Parisdə Ermənistanın
mədəniyyətlərarası dialoqdan da
qaçdığı vurğulanmışdır
Parisdə Avropa
Şurası Parlament Assambleyası (AŞ PA)
Mədəniyyət, Elm və Təhsil Komitəsinin
qış sessiyası ərəfəsində son
toplantısı keçirilmişdir.
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, iclasda "Avropada
müəlliflik hüquqları", "Ən yaxşı
Avropa muzeyi mükafatı", "Avropada sərhədsiz
elektron mətbuat" mövzularında müzakirələr
zamanı AŞ PA-dakı Azərbaycan daimi nümayəndə
heyətinin üzvü Rafael Hüseynov həmin
məsələlərə öz münasibətini
bildirmişdir. Dekabrın 2-3-də
Bakıda keçirilmiş
"Mədəniyyətlərarası dialoq Avropa və ona
qonşu regionlarda davamlı inkişafın və
sülhün əsasıdır" mövzusunda Avropa
Şurasına üzv olan ölkələrin
mədəniyyət nazirlərinin beynəlxalq konfransı
ilə bağlı hesabat məruzəsi dinlənilmişdir.
Milli Məclisin deputatı R.Hüseynov həmin
mötəbər mərasimdə Avropa Şurasının
təmsilçisi olaraq iştirak etmişdir.
Azərbaycanlı deputat komitə iclasında
çıxışında bildirmişdir: Quruma
üzv dövlətlərin mədəniyyət nazirlərinin
Bakı konfransı mədəniyyətlərarası dialoq
problemi üzrə indiyədək keçirilmiş
bütün bu qəbil toplantılardan həm miqyasına,
həm də mövzularının əhatə
dairəsinə görə seçilir. Bakı
konfransında Avropa Şurasına üzv olan
ölkələrdən başqa, bir sıra Şərq
dövlətlərindən də mədəniyyətə
məsul olan yüksək vəzifəli nümayəndələr
iştirak edirdi. 48 ölkədən gəlmiş nazirlər,
nazir müavinləri, sənət xadimləri,
mütəxəssislərdən savayı, 10 beynəlxalq
təşkilat, o cümlədən YUNESKO, İSESKO,
Ərəb Dövlətləri Liqası, ALESKO da bu konfransda
ən yüksək səviyyədə təmsil olunurdu. Avropa
Şurasının üzvü olan ölkələr
arasında yalnız Ermənistan bu toplantıya
gəlməmişdi. AŞ-nin baş katibi Terri Devis bundan
təəssüfləndiyini, Ermənistanın
özünü bu layihədən kənarda qoymasının
anlaşma və yaxınlaşmaya mane olan hərəkət
kimi dəyərləndirmişdir.
R.Hüseynovun bu
məlumatı komitə üzvlərində də
təəssüf hissi doğurmuşdur. Bu hal
Ermənistanın mədəniyyətlərarası dialoqdan
qaçması kimi qəbul edilmişdir.
Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirləri
toplantısının Bakıda ən yüksək
səviyyədə təşkil edildiyini xüsusi
vurğulamış Rafael Hüseynov bu tədbirin Avropa
Şurası ilə Azərbaycan arasında
əlaqələrin inkişafının, Azərbaycanın bu
qurumda getdikcə daha artıq nüfuz
qazandığının göstəricisi olduğunu qeyd
etmişdir.
Bakı konfransında
qəbul edilmiş bəyannaməyə toxunan R.Hüseynov
demişdir: Mədəniyyətlər və dinlər arası
dialoq problemi Avropa Şurasında son bir neçə ildə
daimi müzakirə mövzusu olsa da, ilk dəfədir ki, bu
mövzuda beynəlxalq əhəmiyyətli bir sənəd
qəbul edilmişdir. Həmin
sənədin ikinci mühüm cəhəti ondan ibarətdir
ki, indiyədək mədəniyyətlərarası dialoq
məsələsi ilə bağlı yalnız nəzəri
aspektdə söhbətlər gedirdisə, Bakı
bəyannaməsi ilk dəfə bu istiqamətdə praktiki
işlərlə bağlı konkret vəzifələr
müəyyən edir. Gələcəkdə
mədəniyyətlərarası dialoq mövzusu ilə
əlaqədar qəbul ediləcək istənilən
sənəd üçün Bakı bəyannaməsi
başlıca istinad mənbəyinə çevriləcəkdir.
AŞ PA-nın
Mədəniyyət, Elm və Təhsil Komitəsi deputat
R.Hüseynovun məruzəsini yüksək
qiymətləndirmiş, mədəniyyət nazirlərinin
Bakı konfransını Azərbaycanın
mədəniyyətlərarası dialoqun tərəqqisinə
layiqli töhfə olduğunu təsdiq etmişdir.
Azərbaycan.- 2008.- 12 dekabr.- S. 8.