“O olmasın,
bu olsun” illüstrasiyalar
toplusu çapdan çıxmışdır
AMEA-nın Memarlıq
və İncəsənət İnstitutunun böyük elmi
işçisi, əməkdar incəsənət xadimi,
professor Elturan Avalovun dahi Ü.Hacıbəylinin eyni adlı
operettasına çəkdiyi "O olmasın, bu olsun"
adlı illüstrasiyalardan ibarət toplu işıq
üzü görmüşdür.
E.Avalov 1940-cı
ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetin) memarlıq ixtisasını bitirmişdir.
Azərbaycan Rəssamlar
İttifaqının, Memarlar
İttifaqının, Karikaturaçılar
Cəmiyyətinin üzvüdür.
Azərbaycan ədəbiyyatının
və musiqili teatrın bir çox məşhur obrazlarını əks etdirən onlarla rəsm əsərlərinin
müəllifidir.
Professor
Azərbaycanın memarlıq və incəsənət
məsələlərinə həsr olunmuş 60-dan çox
elmi məqalənin, broşüra və kitabların
müəllifidir. Onun qrafik əsərləri yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində
nümayiş etdirilmiş
və çap olunmuşdur. O, 4 rəsm albom - monoqrafiyanın, o cümlədən "Şuşa şəhərinin
memarlığı" kitabının
müəllifidir.
2005-ci ildə
Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və
Beynəlxalq Əlaqələr Mərkəzinin
təşkilatçılığı ilə rəssamın
Bakıdakı "Azərbaycan dünyası" qalereyasında
təşkil edilmiş Ü.Hacıbəylinin anadan
olmasının 120 illiyinə həsr edilmiş "O
olmasın, bu olsun", "Arşın mal alan və
Elturan" adlı fərdi sərgisi böyük maraq
doğurmuşdur.
Onun əsərləri
Bakının müxtəlif muzeylərində, Moskvadakı
Şərq Xalqları İncəsənəti Dövlət
Muzeyində saxlanılır. Həmçinin
rəsmləri dünyanın
bir sıra ölkələrinin şəxsi
kolleksionerləri tərəfindən
alınmışdır. Professor
E.Avalov 1996-cı ildən bu günə
kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin
"Təsviri incəsənət"
kafedrasının müdiridir,
rəsm və rəngkarlıq fənlərindən
dərs verir.
Rəssamın "O
olmasın, bu olsun" adlı illüstrasiyalar toplusunda
operettaya uyğun maraqlı süjet xətti vardır. Elə bu baxımdan
müəllif illüstrasiyalara
uyğun olaraq gözəl bir cizgi filminin çəkilməsi arzusundadır.
Nəzərə
çatdıraq ki, bundan əvvəl Mədəniyyət
Nazirliyi Üzeyir Hacıbəylinin ev muzeyi ilə birgə
Ü.Hacıbəylinin "O olmasın, bu olsun" -
"Məşədi İbad" operettasının klavirini
ilk dəfə çap etdirmişdir. Həmin
klavirin üz qabığında və içində rəngli formada dərc olunmuş əsərə
aid rəsmlərin müəllifi məhz Elturan Avalovundur.
Rəssam Elturanın
gözü ilə ərsəyə gələn "O
olmasın, bu olsun" adlı illüstrasiyalar toplusu Üzeyir
sənətini sevənlər, o cümlədən uşaqlar
üçün dəyərli töhfədir.
Azərbaycan.- 2008.- 2 dekabr.- S. 6.