ildə regionun sosial, iqtisadi və mədəni həyatında qazanılan uğurlar da ilk növbədə bu amillə bağlı olub. Ulu öndər tərəfindən təməli qoyulan yeni həyat quruculuğu xətti uğurla davam etdirilir. Cari ilin 11 ayında isə inkişafın ümumi istiqamətləri əvvəlki illərdə əldə edilmiş iqtisadi baza əsasında daha da möhkəmlənib, yüksək artım tempi ilə xarakterizə olunan quruculuq işləri böyük vüsətlə davam etdirilib.

 

"İnkişaf və tərəqqi ili"nin əsas göstəriciləri

 

Dekabr ayının 16-da keçirilən üçüncü çağırış muxtar respublika Ali Məclisinin altıncı sessiyasında keçilmiş yola bir daha nəzər salındı. Cari ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları barədə ətraflı, geniş təhlilli məruzə ilə çıxış edən Ali Məclisin sədri Vasif Talıbov belə bir tarixi gerçəkliyi xüsusi vurğuladı ki, ölkəmiz qısa müddətdə durğunluq və dağıdıcılıq mərhələsindən dirçəliş və quruculuq mərhələsinədək böyük bir tarixi yol keçib. Əgər 1990-1993-cü illərdə Azərbaycanda xaos hökm sürürdüsə, bu gün sabitlikdir. O vaxt hərc-mərclik vardı, bu gün insanlar əmin-amanlıq içərisində yaşayırlar. O vaxt siyasi mühitdə və iqtisadiyyatda dərin böhran yaranmışdır, bu gün Azərbaycan iqtisadi artım sürətinə görə lider dövlətə çevrilmişdir.

Ali Məclisin Sədri qeyd etdi ki, ümummilli liderimizin müəyyən etdiyi quruculuq xətti ölkəmizin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarıb. Ötən illərin hər birində olduğu kimi, yola saldığımız 2008-ci ildə də biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq. Muxtar respublikamızı inkişaf etdirməklə böyük öndərin 85 illiyi şərəfinə elan olunan "inkişaf və tərəqqi ilini" quruculuq nailiyyətləri ilə başa vururuq.

İstər iqtisadi, istərsə də sosial sahədə əldə olunan nailiyyətlər bölgədə dinamik inkişafın bariz nümunəsinə çevrilib. İqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2008-ci ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 29 faiz artaraq 695 milyon 906 min manata çatıb. Adambaşına düşən ümumi daxili məhsul isə bölgədə ilk dəfə olaraq 2 min ABŞ dollarını keçərək 2 min 188 ABŞ dollarına çatıb. Orta aylıq əməkhaqqının həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artıb.

Bu dövr ərzində bölgədə bütün maliyyə mənbələri hesabına 270 milyon 833 min manat həcmində investisiyadan istifadə olunub. Bu, heç də kiçik rəqəm deyil. Müqayisə üçün deyim ki, cari il üçün muxtar respublikanın dövlət büdcəsinin xərcləri bundan xeyli az məbləğdə olub. İstifadə olunan investisiyaların həcmi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artaraq 75 milyon 542 min manat təşkil edib.

Cari ildə muxtar respublikanın iqtisadiyyatında yüksək inkişaf templərinin müşahidə olunduğu sahələrdən biri sənaye olub. Bu ilin 11 ayı ərzində regionda 146 milyon 536 min manatlıq sənaye məhsulu istehsal olunub. Onun 119 milyon 761 manatı özəl sektorun payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 19 faiz artım olub.

Ali Məclis Sədrinin məruzəsindən daha bir iqtibas: Sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 254 növdə məhsul istehsal olunur, onun da 94 növü ərzaq, 141 növü qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 224 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Muxtar respublikanın aqrar sektorunda həyata keçirilən kompleks tədbirlər nəticəsində isə bu ilin ötən dövrü ərzində 136 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım yaranıb. Cari ildə muxtar respublikada kartof, tərəvəz və meyvənin saxlanılması üçün 2 soyuducu alınıb, ərzaq məhsulları terminalı, taxılın uzunmüddətli saxlanılması üçün 18 min ton tutuma malik, qısa müddətli saxlanılması üçün isə 20 min tonluq anbar istifadəyə verilib. Bunlar da aqrar bölmədə məhsul istehsalının stimullaşdırılmasında böyük rol oynayacaqdır.

 

Sosial siyasət - ümumi inkişaf potensialının əsas göstəricisi

 

Cari ildə təhsil müəssisələrinin tikintisi yenə də diqqət mərkəzində saxlanılıb. On bir ay ərzində müasir layihə əsasında 1332 şagird yerlik 6 orta məktəb binası tikilərək istifadəyə verilib. 2336 şagird yerlik 3 orta məktəb binasında isə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yaxın günlərdə isə yeni tipli təhsil ocaqları sırasına daha iki məktəb də daxil olacaqdır.

