Naxçıvanın
yaxın-uzaq mədəni tarixindən
Rəssam Nadir
Axundov
Naxçıvan dünya, ölkə
və yerli əhəmiyyətli mədəni-tarixi
abidələr diyarı olmaqla bəşər mədəni
irsi tarixində özünəməxsus yer tutmuşdur. Rəvayətlərdən və tarixi
mənbələrdən belə məlum olur ki, baş
verən mədəni-tarixi hadisələrin bir çoxu bu
torpaqla bağlı olmuş və mədəniyyətimizin
inkişafında Naxçıvan məfhumu, Naxçıvan
varlığı mühüm rol oynamışdır.
Nuh
peyğəmbərin gəmisinin burada lövbər salması
və qəbrinin Naxçıvan şəhərində
olması, müqəddəs Qurani-Kərimdə adı
keçən "Əshabi-Kəhf"-in Naxçıvan
şəhərinin təxminən 13 km-liyində, Gəmiqayada
aşkar edilmiş qayaüstü rəsm
əsərlərinin, müxtəlif dövrlərə aid
nekropol və yaşayış məntəqələrinin,
1100-dən artıq mədəni-tarixi abidələrin
Naxçıvan Muxtar Respublikasında
günümüzədək qorunub saxlanılması
dediklərimizə əyani sübutdur. Bəlkə də buna
görədir ki, bir çox elm və sənət adamları
burada dünyaya göz açmış və Azərbaycanda
mədəni mühitin formalaşmasında müstəsna rol
oynamışlar.
Əsrlər
keçdikcə mədəni tariximiz Dədə Qorqud
boylarında, folklor yaradıcılığında,
aşıq və xalq dastanlarında, nənələrimizin
toxuduğu xalçalarda, miniatür sənətində,
misgərlərin əl işlərində, Əbubəkr
Əcəmi Naxçıvaninin memarlıq incilərində,
Nəsirəddin Tusinin riyazi hesablamalarında, şair və
yazıçılarımızın
əsərlərində, rəssamlarımızın
tablolarında öz əksini tapmışdır. Bu
gözəl ənənə tarixən olmuş və bu
gün də davam etməkdədir.
Fikrimizi
aydınlaşdırmaq üçün təkcə XIX
əsrin ikinci yarısında Naxçıvanda doğulub
boya-başa çatmış və Azərbaycanda
yaradıcılıq dəsti-xəttilə
sayılıb-seçilən naxçıvanlı
sənət, söz ustadları və yaradıcı
ziyalılarından bir qrupunun: Eynəli bəy Sultanov,
Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar,
Məmməd Tağı Sidqi, Bəhruz Kəngərli,
Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Kazım Ziya,
Böyük xan Naxçıvanlı, Rza Bacıoğlu,
Mirzə Cəlil Şürbi, Rza Təhmasib və
başqalarının adını qeyd etmək kifayətdir.
Mədəni tariximizin abı-havasından
bəhrələnən ziyalılar yaradıcılıq
estafetini günümüzədək daşımış
və yetişməkdə olan yeni nəslə təqdim
etməyi bacarmışlar.
Bu
baxımdan məktəbin yetirmələrindən biri olan,
sənətilə Azərbaycanda, keçmiş SSRİ
məkanında, xarici ölkələrdə ad-san
qazanmış, şöhrət tapmış gözəl
rəssam, qayğıkeş müəllim Nadir
Səfərəli oğlu Axundovla oxucularımızı
yaxından tanış etmək yerinə düşərdi.
Nadir
Axundov 1925-ci ildə Naxçıvan şəhərində
dünyaya göz açmışdır. 3
yaşından ata-ana nəvazişindən məhrum olan balaca
Nadir rahatlığı xalası Münəvvər
xanımın ana laylalarında tapmışdır.
Təsadüfi deyil ki, əli karandaş tutandan son rəsm
əsərinədək, rəssamın "Ana"
mövzusunda çəkdiyi əsərlərin
hamısında Münəvvər xanımın surəti
dayanır.
