Cabbarov Ə.
Terrorizmin
və onu doğuran səbəblərin aradan
qaldırılması, insanlığa doğru
yönəlmiş bu dəhşətli cinayət
əməlinə qarşı dünya dövlətlərinin ümumi
müqavimətinin təşkil edilməsi müasir
qloballaşma əsrində bəşəriyyət
qarşısında həlli vacib, aktual məsələlərdən
biri olaraq qalır. Müasir dövrdə terrorizm
bütövlükdə dinc yaşamağın başlıca
təhlükəsinə çevrilməklə insan
hüquqları sisteminə və sivilizasiyaya ən ciddi və
qlobal təhdiddir. Dağıdıcı və
ölçüyəgəlməz xarakteri ilə
sərhəd tanımayan, ciddi sosial, siyasi, psixoloji
təsirlər doğuran bu dəhşətli terror cinayəti
həm də iqtisadi tərəqqi və inkişafın
qarşısını alır.
Terrorizmə
qarşı mübarizənin səmərəli təşkili
baxımından ideoloji-siyasi müstəvidə geniş
maarifləndirmə və təbliğat işinin
aparılması mühüm aktuallıq kəsb edir. Bu baxımdan son illərdə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya
elmləri doktoru, əməkdar elm və texnika xadimi,
"Şöhrət" ordenli Kərim Kərimovun
yüksək bədii sənətkarlıqla
yaratdığı karikaturalar mühüm əhəmiyyət
kəsb edir. Tanınmış alimin bu
günlərdə nəfis tərtibatla çapdan
çıxmış növbəti albom-kitabı isə
"Hiddət və nifrət" adlanır. Bir
neçə mötəbər xarici akademiyanın həqiqi
üzvü, Azərbaycan Rəssamlar İttifaqının
üzvü, görkəmli alim Azərbaycanın ərazi
bütövlüyü uğrunda aparılan mübarizəyə
həsr etdiyi yeni kitabına 150-dən çox siyasi karikatura
və plakat daxil etmişdir. Bu, Azərbaycan geofizika
elminin tanınmış nümayəndəsi Kərim
Kərimovun terrorizm, separatizm, narkomaniya və ermənizm kimi
bəşəri bəlalara qarşı apardığı
mübarizə yolunda ərsəyə gətirdiyi yeddinci
kitabdır.
Kərim Kərimovun
rəssamlığa olan meyli hələ Azərbaycan Sənaye
İnstitutunda (indiki Neft Akademiyasında) oxuduğu
illərdə (1952-1957-ci illərdə) özünü
göstərmişdir. Belə ki, o, həmin
illərdə təhsildəki uğurları ilə
yanaşı institutun ictimai işlərində də fəal
iştirak edirdi. Eyni zamanda tələbə və
müəllimlər bu gülərüz, çevik,
ağıllı gənci respublika mətbuatında
çıxan karikaturaları, institutdakı bədii
tərtibat işləri ilə yetkin rəssam kimi
tanıyırdılar. Söz yox ki, həmin zaman
kəsiyində və sovetlər ittifaqı hakimiyyətinin
sonrakı illərində karikaturaçı rəssamın
fəaliyyət dairəsi o qədər də geniş ola
bilməzdi.
Bununla belə, Kərim
müəllim cəmiyyətdə baş verən
eybəcərlikləri, dünya siyasətindəki
"kölgəli" məqamları tənqid
etməkdən çəkinmirdi. Lakin o,
hələ gənc yaşlarından, daha doğrusu,
özünü rəssam kimi təsdiq etdiyi zamandan
rəssamlıq fəaliyyətinin ana xəttini ermənizmin
ifşasına yönəldəcəyinə qərar
vermişdi. Çünki o,
keçmiş-keçənlərinin ermənilər
tərəfindən çəkdikləri
müsibətlərin timsalında ermənizmin təkcə
türk dünyası üçün deyil, bütün
bəşəriyyət üçün böyük bəla
olduğunu dərk etmişdi.
Kərim müəllimin
atası Məmmədxan Zamanov 1904-cü ildə Qərbi
Azərbaycanın Zəngəzur mahalının Şəki
kəndində anadan olmuşdur. Məmmədxanın
atası Kərim kişi mahalın say-seçmə
ziyalılarından idi. Bir müddət (1897-1905-ci
illərdə) Zəngəzur mahalında pristav müavini
işləmiş Kərim kişi sonralar Şəkinin
ətraf kəndlərində yüzbaşılıq
etmişdir. Kərim kişi ömrünün sonunadək
(1916-cı ildə vəfat etmişdir) ailəsini qoruyub saxlaya
bilmişdir. Lakin 1918-ci ildə Zəngəzuru
bürüyən ixtişaşlar zamanı böyük
müsibətlərə düçar olmuşdur.
