Qaliboğlu E.
Səttarın nağıllı dünyası.
Bu gün də Azərbaycanın ən bahalı rəssamı Səttar Bəhlulzadədir
Məşhur
Azərbaycan rəssamı Səttar Bəhlulzadənin
(1909-1974) anadan olmasından 99 il ötdü. Azərbaycan rəssamlığı
tarixində Səttar Bəhlulzadənin özünəməxsus
mövqeyi var. Rəssamın yaradıcılığını
mahiyyət etibarilə
sırf impressionizmə
daxil etmək mümkün deyil, ona görə ki, Səttar yaradıcılıq ruhu etibarilə tamamilə millidir. Səttar Bəhlulzadənin xoşbəxtliyi
onda idi ki, fitri olaraq
rəssamlıqda mahiyyəti
duya, nağıllaşdırma
yolu ilə ifadə edə bilirdi.
Səttar
Bəhlulzadə bir təmiz, sufiyana həyat tərzi
keçirən sənət adamıydı. Dünya malında
demək olar, iynənin ucu boyda da gözünün
olmaması, daim səxavətcillik göstərməsi
barədə onu yaxından tanıyan sənət adamları,
hətta sıravi adamlar da bu gün heyranlıqla
danışırlar. Səttar çağdaş zamanımızda
da niyə bu qədər sayğıyla xatırlanır?
Onun bu dərəcədə
rəssam kimi qəbul edilməsinin səbəbi təkcə yaradıcılıq sarıdan
zənginliyindədirmi? Məncə,
əsas bu deyil. Əsas olan Səttar Bəhlulzadənin fitrətən
insanilik tələbi üstə yaşaması
idi. İndi insaniliyi ömründə
nə dərəcədə
təsdiq edib; bu, başqa məsələdir. Məhz
rəssamlıqda o, fitrətini, ömrünü
ləyaqətlə ifadə
edə bildi.
Səttarın yuxarıda dediyimiz kimi, dünya malında gözü yox idi. Deyirlər, bir dəfə Səttar Bəhlulzadə rayonlardan birinə gedir. Məclisdə rayonun birinci katibi çox xahiş edir ki, "Səttar müəllim, mənim də portretimi çəkin". Səttar
bir neçə dəfə səslənən
xahişə reaksiya verməməyə çalışır.
Axırda görür
ki, bunun xahişləri bitmir, əsəbiləşib deyir:
"Mən balqabaq şəkli çəkmirəm".
Bir dəfə də Səttar Bəhlulzadə Azərbaycanın rayonlarından
birində günorta vaxtı nəfəsi yanır, pivə satılan yerə gəlir. Üstü-başı zövqsüz,
saçları uzun rəssamı pivə satan dilənçiyə bənzədir, buna pivəni bankada verir. Səttar dözə bilmir, pivə dolu bankanı satıcının
üstünə atır.
Satıcı deyir, buna bax, mən
dilənçinin birinə
hörmət edib pivə verirəm, bu da gör
neyləyir? Səttar deyir ki, sənə
qarşokda pivə versələr, xoşuna gələrmi? O, heç yanda özünü təqdim etmirmiş. Həmişə Əmircandan
Bakıya qatarla gəlirmiş. Bir gün qatarda dilənçinin birisi Səttara yaxınlaşır,
deyir ki, bu vaqonda mən
dilənirəm, sən
keç o biri vaqona. Demə,
üst-başından
dilənçi də
onu özünə oxşadıbmış... Səttar
çox ürəyiaçıq
rəssam olub. Danışırlar ki, o vaxtı Avropa
ölkələrindən Bakıya
hansısa məşhur
siyasətçi gəlibmiş.
Həmin siyasətçini
Səttarın emalatxanasına
gətiriblər. Qonaq
əsərlərə heyranlığını
gizlədə bilməyib.
Səttar da onun bəyəndiyi əsərləri gedəndə
ona bağışlayıb.
Siyasətçi təəccüblənib
ki, bu əsərləri
apara bilmərəm, çünki çox qiymətli əsərlərdir.
Səttar israr edib ki, bunları
təmənnasız olaraq
bağışlayır. Səttarın
indi də xeyli evlərdə əsərləri saxlanılır
ki, vaxtilə rəsam bu əsərləri
o yerlərə gedərkən qonaq qaldığı evlərə
bağışlayıb. Hətta
deyirlər bəzi rəssamlar Səttarın
əsərlərinin üzünü
köçürüblər ki, guya nə
vaxtsa rəssam onlara bağışlayıb.
Bu gün də
Azərbaycanın ən bahalı rəssamı Səttar
Bəhlulzadədir. Ömrü boyu rəssam Əmircandan qırağa çıxmayıb.
Bakıda da emalatxanası vardı. Səttar ailə qurmayıb. Danışırlar
ki, Səttara ev veriblərmiş, o da bağışlayıb
Tahir Salahova. Deyib mənim evim var, bu
isə gənc rəssamdır, ehtiyacı
var.
Əməkdar rəssam
Qəyyur Yunusun məşhur rəssam Səttar
Bəhlulzadə ilə qohumluğu, onun sənətinə dərin
bələdliyi var: "Səttar Bəhlulzadə
həmişə imzasını əsərin arxasına
yazardı.