Balaca
Nadirin rəssamlığa olan həvəsini hiss edən
xalası sevincini həyat yoldaşı, Məşədi Musa
ilə paylaşır. Çox
çəkmədən Nadirə rəssamlıqla
məşğul olmaq üçün lazımi ləvazimatlar
alınır. 7 yaşlı balaca rəssam o gündən
gördüklərini, xəyalında canlandırdıqlarını
kağız üzərinə köçürməyə
başlayır. Təəssüf ki,
uşaqlıq əsərlərinin bir çoxu qorunub
saxlanılmamış və ya sonralar müəllif
tərəfindən məhv edilmişdir. 14
yaşınadək xalası, sevə-sevə "Əmi"
deyə müraciət etdiyi Məşədi Musa və
xalası uşaqları ilə birlikdə olan gənc
rəssam artıq sənəti üzrə təhsil
almaq, peşəsinə dərindən yiyələnmək
və peşəkar bir rəssam olmaq arzusu ilə
yaşayırdı.
1938-ci
ildə Nadir Bakıya oxumağa yollanır. Fikirində
müəyyən bir təhsil ocağı
olmadığından, o, getdiyi yerin adını belə
yaxınlarına söyləyə bilmirdi. Təkcə onu
bilirdi ki, dünyanın harasında olursa-olsun, o,
rəssamlıq məktəbinə daxil olmalı və
rəssamlıq sənəti üzrə təhsil
almalıdır. O vaxt çoxları bunu gənclik
həvəsi, hesab edərək, Nadirə uzaqlara
getməməyi tövsiyə edirdi. Bir neçə ay Bakı
mühiti ilə tanış olan gənc rəssam
Sankt-Peterburqa (Leninqrada) yola düşür. Burada o, Leninqrad
Orta Rəssamlıq Məktəbinə daxil olaraq dəzgah
boyakarlığı və qrafika janrları üzrə
sənətin sirlərinə yiyələnməyə
başlayır. O zamanlar Nadirin ağlına belə
gəlməzdi ki, illər ötəcək və onun adı
Leninqradda təhsil alan ilk naxçıvanlı rəssam kimi
tarixə düşəcək.
Yaradıcılıqla
zəngin olan tələbəlik illəri bir-birini əvəz
etdikcə, gənc rəssam sənətini
püxtələşdirir, rənglər aləminə dalaraq
onların işıqda, kölgədə əsil rəngini
duymağa, hiss etməyə və ən nəhayət,
həqiqi çalarları tapmağa can atırdı. Bununla yanaşı, o, rəssamlıq
nəzəriyyəsini, texnikasını, dərindən
öyrənərək yaratdığı
əsərlərdə tətbiq etməyə
çalışırdı. Lakin qəfil başlanan
müharibə gənc rəssamın
yaradıcılığını yarımçıq qoyur.
O, məktəbi bitirər-bitirməz rəssam
fırçasını, silahla əvəz etməli olur.
1941-ci ildə Leninqraddan cəbhəyə yollanan Nadir
yalnız 1945-ci ilin sonunda ordudan təxris edilir. Ağır
keçən müharibə illərini, bir az da olsa unutmaq,
istrahət etmək məqsədilə Nadir Axundov
Naxçıvana, doğma ocağına qayıdır.
Naxçıvanda
yaşadığı qısa müddət ərzində Nadir
Axundov yeni əsərlər üzərində
işləməklə yanaşı, rəssamlıq
nəzəriyyəsini, texnikasını dərindən
öyrənir və təhlil edir. Ciddi
yaradıcılıqla məşğul olmağa şərait
olmadığından rəssam, əsasən, rəsm
janrına müraciət edir. O, yaxın qohumlarının
portretləri üzərində işləyərək
obrazların daxili aləmini, psixoloji vəziyyətini,
xarakterik xüsusiyyətlərini göstərməyə
çalışır. Maraqlıdır ki, 1960-1980-cı
illərdə respublikada portret ustası kimi şöhrət
qazanmış rəssamın bu janra müraciət etməsi,
məhz həmin dövrə (1945-1946) təsadüf edir ki, bu
da onun çəkdiyi portretlərlə subut olunur.