Məmmədxanın gözləri qarşısında
ermənilər iki qardaşını qılıncdan
keçirmişlər. Ermənilərin gözündən
yayınmış Məmmədxan ailənin salamat
qalmış digər üzvləri ilə birlikdə
əvvəlcə Laçın rayonunda, sonra isə Füzuli
rayonunda məskunlaşmışlar. Burada yetkinlik yaşına
çatan Məmmədxan Qarabağ gözəllərindən
biri - Afərin xanımla ailə qurmuş və doğma
Zəngəzura dönə bilməmiş, daha doğrusu, bunun
üçün dövlət tərəfindən
şərait yaradılmamışdır. Sonralar
Məmmədxan kişi ailəsi ilə Ağdam
şəhərinə köçərək burada
həmişəlik məskən salmışdır.
Bəli,
xalqımızın böyük bir parçası zaman-zaman
yurd-yuvasından perik salınmış, ikiqat didərgin
həyatı (Qərbi Azərbaycandan Qarabağa, oradan da
respublikanın müxtəlif yerlərinə) yaşamağa
məhkum olmuşdur. Bütün bunlara görədir ki,
dünyanın ən humanist milləti olan Azərbaycan
xalqının alim oğlunun qəlbi düşmənə
hiddət və nifrət hissi ilə doludur. Rəssam bu
hisslərlə ərsəyə gətirdiyi 5 mindən
çox karikaturasında terrorizmi, separatizmi, narkomaniyanı
və ermənizmi ifşa etməyə müvəffəq olur;
insanları bu bəşəri bəlalardan xilas etmək
üçün dünya birliyini ayıq-sayıq olmağa,
hadisələrə ikili münasibət
bəsləməməyə çağırır. Kərim
müəllim siyasi karikaturalarının "dili" ilə
Qarabağ düyününün açılması
üçün aparılan danışıqlar zamanı təcavüzkarla
təcavüzə məruz qalan tərəfə eyni
gözlə baxmağın yolverilməz olduğunu
göstərir. Rəssam problemə belə yanaşmanın
əslində təkcə bir dövlətə, bir xalqa yox,
bütün dünya sivilizasiyasına sui-qəsd olduğuna
eyham vurur.
Professor Kərim
Kərimov bütün yaradıcılığı boyu
göstərir ki, dünyanı separatizm, narkomaniya və
terrorizmin narahat etdiyi bir vaxtda beynəlxalq
təşkilatların, super dövlətlərin gözü
qarşısında Ermənistanda dövlət
səviyyəsində terrorizmə rəvac verilir. Azərbaycanın
işğal altında olan ərazilərində narkotik
vasitələr hasil edilir, terrorçu dəstələr
hazırlanır. Alim-rəssamın
fırçasından süzülən rənglərin
yaratdığı dəhşətli
mənzərələrdən açıq-aydın
görürük ki, erməni millətçiləri
ötən yüz il ərzində Qərbi Azərbaycandan
zaman-zaman 2 milyona yaxın soydaşımızı
dədə-baba yurdundan didərgin salmış, 100
mindən artıq azərbaycanlını qətlə
yetirmişlər. Bu azmış kimi ən yeni
tariximizdə - 1988-ci ildə ermənilər havadarlarına
arxalanaraq Azərbaycana genişmiqyaslı təcavüz
edərək əzəli torpağımız Qarabağdan bir
milyona yaxın soydaşımızı qovaraq didərgin
həyatı yaşamağa məhkum etmiş, on
minlərlə azəri türkünü qətlə yetirmiş,
əsir götürmüşlər. Bütün bunlara
görə erməni faşistlərinə "gözün
üstdə qaşın var" deyən
olmadığından, onlar əsrin ən dəhşətli
faciəsini - Xocalı qətliamını
törətmişlər.
Ümumiyyətlə,
alim-rəssamın istər "Hiddət və nifrət"
siyasi karikatura və plakatlar toplumundakı, istərsə
də bundan əvvəl çapdan çıxmış albom-kitablarındakı
əsərlərini gözdən keçirən hər
kəsin nəzərində erməni terrorçularının
qaniçən obrazları, "Böyük Ermənistan"
xülyasına düşən xəstə
təxəyyülü təcavüzkarın xəyanətkar
sifəti tam çılpaqlığı ilə canlanır.
Alim-rəssam Kərim
Kərimovun son bir neçə ildəki rəssamlıq
fəaliyyətinin əsas istiqamətini ermənizmin
ifşası təşkil edir. Əlbəttə,
bu o deməkdir ki, cəmiyyətdə fəal həyat
mövqeyi ilə seçilən sənətkar xalqına,
torpağına bütün varlığı ilə bağlı
insandır. Əsərlərinin Bakıda, Moskvada,
Sankt-Peterburqda və Türkiyənin İstanbul
şəhərində 12 fərdi sərgidə
nümayişi Kərim müəllimə kamil sənətkar
şöhrəti qazandırmışdır. O,
həmin sərgilərdə ədalətə təcavüz
edən qüvvələrin riyakar, iyrənc sifətlərini,
onların ümumbəşəri dəyərlərə
sui-qəsd etmək niyyətlərini inandırıcı
lövhələrlə ifşa etməyə nail olmuşdur.
