Sağ
olsun Azərbaycan
Tahir
Salahov-80
Ötən həftəsonu dünyaşöhrətli
fırça ustası
Tahir Salahov 80 illik yubileyinin Bakı təntənələrində
iştirak etdi.
Rəssamın İçərişəhərdə
yerləşən emalatxanasında
açılan vernisaj
eyni zamanda incəsənət sahəsində
ümumdünya şöhrəti
qazanmış şəxsiyyətlərin
görüş yerinə
çevrildi. Vaxtilə
SSRİ Rəssamlar İttifaqının
sədri vəzifəsində
çalışmış, hazırda isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti,
dünyanın 20-dən
çox yaradıcı
təşkilatının üzvü
olan Tahir Salahovu 8-ci onilliyə qədəm qoyması münasibətilə təbrik
etməkdən ötrü
Pyer Karden, Zurab Sereteli, Güstav Yunger və digər məşhurlar paytaxtımıza
təşrif buyurmuşdular.
Nazir Əbülfəz
Qarayev və onun müavini Ədalət Vəliyevin simasında təmsil olunan Mədəniyyət və Turizm Nazirliyi adından yubilyarı təbrik edən Ə.Qarayev Tahir Salahovun
yaradıcılığı barədə bir söz deməyi yersiz hesab etdiyini
bildirdi: "Tahir Salahovun yaradıcılığına
qiymət verməyə
mənim heç bir hüququm yoxdur. Yaradıcı insanların fəaliyyətinə
məmurlar yox, xalq qiymət verməlidir. Tahir Salahov dahi Azərbaycan
rəssamıdır, mədəniyyətimizin
incisidir. O, xalqının
sadiq oğludur".
Mədəniyyət
və Turizm Nazirliyinin yüksəkrütbəli
nümayəndələrini əsərləri ilə
tanış edəndən sonra Tahir Salahov tədbirdə iştirak
edən KİV nümayəndələrinə xitabən dedi:
"Mən son dərəcə şadam ki, bu gün mənim
həm evim, həm də emalatxanam olan bu məkana çox
sevdiyim insanlar toplaşıblar. Bu çox böyük səadətdir. Azərbaycanda
mənim yubileyimin ən yaxşı tərzdə baş tutmasından ötrü hər şey ediblər. Bu gün mən xalqımın, prezident İlham Əliyevin, dostlarımın isti nəfəsini duyuram. Xoşbəxt insanam ki, yubileyimi Azərbaycan xalqı ilə birgə qeyd edirəm. Sağ olsun Azərbaycan!".
Müsahibələrinin
birində T.Salahov deyib ki, rəssamın əsərinə
gurultulu alqışlar bir neçə yüzillikdən sonra
ünvanlanır. Amma dünyaşöhrətli
soydaşımızın həyat və fəaliyyətini
göz önünə gətirəndə T.Salahovun istisna
təşkil edən xoşbəxt sənətkarlardan
olduğu aşkar görünür.
Özünün
hələlik sonuncu əsərini T.Salahov bugunkü
Azərbaycana həsr edib. 6 metrlik triptix "Odlar yurdu" adlanır. Bu əsərlə o, neft silsiləsini
tamamlayıb. Fırça
ustasının emalatxanasında
açılmış sərgidə
"Odlar yurdu"nun reproduksiyası nümayişlənir.
Zurab
Sereteli söyləyir ki, Tahir Salahov bu gün də həyat
eşqini, yaradıcılıq həvəsini itirməyib. Pyer
Karden isə qeyd etdi ki, onunla Parisdə, Zərif
Sənətlər Akademiyasında tanış olub
(keçmiş SSRİ-dən bu akademiyaya Andrey Saxarov, Mstislav
Rostropoviç və Tahir Salahov üzv qəbul ediliblər).
P.Karden:
"Tanışlıqdan sonra mən Tahiri özümün
"Maksim" restoranıma apardım. Tahir Salahovun yaradıcılığı
sehrli qüvvəyə
malikdir. Onun əsərləri
rəngarəng və
realistdir".
Bir gün əvvəl
prezident İlham Əliyevin təbrikini və "Heydər Əliyev" ordenini qəbul edən Tahir Salahovu Rusiya Federasiyasının baş naziri Vladimir Putin də təbrik etmişdi. Təbrik
teleqramında deyilir:
"Sizin parlaq işlərlə zəngin
olan yaradıcılıq
yolunuz sevimli işə sədaqətlə
xidmətin bariz nümunəsidir. Peşəkar fəaliyyət göstərdiyiniz
illər ərzində
siz özünüzü
istedadlı və özgün yaradıcı
insan kimi təsdiq etmisiniz. Məhz buna görə də Rusiya təsviri sənətinin ən yaxşı ənənələrinin davamını
sizin əsərlərinizdə
tapırıq, məhz
sizi bacarıqlı pedaqoq və tərbiyəçi kimi tanıyırıq. Səmimi-qəlbdən sizə möhkəm cansağlığı və
istəklərinizin yerinə
yetməsini arzulayıram".
Tahir Salahovun 80 illik yubileyi prezident İlham Əliyevin 11 iyul 2008-ci il
tarixində imzaladığı
sərəncama uyğun
olaraq keçirilir.
Həftə içi.- 2008.- 2 dekabr.- S. 8.