Təhsil sistemində quruculuq tədbirləri məktəbəqədər tərbiyə müəssisələrini də öz ağuşuna alıb. 2008-ci ilin ötən dövrü ərzində Naxçıvan şəhərində 120 yerlik 4 nömrəli uşaq bağçası tikilib, Ordubad şəhərində isə 50 yerlik uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda daha iki uşaq bağçasının tikintisi davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bölgədə aparılan genişmiqyaslı quruculuq tədbirləri sırasında yeni səhiyyə ocaqlarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi də mühüm yer tutur. Bu ilin 11 ayı ərzində Naxçıvan şəhərində Təcili Tibb Mərkəzi, 324 yerlik "Duzdağ" Fizioterapiya Mərkəzi, 62 çarpayılıq Culfa Rayon Mərkəzi Xəstəxanası, Babək rayonunun Nehrəm kəndində 20 çarpayılıq kənd sahə xəstəxanası, 15-ə yaxın kənddə isə müasir tipli həkim ambulatoriyası və feldşer-mama məntəqəsi tikilərək istifadəyə verilib. Bunlarla bərabər, Naxçıvan Doğum Mərkəzinin, onkoloji dispanserin və Şahbuz rayonunda mərkəzi xəstəxananın tikintisi sürətlə aparılır. Onlar da müasir standartlar əsasında inşa olunur.

Ümummilli liderimizin quruculuq xətti bölgənin mədəniyyət obyektlərini də əhatə edib. Ali Məclisin Sədri məruzəsində qeyd edib ki, ötən müddət ərzində xalq qəhrəmanı Koroğluya heykəl ucaldılmış, Babək rayonunun Nehrəm kəndində böyük yazıçı Mirzə Cəlilin xatirə muzeyi, Sədərək rayonunda Heydər Əliyev adına Mədəniyyət və istirahət parkı istifadəyə verilib, Naxçıvan şəhərindəki "Zaviyyə-Mədrəsə" binasında, Came məscidində, Nuh peyğəmbərin məzarüstü türbəsində əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilib.
Muxtar respublikanın kənd yaşayış məskənlərində inşa olunan "Kənd mərkəzləri"ndə isə 13 kitabxana, bir o qədər də mədəniyyət evi və klub əhalinin istifadəsinə verilib.

Bunlarla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, yeni idman-sağlamlıq obyektlərinin tikintisinə də diqqət artıb. Naxçıvan şəhərində beynəlxalq standartlara cavab verən Əyləncə mərkəzi istifadəyə verilmiş, Kəngərli rayon mərkəzində stadion və mini-futbol meydançası inşa olunmuşdur. Şərur şəhərindəki Olimpiya-İdman Kompleksində isə inşaat işləri sürətlə davam etdirilir.

 

Səmərəli məşğulluq, demoqrafik inkişaf və sakit həyat

 

Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi sosial yönümlü inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili üçün əlverişli şərait yaradıb. O ki qaldı məşğulluğun təmin olunmasına, bu sahədə həyata keçirilən tədbirlər də üzağardıcıdır. Yeni iş yerlərinin açılması istiqamətində məqsədyönlü siyasətin nəticəsidir ki, təkcə 2008-ci ilin ötən dövründə 6407 yeni iş yeri açılmışdır ki, onlardan da 4447-si daimi iş yerləridir.

Cari ilin ötən dövrü ərzində dövlət dəstəyi ilə müasir texnoloji avadanlıqlarla təmin olunan 34 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Yeni müəssisələri yaratmaqda başlıca məqsəd isə daxili bazarın tələbatının ödənilməsinə və idxaldan asılılığın aradan qaldırılmasına yönəldilib. Hazırda isə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə, o cümlədən "Badamlı" mineral su istehsalı, mebel istehsalı, makulatura emalı və qutu istehsalı müəssisələrinin, mərmərdən döşəmə və üzlük daş istehsalı sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.

Ali Məclis Sədrinin məruzəsində belə bir fikir də xüsusi vurğulanmışdır ki, son illər aparılan məqsədyönlü tədbirlər muxtar respublikanın xarici ticarət dövriyyəsinin strukturunun və istiqamətinin də genişlənməsinə səbəb olub. Bu ilin 11 ayı ərzində 30 xarici dövlətlə aparılan ticarət əməliyyatları nəticəsində 91 milyon 455 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb. Bu isə ötən ilin müvafiq dövründəki göstəricidən 11 faiz çox olub.

