Orucov E.
Tarix belə sənətkarları az-az
yetirir. Səttar Bəhlulzadə, həqiqətən,
Tanrının bu xalqa bəxşişi, təpədən dırnağa
istedad idi. Azərbaycan rəssamlıq
sənətində silinməz
iz qoydu. Rənglərin sehrini açdı, möcüzələr
yaratdı.
Səttar
Bəhlulzadə Azərbaycan təbiətinin vurğunu idi.
Yurdumuzun
dağlarını, boz səhralarını, yaşıl
meşələrini, göy çəmənlərini,
sıldırım qayalarını, durna gözlü
bulaqlarını varlığı qədər sevirdi.
Deyirlər, bəzən
aylarla təbiəti gəzib-dolaşır, gözünü
oxşayan təbiət gözəlliyini öz
əsərlərinə köçürürdü. Elə bil, düşünürdü
ki, bu gözəllik
bir azdan itib gedəcək, onu əbədiləşdirmək
gərəkdir.
Səttar sənəti
ona görə uca və əlçatmazdır ki, bu
əsərlər çox güclü istedadın
süzgəcindən keçib kətan üzərinə
köçürülmüşdür. Bu
əsərlər dünyanın
rəng çalarlarının
hamısından bəhrələnib.
Bəlkə ona görə xalq şairi Bəxtiyar Vahabzadə yazırdı ki, “Səttar Bəhlulzadənin əsərlərinə
baxarkən, ana yurdumuzun gözəlliyinə
və əzəmətinə
bir daha vurulursan”. Onlarda həyat özündən
də gözəldir.
Baxdıqca insanın daxilində bir rahatlıq yaranır. Onlar xalqımızın, əsl mənada, milli sərvətidir.
Səttar
Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan
kəndində anadan olmuşdur. Hazırda
bu qəsəbənin
küçələrindən biri rəssamın adını daşıyır.
Burada S. Bəhlulzadənin
həyat və yaradıcılıq yolunu
canlandıran şəkil
qalereyası da vardır. Öz vəsiyyətilə Əmircan
qəbiristanlığında dəfn edilmiş sənətkarın məzarı
önünə hər
dəfə tər gül dəstələri
ilə gələn sənətsevərlər onun
əzəmətli tunc
heykəlini seyr edirlər. Demək lazımdır ki, heykəltəraş Ömər
Eldarov bu əsərilə xalq rəssamına xalqın dərin məhəbbətini
ifadə etmişdir.
S. Bəhlulzadə 18
yaşına kimi Əmircandan kənara
çıxmamışdır. O, 1927-ci ildə
qohumlarının məsləhətilə
Bakıya gəlmiş
və Azərbaycan Dövlət Rəssamlıq
Texnikumuna daxil olmuşdur. Rəssamlıq
məktəbini bitirdikdən
sonra Səttar Bəhlulzadə 1933-cü ilə
kimi “Kommunist” qəzetində əməkdaşlıq
etmiş, bir qrafik rəssam kimi qəzet üçün şəkillər
çəkmişdir. Bütün illər
ərzində o, təhsilini davam etdirmək, ali rəssamlıq məktəbində
oxumaq fikrindən əl çəkməmişdir.
1933-cü ilin yayında
o, Moskvaya getmiş və Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olmuşdur. 40-cı illər rəssamın yaradıcılıq həyatında
axtarış illəri, dəzgah boyakarlığı və
qrafikasının müxtəlif
janrlarında səmərəli
fəaliyyət dövrü
olmuşdur. Bu dövrə inqilabi-tarixi mövzularda çəkdiyi
tablolar, tematik şəkillərin eskizləri,
portretlər daxildir ki, bunların da bir qismi
hazırda respublika muzeylərinin fondlarında,
digər qismi isə müəllifin şəxsi arxivində saxlanılır. Onun əsərlərindəki kompozisiyalarda
peyzaj motivlərinin qabarıq işlənməsi,
yığcam vasitələrlə
əldə edilən kolorit ifadəliliyi nəzəri cəlb edən ən əlamətdar cəhətlərdən
biridir.
50-ci illərdən S.
Bəhlulzadənin bədii axtarışları
əvvəlkinə nisbətən daha ardıcıl,
məqsədyönlü şəkildə getmiş, bu
axtarışlar respublikamızın bir çox rayonlarında
- ən çox isə Qubada və Lənkəranda,
Şamaxı və Şuşada, Şahdağın
ətəklərində və Göy göl
sahillərində bilavasitə naturadan çəkilmiş
kiçik etüdlərə, iri həcmli epik
mənzərə - tablolara gətirib
çıxarmışdır. Bu əsərlərdə müəllifin
ifadə tərzi, təsvir dili göstərir ki, o, daim insanın
doğma təbiətilə,
ana diyarla dərindən bağlılığını
vəsf etmək həvəsi ilə yaşamışdır. Təzadların tutuşdurulmasından alınan
qüvvətli emosional
affekt, qarlı zirvələri, göylərə
baş vuran Şahdağın əzəmətli
siluet təsvirlərinin
Qızbənövşə vadisinin zərif yaşıl örtüyü
ilə, qaynaqlarını
dağ döşündən
götürən Qudyalçayın
iti axan suları ilə çiçəklənən
alma bağlarının
ürəkaçan mənzərəsinin
müqayisəsindən yaranır.
Bu isə, öz növbəsində,
aylar, illərlə davam edən düşüncələrin, həssas
və qüdrətli duyğuların ən ecazkar bədii təcəssümüdür.
