Hüseynov C.

 

Dünya şöhrətli Azərbaycan rəs­sa­mı

 

Tahir Salahov — 80

 

Tahir Salahovun yaradıcılığı ilə yaxından tanışam, dəfələrlə əsərlərinin sərgisində olmuşam. Doğrudan da, onun yaradıcılığı özgə aləmdir. Bu aləmdə elə möcüzələr var ki, biz rəssamlar belə, həqiqətən yaxşı mənada həsəd aparırıq. Onlar arasında Azərbaycanımızın dünəni və bu günü, əsrarəngiz təbiəti, dünyanın müxtəlif ölkələrində çəkilmiş rəngarəng tablolar vardır. Mən bu əsərlər arasında ulu öndər Heydər Əliyevin bənzərsiz portretini də gördüm. Bunu təsadüfən xatırlamadım. Tahir Salahov ümummilli liderimizlə həmişə dostluq etmiş, onun məsləhətləri və köməyindən bəhrələnmişdir. Və heç təsadüfi deyil ki, 80 illik yubileyi ərəfəsində cənab Prezidentimiz İlham Əliyev Tahir Salahovu “Heydər Əliyev” ordeni ilə təltif etmişdir.

Tahir Salahov çox şərəfli bir həyat yolu keçmişdir. O, 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Atası repressiya qurbanlarından olduğundan uşaqlıq illərini məhrumiyyətlər içərisində keçirən Tahir Salahov özündə qüvvə tapdı, sənətə olan həvəsi onu əlçatmaz hesab etdiyi rəssamlıq dünyasına qovuşdurdu. Bakı, Abşeron, onun sərt təbiəti Tahir Salahovun ilkin yaradıcılıq dövrünün əsas mövzularından olmuşdur. O, Abşerondakı müxtəlif tarixi abidələri, Xəzərin mavi sularını öz tablolarında dönə-dönə əks etdirdi, bu əsərlərə özünəməxsus rəng çalarları qataraq onlara yeni məna, yeni mahiyyət verdi.

Yüksək istedad, rəssamlığa olan hədsiz həvəs onu V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq fakültəsinə gətirdi. O, buraya gələndə (1957) artıq rəssamlıq sahəsində xeyli təcrübə toplamışdı, əsərləri gənc rəssamların sərgilərində nümayiş etdirilmişdi. Burada isə məşhur rəssamlarla ünsiyyətdə oldu, dünyagörüşündə əsaslı yeniləşmə baş verdi.

Tahir Salahovun qısa tərcümeyi-halını nəzərdən keçirsək deyə bilərik ki, bü böyük sənətkar öz əmək fəaliyyətini Azərbaycan Rəssamlar İttifaqında məsul katib kimi başlamış, sonra M. Ə. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışmışdır. Tahir Salahov 20 il burada rəssamlıq emalatxanasıa rəhbərlik etmişdir.

T. Salahov 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasına rəhbərlik edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu və V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Hər kəs onu realist rəssam kimi tanıyır. O, elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir. Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox tamaşaçı tərəfindən əsərinin fəlsəfi ideyasının qavranılmasına çalışır. Boyakarlıq sənətinin bu parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə öz fərqliliyi ilə hamıdan seçilir. Təsadüfi deyildir ki, bu gün sənətkarın möcüzəli əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, ən nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb. Bu günlər böyük sənətkarın yubileyi ilə bağlı Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Yubiley münasibətilə dövlət başçımız İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rəssamı qəbul edib. Onun evində keçirilən sərgidə müxtəlif illərdə yaratdığı əsərlər sərgilənib. Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız-hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın ikinci və üçüncü dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordenlərinə, müstəqil Vətənimiz Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb. Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bərabər, Madriddəki San- Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır. Hazırda Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən məşhur məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” zamanında yüksək qiymət alıb. Bu dəyərləndirmə həm də Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb rəsmi uzun müddət heyranlıqla seyr etməsidir.

T.Salahov kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə, özünü də tabloda əks olunan mühitdə görməmək mümkün deyil. Bir-birindən fərqli mövzulara müraciət edəndə, o, fərqliliyi fırçaya alması ilə tamaşaçının qəlbinə daha həlim yol tapır. Sənətkarın fırçasının məhsulları olan “Səhər eşelonu” və “Rezervuar parkı” adlı sənaye peyzajları, “Abşeron qadınları” və “Aydan” tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, eyni zamanda, tutduğu şöhrət zirvəsindən asılı olmayaraq, bir sadəlövhlük də əks olunur. Sənətkarın özünü peşəkar rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi “Gecə növbəsindən qayıdanlar” adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə “sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir.

Məhz T.Salahovun sözügedən əsərilə əmək mövzusu müasir təsviri sənətə yol tapa bilmişdi. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin repreduksiyaları 2008-ci ildə buraxılan iki təqvimə də daxil edilib. Söhbət “Köhnə Bakı”, “Səhər ovu”, “Nardaran qarpızları”, eləcə də Abşeron triptixi - “Atəşgah”, “Xəzər bu gün” və “Qız qalası” əsərlərindən gedir. T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib.

Artıq bir neçə ildir ki, Tahir Salahov bizim akademiyada bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət imtahan komissiyasına sədrlik edir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib. Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov eləcə də YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Elə buna görə də, çox zaman onu “incəsənətin səlahiyyətli səfiri” də adlandırırlar. T.Salahov hamının sevib, dəyər verdiyi fırça ustası olmaqla yanaşı, bu gün doğma Azərbaycanımızı dünyaya özünəməxsus şəkildə tanıtmaqdadır. Vətəninin zəhmətkeşindən tutmuş, ziyalısına qədər əks etdirdiyi tabloların səmimiliyi və gözəlliyi sayəsində dünyanın hər bir guşəsində olan sənət aşiqləri Azərbaycanı Tahir Salahovun fırçasından çıxan əsərlərlə tanıyır və sevirlər. Eləcə də bu xalq onu sevir və dəyərləndirir...

Dünən Akademiyamızda bu böyük, mütəfəkkir rəssamın 80 illik yubileyi ilə bağlı tədbir keçirdik. Onun rəhbərlik etdiyi Dövlət İmtahan Komissiyasının yüksək qiymətləndirdiyi diplom işlərinin sərgisinin də açılış mərasimi oldu. Məqsədimiz bu idi ki, tələbələrimiz bu istedadlı sənətkarın yaradıcılığı ilə daha yaxından tanış olsunlar.

Onun yaradıcılığı əsl məktəbdir və ondan öyrəniləsi çox şeylər var.

Xalq qəzeti.- 2008.- 2 dekabr.- S. 6.