Teymur M.

 

Günün mövzusunu əbədiləşdirən rəssam

 

Tahir Salahov-80

 

Görkəmli rəssam Tahir Salahov sənətini sevən, xalqının şərəfini qoruyan, bütün dünyada tanınan fırça ustasıdır. O, minlərlə eskiz, yüzlərlə portret çəkmiş, təbiət mənzərələrini kətan üzərində əbədiləşdirmişdir. Yaratdığı neçə-neçə əsər bugünümüzə, sabahımıza yadigar kimi yaşayır, xatırlanır. Onun 1966- ildə işıq üzü görmüş albomundakı rəsmlərində 85-ə qədər şəxsin obrazı var. Onların arasında unudulmaz sənətkarlarımızdan M.İbrahimov, Q.Qarayev, M.Abdullayev, əmək qəhrəmanlarından B.Talıbova, marşal P.A.Rotmistrov, ictimai xadim P.Yelistratov, A.N.Kovolyov, X.Bidstrup başqalarını göstərmək olar.

42 il əvvəl T.Salahovun çəkdiyi eskizlər bu gün maraqla qarşılanır. O albomun ilk səhifəsində yazılıb: "Tahir! İnsanların sevinci üçün çək! 01.03.66- il. Bakı". Əsərləriylə sənətsevərlərin zövqünü oxşayan, insanlara sevinc bəxş edən rəssamın albomu, mənəvi xəzinəmiz olan S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat İncəsənət Arxivinə təqdim etdiyi bukletindəki avtoqraf da maraqlıdır. O zaman arxivin əməkdaşı G.Sultanova ilk dəfə Tahir müəllimdən bunları almış, 104 nömrəli şəxsi fond yaradılmışdır.

Sənətkarın anadan olmasının 80 illiyi günündə onunla görüşdük. Albom haqqında məlumat verdik. Çox sevindi. Şəxsi fondunda mühafizə olunan albomda xalqımızın sevimli yazıçısı Mirzə İbrahimovun xatirə yazısı ilə bir daha Tahir müəllimin 80 illik yubileyini ürəkdən təbrik edirik. "Azərbaycan! Odlar yurdu! Zərdüştün yandırdığı od sənin qoynunda alovlandıqca yeni nəsillərin ürəyini qızdıran, bizim zəmanəmizdə qardaşlığa, birliyə meyil edən, əl-ələ verib gələcəyə doğru işıqlı fikirlərlə, məhəbbət ümidlə addımlayan, bütün xalqların övladları ilə bir yerdə irəliləmələrini tarixin səhifəsində öz istedadlarının yadigarını qoyaraq gələcəyə ruhlandıracaqdır. Mən fəxr edirəm ki, bənzərsiz fırça ustası Tahir Salahovu tanıyıram. İnanıram ki, gələcək nəsillər onu daha çox sevəcəklər. Mirzə İbrahimov".

 

Azərbaycan.- 2008.- 2 dekabr.- S. 7.