Yaradıcılıq
uğurlarını davam etdirmək, sənət dostları
ilə fikir mübadiləsi aparmaq, yenilikləri yaxından
izləmək üçün Nadirə geniş yaradıcılıq
mühiti və işgüzar şərait lazım idi. Bu
məqsədlə rəssam 1946-cı ilin payızında
yenidən Bakıya üz tutur. Onun buraya ikinci gəlişi
artıq formalaşmaqda olan sənətkar gəlişi idi.
Belə ki, rəssamın bu aləmdə kiçicik də
olsa özünəməxsus yeri və sözü var idi. Qeyd
etməliyəm ki, ali təsil ala bilməyən rəssam
öz üzərində işləməklə, əsil
həyat və sənət məktəbi keçmişdir. Bu
yolda əldə edilən nailiyyətlər, hər
şeydən əvvəl, onun iradəsinin,
əzmkarlığının və
prinsipiallığının töhfəsidir desək,
səhv etmərik.
Çox
keçmir ki, rəssam zəhməti öz bəhrəsini
verməyə başlayır. Sənətkarın
bu dövrdə çəkdiyi əsərlərdən
"Oğlan" (1948), "Mənim dostum" (1949),
"Aftoportret" (1952), "Bibi" (1953), "Yuxu"
(1957) və digərləri müxtəlif sərgilərdə
nümayiş etdirilərək Nadir Axundova Azərbaycan
miqyasında şöhrət qazandırır.
Əsərlərin xarakterik cəhəti onların
paklığı, saflığı, həyat dolu
yaşamı təcəssüm etdirməsindədir. Tablolara
baxdıqca insanın qəlbi rahatlıq, sakitlik tapmaqla
yanaşı, xeyirxahlıq, mehribanlıq və sevgi hissilə
dolur.
1950-ci
illərin ikinci yarısından 1960-cı illərin
sonunadək Nadir Axundov sərbəst yaradıcılıqla
yanaşı, pedaqoji fəaliyyətlə də
məşğul olur. O, Yuri Qaqarin adına Bakı
Pionerlər Sarayında rəsm dərnəyinə
başçılıq edərək gənc nəslin
rəssamlıq sənətinə yiyələnməsi üçün
xeyli əmək sərf etmişdir. Dərs dediyi
şagirdlərin əksəriyyəti bu sənətin
davamçıları kimi Azərbaycan rəssamlıq
məktəbinin inkişafına müsbət təsir
göstərmişlər.
Yaradıcılığının
çiçəklənən dövrünü yaşayan
rəssam silsilə əsərlərilə
pərəstişkarlarını sevindirir. 1950-ci illərin ortalarından Nadir Axundov
Azərbaycanda, SSRİ-nin müxtəlif
şəhərlərində və xarici
ölkələrdə keçirilən sərgilərdə
bir-birindən dəyərli və məzmunlu
əsərlərlə təmsil olunur. 1960-1985-ci illər
ərzində rəssam 20-dən artıq sərgidə onlarla
əsərini nümayiş etdirir. Bu arada onun Bakıda,
Gəncədə və Naxçıvanda fərdi
sərgiləri də təşkil olunur. Sərgilərdə
rəsm, qrafika, linqravüra, boyakarlıq janrında
işlənmiş əsərlərindən "Kitab oxuyan
qız" (1952), "Qarpız yeyən oğlan" (1955),
"Görüş" (1958), "Rəfiqələr"
(1959), "Arx kənarında" (1961), "Şlyapalı
aftoportret" (1966), "Çadralı qadınlar" (1967),
"Ana" (1967 və 1972), "Violnçel çalan Rablo
Kazals" (1970), "Füzuli" (1976) "Qoca
bağban" (1976), müəllifə böyük uğur
gətirir.
