Mehdiyev R.
Əsərlərindən
çoxları kimi, mən də zövq aldığım
istedadlı fırça ustası İsa Məmməd
oğlu Məmmədov öz dəst-xətti, üslubu ilə
seçilən sənətkarlardandır. Onu çoxdan, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində oxuduğu
vaxtdan tanıyıram.
Danışmaqdan çox
dinləməyi, yaradacağı
əsər haqqında
düşünməyi xoşlayır.
Müraciət etdiyi mövzu isə təbiətdir - ilin dörd fəslinin məqamlarını canlandıran
mənzərələrdir. Onun "Dağlar",
"Payız meşəsi",
"Saralan yarpaqlar",
"Günorta çağı"
tablolarına etinasız,
həyəcansız baxmaq
mümkün deyil. Seyrçilərə, bir peşəkar rəssam kimi mənə elə gəlir ki, İsanın ştrixləri, nüansları
sanki indicə dil açıb danışacaq, bulaqların
suyu axacaq, saralan yarpaqlar budaqdan üzüləcək...
İsanın
təbiətə vurğunluğu səbəbsiz deyil. O,
füsunkar diyarda - əlçatmaz, ünyetməz
dağları ilə göz oxşayan, könül açan əzəli yurd yerimiz Zəngəzur mahalının Qafan şəhərində anadan
olub. Yeniyetmə yaşına çatanda
doğma obasından uzaqlaşmaq məcburiyyəti
qarşısında qalıb.
Çünki zaman-zaman
millətimizdən xeyirxahlıq,
mərhəmət, humanistlik
görən nankor ermənilərin təzyiqlərinə
məruz qalırdı.
O, Bakıya gələndə
bəxt üzünə
güldü. İmtahanlardan
yüksək qiymət
alıb rəssamlıq
məktəbinə qəbul
oldu. Təhsilini uğurla başa
vurub həvəslə,
istəklə yaradıcılığa
başladı. Əsərləri
bir çox sərgilərdə nümayiş
etdirildi. İsa ali təhsil almağı da unutmadı. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rəngkarlıq
fakültəsini bitirdi.
Həmkarım özünə
qarşı həddən
artıq tələbkardır.
Bəzən bir əsərini
araya-ərsəyə
gətirmək üçün
aylarla molbert önündə dayanır,
düşünür, yaradıcılıq
məhsulunun ürəyi
istəyən kimi, olması üçün
hər cür əzab-əziyyətə
qatlaşır. Çoxları
kimi, mən də sevinirəm ki, onun gərgin
əməyi hədər getmir, əsərləri sərgilərdə
maraqla qarşılanır,
baxılır, müəllifinə
hörmət qazandırır.
Tale elə gətirib ki,
İsa ilə bu gün eyni ünvanda - Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında pedaqoji
fəaliyyət göstəririk. Sənətini
tələbələrinə sevdirir, onların dünyagörüşlərini formalaşdırmağa çalışır.
İsaya yeni yaradıcılıq uğurları
arzulayıram. Həmkarım
yaxşı bilir ki, könül açdığımız sənətin
yolu enişli-yoxuşludur,
amma şərəfli,
şöhrətlidir. Hər
dəfə eşidəndə
ki, onun əsərləri sərgidə
nümayiş etdirilir,
sevinirəm. Bu yaradıcılıq ənənəni
yaşat, yeni-yeni göz oxşayan, diqqət çəkən
əsərlər yarat,
əziz həmkarım.
Sənin nailiyyətlərinin,
yaradıcılıq uğurlarının
təsviri sənət
tarixinə yazılacağına
əminəm. Çünki
sən rənglərin
dilini mükəmməl
bilən, onları danışdıran sənətkarsan.
Azərbaycan.- 2008.- 20 dekabr.- S. 8.