Adamlar üçün
yaradıcı şəxslərin həyat tərzi çox
maraqlı olur. Evrologiya elmi öyrənir ki, yaradıcı adamlarda bu proses
necədir. Pikassoda bu mənada təbiilik vardı, Dali isə özünü
uydururdu. O, gözənilməz
hərəkətlər edirdi,
halbuki təbiətində
elə şeylər yox idi. Səttar
Bəhlulzadədə təbiilik
vardı. Məsələn,
rayonun birinci katibi ilə gedirdi, qəfil deyirdi ki, maşını
elə bu kasıb yeməkxanada saxla, başqa yerdə yeməyəcəyəm.
Halbuki bunu Mikayıl Abdullayev, Tahir Salahov eləməzdi.
Səttar olduqca sadə idi. O, yaxşı bilirdi ki, sadə xalq
səmimidir, həm də böyük qüvvədir. Katib sabah katib olmayacaq.
Gözü tox idi, heç vaxt dəbdəbəyə
can atmırdı. Bu səbəbdən də sadə adamlarla ünsiyyətdə
olmağı hər şeydən üstün tuturdu. Bir dəfə
dövlət tədbirində
o zamankı mədəniyyət naziri Rauf Hacıyevdən soruşub ki, ay Rauf, sən
bilmirsən, Van Qoqun vaxtında Fransanın mədəniyyət
naziri kim olub? Rauf müəllim
də deyib Səttar, bilmirəm kim olub. Səttar
deyib mən də bilmirəm. Yəni Rauf Hacıyev indi bəstəkar kimi tanınır, amma çoxu bilmir ki, o, mədəniyyət
naziri də olub. Səttarın əsərlərinin çoxu
həm də muzeylərdədir. Amma onun kimi səxavətli
rəssam da olmayıb. İki saat ərzində tanış olduğu bir adama yenicə
çəkdiyi əsərini
bağışlayırdı. Halbuki bu əsərlərini
sata da bilərdi.
O demək deyil ki, çəkdiklərinin
qiymətini bilmirdi, bildiyi dərəcədə
bağışlayırdı. Sadə insanların kolleksiyalarındakı çoxsaylı
əsərlər bu gün təbii ki, satılır. Yəqin naşı əlinə belə əsərlərdən az
düşməyib. Birinə
rast gəlmişəm,
ad çəkməyəcəyəm.
Səttar tanınmış
yazıçıya əsər
bağışlayıb, amma
uşaqları əsərin
dəyərini bilməyiblər,
atıblar şkafın
dalına, orada zədələnib. Mənə
müraciət etdilər,
bərpaçıya verdim,
bərpa etdi. Amma indi inanmıram
ki, Səttarın əsəri atılıb qala. Çünki bilirlər, Səttarın
əsərləri çox
bahalıdır. Düzdür,
indi Səttarı, eləcə də başqa rəssamları kopiya etmək olar, amma onu
orijinal kim qələmə vermək
günahdır. Rəssamlıq
tarixində belə hadisələr az olmayıb, indi daha çoxdur".
Səttar
Bəhlulzadə nədən çəkir-çəksin, onun
içərisindən mütləq bir nağıl
çıxırdı. Rəssam deyir: "Səttarın çəkdiyi Qudyalçay
mənzərələrini təbiətdə
görəndə məəttəl
qaldım ki, necə incəliklə alınıb. Onun rəng duyumu çox həssas idi. Əgər mən indi rənglərin
yüz çalarını
görə bilirəmsə,
Səttar bunların minini görürdü. Adi adamlar isə
o rəng çalarını görə
bilmir. Bütün rənglərin hər birinin onlarla çaları var. Səttar Bəhlulzadənin
Azərbaycan rəssamlarına
çox təsiri olub".
Toğrul Nərimanbəyovda da nağıllaşdırma var: "Hər ikisində meyar gözəllikdir. Hər birinin isə öz dəst-xətti, texnikası var. Rəssam o şəxsə deyilir ki, yaradıcılıqla məşğuldur, yaradıcılığının bəhrəsi həqiqətən cəmiyyətə gözəllik bəxş edir. Təbii ki, hamı istedadlı ola bilməz. Əgər qabaq uzağı 50 istedadlı rəssam vardısa, onların da ətrafında zəifləri olurdu, baxmayaraq ki, bunlar da pis çəkmirdilər. Amma indi istedadsız görürsən, nəsə çəkir, hesab edir ki, artıq böyük rəssamdır. Belələrinin sayı artır. Həqiqi sənətkarın yanında gəlib oturur ki, mən də rəssamam. Axı bu, belə olmamalıdır, hər şeyin yeri var. Rəssamlar İttifaqı yaradıcılıq təşkilatıdır, bu sənət hamıya nəsib olmur. Əksəriyyət ümumən rəssamları tanımır. Fikirləşirəm ki, bu, təbiidir. Baxırsan, Amerikada da Van Qoqu, Pikassonu hamı tanımır. Hələ Səfəvilərin vaxtında da miniatür əsərlərini hamı görə bilməzdi. İndinin özündə də rəssamlıq kütləvi xarakter daşımır. Avropada təbliğat-təşviqat işləri 19-cu yüzildən başlayaraq güclü aparılıb. İmkanlı adamlar başlayıblar sifarişlər verməyə. Amma yenə də rəssamlığa meyl geniş kütləni əhatə etməyib. Səttar Bəhlulzadənin ailəsi yox idi. Bu səbəbdən də onun üçün güzəran qayğılarını ödəmək çətin deyildi. Amma şübhəsiz, xüsusən indi ailəli rəssam üçün dolanmaq çətindir".
Xalq cəbhəsi.- 2008.- 23 dekabr.- S. 14.