Müxtəlif
vaxtlarda Leninqrad, Daşkənd və Tblisidə təşkil
edilmiş qrafika və linqravüra əsərlərindən
ibarət sərgilərdə N.Axundov "Çay
süfrəsi" (1961), "Çoban qız" (1961),
"Kənd musiqiçiləri" (1966), "Dəniz
kənarında qala" (1966), "Köhnə Bakı"
(1967), "Dənizdə neft buruqları" (1969),
"İçərişəhər" (1971), "Dəniz
kənarında" (1976) və digər
əsərlərlə təmsil olunaraq Bəhruz
Kəngərli və Əzim Əzimzadə kimi
sənətkarların təməlini qoyduğu, Azərbaycan
rəssamlıq məktəbinin layiqli davamçısı
olduğunu bir daha subut edir. Eyni zamanda, rəssamın
əsərləri Almaniya, Kuba, Əlcəzair,
Çexoslovakiya, Macarıstan, İtaliya, Finlandiyada
nümayiş etdirilir.
Rəssamın
yaradıcılığında müxtəlif
yazıçıların əsərlərinə
çəkilmiş illüstrasiyalar xüsusi yer tutur. Belə
ki, yüksək peşəkarlıqla çəkilən
illüstrasiyalar yazıçının fikri ilə
üst-üstə düşərək əsəri
tamamlayır, onunla vəhdət təşkil edir. Tağı
Şahbazinin "Qayçı" (1966), Suleyman Sani Axundovun
"Qaraca qız" (1966) hekayələrinə
çəkilmiş illüstrasiyalar dediklərimizin bariz
nümunəsi olmaqla Nadir Axundovun çoxşaxəli yaradıcılığının
uğuru kimi qiymətləndirilməlidir.
Nadir
Axundov yaradıcılığının hər
dövründə olduğu kimi, yaşının dolğun
çağında da tükənməz enerji, qüvvə
ilə çalışır,
düşündüklərinin hamısını kətan
üzərinə köçürməyə
tələsirdi. Bu ərəfədə rəssamın
çəkdiyi uğurları əsərlərdən sevimli
şairimiz Bəxtiyar Vahabzadənin portretini xüsusi qeyd
etmək istəyirəm. Uzun illər
xəyalında yaşatdığı bu arzunu sənətkar,
nəhayət ki, 1990-cı ildə həyata keçirir.
Şairi dərin düşüncələr
içərisində təsvir edən rəssam, onun
düşüncələrinin sanki yaxın
gələcəkdə həyata keçirə
bilməyəcəyindən narahatdır. Şairin
qarşısındakı ağ vərəq və
vərəqin üzərindəki toxunulmamış
qələm buna işarədir. Kim bilir nəticə,
bəlkə də, hər iki sənətkarın
düşündüyündən daha yaxşı, daha
sevindirici olacaqdır!
Hər
yolun bir sonu olduğu kimi, haqqında bəhs etdiyimiz
gözəl sənətkar, Naxçıvan rəssamlıq
məktəbinin yetirmələrindən və
davamçılarından biri olan Nadir Axundovun da yaşı
ötdükcə, daxilində yaşatdığı
yaradıcılıq dünyasından tədricən
uzaqlaşıb, "yolun sonuna yaxınlaşırdı".
Sənət dünyasından
xəbərdar olanlar yaxşı bilirlər ki, yaradıcı
insan üçün bu, necə qorxulu andır. Çox
tədqiqatçılar bu anı ölümə
bərabər bir an kimi qiymətləndirmişlər.
1990-cı illərin sonuna doğru sənətkar belə bir
depresiyaya düşərək 19 may 1999-cu il tarixdə
Bakı şəhərində dünyasını
dəyişmişdir.
Səs.- 2008.- 2 dekabr.-
S. 12.