Professor Kərim Kərimovun siyasi karikatura
plakatları toplumları-kitabları mütəmadi olaraq
respublikanın ictimaiyyəti, elm adamları, xalqın ən
müxtəlif zümrələrindən olan insanlar
tərəfindən böyük rəğbətlə
qarşılanır və ciddi müzakirə obyektinə
çevrilir.
Azərbaycan
Respublikası Milli Məclisinin Mədəniyyət
məsələləri üzrə daimi komissiyası və
Azərbaycan Rəssamlar İttifaqının
təşəbbüsü ilə "Hiddət və nifrət"
kitabının təqdimetmə mərasiminin təşkili
məhz alim-rəssam Kərim Kərimovun siyasi karikatura və
plakat yaradıcılığına olan diqqət və marağın
davamı idi.
Atatürk
mərkəzində baş tutan mərasimi açan
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, millət vəkili Nizami Cəfərov dedi ki,
günbəgün yeniləşən ölkəmizdə
dünyanı düşündürən problemlər həll
edilir, xalqımız dünyanın enerji təhlükəsizliyinin
təminatında fəal iştirak edir. Bu qlobal problemin
çözülməsində Azərbaycanın neftçi
alimlərinin, o cümlədən dünya şöhrətli
geofizik Kərim müəllimin də payı var. Təkcə bunu demək kifayətdir ki,
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsinin
gerçəkləşməsini əfsanə hesab edən
qüvvələrə qarşı qətiyyət
göstərən ulu öndərə Azərbaycanda zəngin
neftli-qazlı yataqlarının varlığı haqqında
ilkin məlumatı Kərim müəllim vermişdir.
Söz yox ki, bu məlumat göydəndüşmə deyildi,
professorun çoxillik gərgin elmi-tədqiqatlarının,
axtarışlarının real nəticəsi idi. Kərim
müəllim həm də siyasi karikaturalar müəllifi kimi
cəmiyyətdə böyük nüfuz
qazanmışdır. Rəssamın sayca yeddinci
kitabı olan "Hiddət və nifrət" kamil
sənətkarın, düşüncə adamının
sənətşünaslıq, insanşünaslıq
toplumudur. İkincisi, bu kitabda Azərbaycanın dərdi var,
insanlığın dərdi var, böyük
vətəndaşın vətəndaşlıq hissi var.
Azərbaycan Neft Akademiyasının prorektoru, professor İmran
Cəfərzadə dedi ki, çağdaş
Azərbaycanımızda Kərim Kərimov yeganə
rəssamdır ki, siyasi karikatura janrında Əzim
Əzimzadənin davamçısıdır. O, eyni zamanda
ilahinin xalqımıza bəxş etdiyi nadir
şəxsiyyətlərdən biridir.
Azərbaycanın xalq rəssamı Arif Hüseynov:
- Dünya
şöhrətli neftçi alim Kərim Kərimov siyasi
karikatura janrında ortaya qoyduğu çoxsaylı
əsərləri ilə peşəkar rəssam olduğunu
hələ yaradıcılığının ilk
çağlarında təsdiqləmiş və
respublikamızın Rəssamlar İttifaqına üzv
qəbul edilmişdir. Lakin
təəssüflə qeyd etmək istəyirəm ki, bu janrda
ardıcıl, məqsədyönlü yaradıcılıqla
məşğul olan yeganə rəssamımız Kərim
Kərimovun çağdaş dünyamızın
problemləri ilə səsləşən əsərləri
lazımi səviyyədə təbliğ olunmur.
Təqdimat
mərasimində Bakı Dövlət Universitetinin prorektoru,
professor İsmayıl Əliyev, akademik Budaq Budaqov, Geologiya
və Geofizika İdarəsinin rəisi Vaqif Abdullayev, professor
Xanhüseyn Kazımlı, professor Fikrət İsmayılov
və başqaları çıxış edərək
Kərim müəllimin neft elmində əldə etdiyi
dəyərli nəticələrdən, siyasi
karikaturalarında böyük sənətkar qabiliyyəti, kamil
düşüncəli rəssamlıq duyumu ilə
yaratdığı tablolarının hər birinin məna
tutumunun dəyərindən söhbət açdılar. Toplantı iştirakçılarının yekdil
qərarı belə oldu ki, professor Kərim Kərimovun
"Hiddət və nifrət" toplumundakı və bundan
əvvəl işıq üzü görmüş albom-kitablarındakı
siyasi karikaturalar bütün dünyada, ələlxüsus
türk dünyası ölkələrində geniş
təbliğ edilməlidir.
Azərbaycan.- 2008.- 6 dekabr.- S. 7.