Tağıyev A.
İlmələrin
nəğməsi
İncə
naxışların, zərif ilmələrin nəğməsini
dinləmək istəyirsinizsə, yolunuzu
Dəvəçidəki "Pirəbədil" xalça
fabrikindən salın.
Əvvəllər
kiçik bir sexdən ibarət olub artel adlanan bu
müəssisə indi rayonun iri sənaye obyektlərindəndir.
Müsahibim fabrikin
direktoru Məleykə Xəlilovadır. Bu qədim el
sənətinin mahir bilicilərindən olan Məleykə
xanım uzun müddətdir ki, bu sənət ocağına
bacarıqla rəhbərlik edir. Məleykə xanım deyir:
- 1953-54-cü
illərdə Dəvəçi qəsəbəsində yeni
xalçaçılıq emalatxanası yaradıldı,
kəndlərdə isə 50-80 nəfərlik sexlər
açıldı.
1954-cü ildə
xalça ustaları hazırlamaq üçün ikiillik
kurslar açıldı. Qubada açılan bu kurslarda
dəvəçili qızlar da təhsil alır, bu qədim
el sənətinin sirlərinə yiyələnirdilər. Qeyd
edək ki, belə kurslar ilk dəfə Azərbaycanda elə
Quba şəhərində açılmışdı. 1933-cü
ildə yaradılmış bu təhsil kombinatı
Azərbaycanın xalça sənəti tarixində mühüm
hadisə idi. Quba təhsil kombinatının 1935-ci ildə
ikiillik, 1936-cı ildə isə birillik buraxılışları
olmuşdu.
Xalçaçılıq fabriki deyəndə, ilk növbədə sənət ocağını düşünürük. "Pirəbədil" xalça fabriki də sözün əsl mənasında, sənət ocağını xatırladır.
Fabrik münasib, ikimərtəbəli, işıqlı bir binada yerləşir.
Xalqımızın əsrlərdən bəri nənələrdən nəvələrə ötürülərək qoruyub saxladığı bu qədim el sənətimiz, məhz "Azərxalça" Elm-İstehsalat Birliyinin hesabına bugünkü səviyyədə qorunub saxlanmış və inkişaf etdirilmişdir.
Bu müəssisədə toxunan xalçalar əsasən dünya bazarına çıxarılır və alıcılar tərəfindən həm də yüksək qiymətləndirilir. Fabrik dövlət sifarişinə bir qayda olaraq artıqlaması ilə əməl edir.
"Çiçi", "Pirəbədil" dillər əzbəri..."
Bu sərlövhə unudulmaz şairimiz Hüseyn Arifin şeirinin misrasıdır.
Bəli, "Pirəbədil" xalçasının adı, şöhrəti şeirlərdə də tərənnüm olunub.
"Pirəbədil" çeşnisi
öz koloriti, yüksək zərifliyi, ornament detallarının zərgər dəqiqliyilə
işlənməsi, şəkillərin
incəliyi ilə şöhrət
qazanıb. Burada
ən populyar motivlər üslublaşdırılmış qoç buynuzları və nəbati naxışlardır. Xalçanın
orta hissəsində
"buynuz" motivindən
geniş istifadə edilir. İlk baxışda adama elə gəlir ki, xalçadakı ornamentlər müxtəlif səciyyə
daşıyır. Lakin xalça ilə yaxından tanışlıq zamanı
belə qənaətə
gəlirsən ki, kompozisiyadakı
bütün bəzək ünsürləri vahid bir ideyaya xidmət
edir. Burada el sənətkarları təbiət və əşyalar haqqında öz təsəvvürlərini ilmələrin dili ilə ümumiləşdirmişlər. "Pirəbədil"
xalçasında bu yerlərin çölünün,
çəməninin, dağlarının
rəngi, zəngin bitki və heyvanat
aləmi, mavi səması naxışların
dili ilə öz əksini tapıb. El sənətkarlarının toxuduğu
bu çeşnidə
heç vaxt bir xalça digərini təkrar etməyib, hər bir sənətkar ümumi mənzərədən
savayı ona öz təxəyyülünün
məhsulu olan yeni bir naxış
vurub. Bu da sənətkarın öz işinə yaradıcı münasibətin
bariz nümunəsidir.
"Pirəbədil"
xalçasının rəng və naxış
xəzinəsi kimi kompozisiya dünyası da zəngin və
mənalıdır. Xalçanın
ümumi mənzərəsi
öz simmetrik dəqiqliyi, naxışlarının
düzülüşü cəhətdən
də fərqlənir.
