Ümumdünya İnsan Haqlarına dair Bəyannamənin 60 illiyinə həsr olunmuş sərgi açılmışdır

 

Dekabrın 10-da İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində BMT-nin Baş Məclisinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş fotoplakat sərgisi açılmışdır.

İsveçrənin Xarici İşlər Federal Departamentinin, həmin ölkənin Azərbaycandakı səfirliyinin və Maqnum Fotoşəkillər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə müxtəlif ölkələrdən fotoqrafların 40-a yaxın əsəri nümayiş etdirilir.

Tədbirdə vurğulanmışdır ki, Bəyannamə 1948-ci il dekabrın 10-da Parisdə imzalanmışdır. Sənədin qəbul edilməsində Amerikanın eks-prezidenti Franklin Ruzveltin həyat yoldaşı Eleanor Ruzveltin müstəsna rolu olmuşdur. BMT-nin Baş Məclisində bu sənədin qəbulu ilə bağlı çıxışında Eleanor Ruzvelt hər bir insanın dünyaya azad gəldiyini və bərabər hüquqlara sahib olduğunu bildirmişdir. O vurğulamışdır ki, bu sənəd insan haqları və azadlıqlarının əsas prinsiplərini əks etdirən bəyannamə kimi qiymətləndirilməlidir.

Açılış mərasimində bildirilmişdir ki, bu gün Bəyannamənin 60 illiyi ilə bağlı Nyu-Yorkda, Cenevrədə BMT-nin Baş Məclisi və qurumun insan haqları üzrə şurasının xüsusi iclası keçiriləcəkdir. BMT-nin baş katibi bu münasibətlə dünya ictiımaiyyətinə müraciət etmiş, bütün ölkələri bu sahədə birgə fəaliyyətə çağırmışdır.

Ümumiyyətlə, insan haqları dünya ölkələrinin qanunlarında öz əksini tapmışdır. Hazırda Bəyannamə 360 dilə tərcümə olunmuşdur.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 3-cü fəsli də bütövlükdə insan hüquq və azadlıqlarına həsr olunmuşdur.

 

Respublika.- 2008.- 11 dekabr.- S. 12.