“Qızbənövşəyə
gedən yol”, “Qudyalçayın sahili”, “Qudyalçay vadisi”
tablolarında S. Bəhlulzadə
yaradıcılığının xarakterik
cəhətləri, fərdi dəst-xətti, təbiət
motivlərinə yaxşı bələd olması və
onlara bütün incəliyi ilə nüfuz etməsi öz
parlaq əksini tapmışdır.
Sonrakı illərdə
S. Bəhlulzadənin yaradıcılıq
təcrübəsində yeni cəhətlər üzə
çıxmışdır. O, həyata,
canlı təbiətə
daha fəal nüfuz etməyə başlamışdır. Bu
baxımdan “Xəzərdə
axşam çağı”,
“Torpağın arzusu”,
“Oyanma”, “Kəpəzin
göz yaşları”,
“Tut ağacları”, “Əbədi məşəl”,
“Qüdrətli ağac”
tabloları daha ifadəlidir.
Vətən
torpağının gözəllik timsalı kimi
tərənnümü S. Bəhlulzadənin tam bir silsilə
tablolarının ana xəttini təşkil edir. Onun “Sərv ağacları”, “Şamaxı üzümlükləri”,
“Laza kəndinin şəlalələri”, “Qədim
Şamaxı”, “Şahnabat
şəlalələri”, “Bilgəh”,
“Çiçəklənən ağaclar”, “Gəncə çinarları”, “Çiçəklənən
badam ağacı”, “Buzovna bülluru” və digər lövhələrin boyalar
aləmində Səttar
fırçasının
əbədi silinməz
izləri yaşayır.
Səttarın rəsmləri
tamaşaçıda onun
yaradıcılığının ali və uca
məqsədləri, əbədi
mahiyyəti haqqında
qəti inam yaradır. Rəssamın belə təbii
sərbəstliyi, bəzən
həqiqi mənasında,
bədii obrazlar silsiləsinin yaradılmasına
gətirib çıxarırdı.
Yaradıcılığa belə
münasibət ştrixlərin,
axıcı cizgilərin
vəhdətini, kompozisiya
bütövlüyünü üzə çıxarmağa
imkan verir. Onun əsərlərində təbiət
mənzərələrinin lirik-fəlsəfi təsvirləri belə yaradılır. “Üç
qovaq və tut ağacı”, “Dağlar və dərələr”, “Sıldırım
qayalar”, “Zirvələr”,
“Ay və ağac gövdələri”,
“Dağlar və buludlar”, ”Pambıq sahəsi", “Meyvə bağları”, “Kəpəz buludlara bürünür” və s. əsərləri elə bil təbiətin
canlı mənzərələridir.
Olduqca təvazökar,
həyatı qədər sevdiyi rəssam peşəsinə
və sənətkar mənəviyyatına bütün
varlığı ilə, qəlbən bağlı olan S. Bəhlulzadə
qrafika janrında da çox dəyərli əsərlər
yaratmışdır. Emalatxanasına
gəlmiş çexoslovakiyalı
həmkarlarının inadlı
xahişi ilə bu əsərlərdən
müstəqil ekspozisiya
tərtib edərək,
Praqada nümayiş etdirdilər. Bu, respublikamızın rəssamlıq
həyatında ürəkaçan,
sevindirici bir hadisə idi.
Yuxarıda qeyd etdiyimiz kimi, S.Bəhlulzadə hələ
gənc yaşlarından
canlı təbiətin,
güllü-çiçəkli
bağların, ucsuz-bucaqsız zəmilərin
vurğunu idi. Uzun illərdən sonra, özünün qrafik natürmortlarında, Səttar
bu allı-güllü təsvirləri
ilhamla fırçaya
aldı. Onun qrafikasında qızılgüllər,
bənövşələr, lalələr, qərənfillər
canlandı, alma, nar, albalı, ərik ağacı budaqları məhsuldarlıq,
bolluq rəmzinə çevrildi. Bunlar rəssamın qrafik lövhələrdə
yığcam və lakonik bədii ifadə vasitələrilə,
təbii və real səpgidə əks olunub. Bu əsərlər bir mahnı, cizgilərdə bəstələnən
təsirli melodiyadır
ki, dünyanın gözəlliklərini özündə
vəsf edir. “Matryoşkalar”, “Ryabina”, “Rus mənzərəsi” və s. qrafik
kompozisiyalar Səttar sənətinə, onun ustalığına obrazlı
strukturuna daha dərindən nəzər
yetirməyə, onu anlayıb dərk etməyə geniş imkan verir.
Səttar
yaradıcılığı ildən-ilə
təkmilləşmişdir. Tablolarını bir küll halında
fikrən nəzərdən
keçirsək, görərik
ki, ilkin lövhələrdən bəziləri
sadəcə olaraq, təsvir obyektilə eyniləşdirmək, axtarış
əldə etmək prinsiplərilə işlənmişdir
ki, bu yolun
səmərəsizliyi indi
hər baxımdan
bəllidir. Səttar Bəhlulzadə Azərbaycan
rəssamlıq sənəti
tarixində öz yeri olan sənətkarlardandır.
Onun sənətinə
həmişə yüksək
qiymətləndirilmiş, ona
xalq rəssamı fəxri adı verilmişdir. S.Bəhlulzadənin
ev muzeyi yaradılmış, Sərgi
salonu onun adı ilə adlandırılmışdır. Hazırda Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə rəssamın
ev muzeyində əsaslı təmir işləri aparılır.
Dünya muzeylərini,
sənətsevərlərin kolleksiyalarını bəzəyən
mənzərələr Səttar
sənətkarlığının xalq içərisində əbədi yaşadığına,
sevə-sevə qorunub mühafizə edildiyinə canlı sübutdur.
Xalq qəzeti.- 2008.- 14 dekabr.- S. 6.