Ölçüsü adətən
2,5 x 1,5 metr olan xalçalar beş barmağı olan güldən ibarətdir. Hər barmağın arasında iki dəfə bir çit gülü yə üzbəüz iki qırxdırnaq salınır.
Ümumiyyətlə,
xalçada beş qırxdırnaq salınır. Xalça
midəxil, iki qızılgül, bir əyri, iki cadi və bir
böyük zəncirlə haşiyələnir. "Pirəbədil"
xalçası özünəməxsus orijinal
kompozisiyası, rəmzi mənası, bəzək
ünsürləri və rənglərin koloriti ilə də
göz oxşayır.
Pirəbədil
kəndində, həm də "Herat Pirəbədil"
çeşnili xalçalar toxunub. El
arasında bəzən
buna "Urusiyyət"
də deyirlər. Bunun da maraqlı
bir tarixçəsi var. 1913-cü ildə rus imperiyasının paytaxtı Peterburqda müxtəlif sənətkarlıq
nümunələrindən ibarət sərgi təşkil edilir. Sərgidən əvvəl
Peterburqdan parça üzərində çəkilib göndərilmiş
eskizi o zaman Pirəbədilin məşhur ustalarından
Münəvvər Əfəndiyevaya
tapşırırlar. Onun
toxuduğu xalça Rusiyada keçirilən
müxtəlif sərgi
və yarmarkalarda nümayiş
etdirilərək böyük şöhrət
qazandığından sonralar bu çeşninin adı
"Urusiyyət" qalır.
"Herat Pirəbədil" xalçasının kompozisiyası Əfqanıstanın Herat şəhərində toxunan çeşninin yerli interpretasiyasından ibarətdir. Lakin "Herat Pirəbədil" öz forma və rənglərinin həllinin koloritliyinə görə Əfqanıstan xalçasından tamam fərqlənir. Bu xalçalar bitki motivlərinin zənginliyi və rəngarəngliyi ilə seçilir.
El sənətkarlarımız toxuduqları xalçalarda nəbati naxışlarından istifadə etməklə yanaşı, quş və heyvanların təsviri ilə yaranmış naxışlardan, həndəsi naxış elementlərindən də istifadə edərək gözəl sənət nümunələri yaratmışlar.
Tarixdən yarpaqlar
1926-cı ildə bir sıra xalçaçılıq mərkəzlərində, o cümlədən Qubada ətraf kəndlərdə istehsal edilmiş müxtəlif çeşnili xalçalardan ibarət sərgi açıldı. Bu sərgi Zaqafqaziya Dövlət Ticarət İdarəsi tərəfindən təşkil edilmişdi. Sərgidə həm bədii, həm də texniki cəhətdən keyfiyyətli xalça toxuyan ustalar mükafatlandırıldı.
Sərgidə nümayiş etdirilən eksponatlar arasında öz klassik kompozisiyası ilə məhşur olan Pirəbədil kəndində toxunan xalçalar xüsusilə fərqlənirdi. "Pirəbədil" xalçaları sərginin birinci, ikinci və üçüncü mükafatlarına layiq görüldü.
Qeyd edək ki, sərgidə nümayiş etdirilən 210 xalçadan yalnız onu mükafata layiq görülmüşdü.
Sərginin birinci mükafatına 2,5 x 1,5 metr ölçüdə Zibeydə Yarməmmədovanın toxuduğu "Pirəbədil" xalçası layiq görüldü. Xalça bilicisi sənətşünas V.M.Zummer onu "kəndli rəssam" adlandırdı.
İkinci mükafata da elə bu kənddə toxunmuş "Herat Pirəbədil" xalçası layiq görüldü.
Bu sərgidə Pirədəbil ilə qonşuluqda yerləşən Zeyvə kəndində toxunan xalçalar da böyük müvəffəqiyyətlə nümayiş etdirildi.
1929-cu ilin avqust ayında Moskvada Şərq mədəniyyəti muzeyində "Azərbaycan xalçası" adlı sərgi açıldı. Sərgidə cəmi 14 xovlu və xovsuz Azərbaycan xalçası nümayiş etdirilirdi. Nümayiş etdirilən 14 xalçadan biri də "Pirəbədil" xalçası idi.
Min il bundan
qabaq ərəb səyyahı Əl-Müqəddəsi
xalçalarımıza öz
heyranlığını gizlədə
bilməyərək belə
yazmışdı: "Burada
toxunan xalçaların
misli-bərabəri yoxdur..."
Respublika. -2008.- 4 dekabr.- S. 5.