Xarici ticarət dövriyyəsində diqqəti cəlb edən ən mühüm məqamlardan biri də ondan ibarət olub ki, muxtar respublikada daxili tələbatın ödənilməsində yerli məhsulların xüsusi çəkisinin artması müqabilində xaricdən sənaye, kənd təsərrüfatı, ərzaq məhsullarının idxalı xeyli azalmış, ixrac isə əhəmiyyətli dərəcədə artmışdır. Cari ilin 11 ayı ərzində ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 34 milyon 806 min ABŞ dolları, idxalın həcmi isə 14 faiz azalaraq 56 milyon 649 min ABŞ dolları həcmində olub. Bu isə bölgədən xaricə valyuta axınının qarşısını xeyli alıb. Halbuki ötən ilin bu dövrlərində muxtar respublikanın ali qanunverici hakimiyyət orqanında keçirilən toplantıların birində belə bir fikir narahatçılıqla qeyd olunmuşdur ki, il ərzində xarici ölkələrdən 47,7 milyon manat həcmində əsas ərzaq və qida məhsulları idxal olunub.

İqtisadi inkişafa paralel olaraq demoqrafik göstəricilər də pozitiv meyillərlə səciyyələnir. İstər əhali məşğulluğu, adamların maddi-rifah halının yaxşılaşdırılması, istərsə də yaşayış üçün sağlam mühitin formalaşdırılması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər sosial-iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri kimi əhalinin artımına, demoqrafiq vəziyyətə öz təsirini göstərir. Bu artım təkcə cari ilin 11 ayı ərzində 3966 nəfəri təşkil edib. Yeni doğulan uşaqların sayı isə ötən ilin müvafiq dövründəki göstəricidən 13 faiz çox olmaqla 7 min nəfərə yaxın artıb. Son on il ərzində muxtar respublikada əhalinin artımı 55 min nəfəri ötərək 388 min 424 nəfərə çatıb.

Bu müddət ərzində muxtar respublikanın ictimai-siyasi həyatında qazanılan böyük uğurlardan biri də hüquqpozmalara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, kriminogen durumun tam normallaşmasıdır. Muxtar respublikanın cinayətsiz region, Naxçıvan şəhərinin isə təhlükəsiz şəhər elan olunması istiqamətində tədbirlərin görülməsi böyük istəklə davam etdirilmiş, hüquq maarifi və profilaktika işi xeyli gücləndirilmişdir. Aparılan məqsədyönlü tədbirlər nəticəsində cinayət hadisələrinin sayı isə xeyli aşağı düşüb. Əgər ötən ilin 11 ayında 49 hadisə qeydə alınmışdırsa, bu ilin müvafiq dövründə hüquqpozmaların sayı 3 dəfə azalaraq 16-ya enib. Təbii ki, bu, ilk növbədə muxtar respublikada iqtisadi inkişafın yüksək templəri ilə bağlı olub. Halbuki 1995-ci ildə regionda 541 fakt üzrə cinayət hadisəsi qeydə alınmışdı.

Dekabrın 16-da keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin altıncı sessiyasında cari ildə muxtar respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə yanaşı, digər məsələlər də müzakirə olundu. Deputatlar "Naxçıvan Muxtar Respublikasının 2009-cu il dövlət büdcəsinin təsdiq edilməsi", "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin təsdiq edilməsi", "Naxçıvan MR Ali Məclisinə seçkilər haqqında" "Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" məsələləri də müzakirə etdilər, bunlarla əlaqədar Ali Məclisin müvafiq qərarları qəbul olundu. Gələn il üçün muxtar respublikanın dövlət büdcəsinin xərcləri 272,7 milyon manat məbləğində təsdiqləndi.

Sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər Bayramovanın hesabatı da dinlənilmişdir. Sonda deputatlar sessiyalararası dövrdə Ali Məclis Sədrinin imzaladığı fərmanları təsdiq etdilər.

Sessiyanın işinə yekun vuran muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov dedi ki, ümummilli liderimizin 85 illik xatirəsinə Naxçıvanda elan olunan "İnkişaf və tərəqqi ili"ndə qazanılan uğurlar regionun ictimai-iqtisadi, sosial-mədəni həyatında böyük bir quruculuq səhifəsinə çevrilib. Onu da əlavə etdi ki, görülən işlərlə, quruculuq sahəsində əldə olunan nailiyyətlərlə kifayətlənməyəcək, bundan sonra da ümummilli liderimizin yolunu davam etdirərək doğma Azərbaycanımızın quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirəcəyik.

Azərbaycan.- 2008.- 20 dekabr.- S. 3.